Məhkəmə qərarları › İş №2-1(112)-4184/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4184/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4184/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, üçüncü şəxs X21 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X35) «əmlak kompleksinə dair qeydin ləğv edilməsi və çıxarışın bərpa olunması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlak kompleksinə dair qeydin ləğv edilməsi və çıxarışın bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 16 dekabr 1989-cu il tarixdə X11 ilə nikaha daxil olmuşdur. X11 20 iyul 2012-ci il tarixdə vəfat etmiş və hazırkı iddiaçı onun qanuni vərəsə kimi tanınmışdır. X1 Qeyri-Standart Avadanlıqların istehsalı "xxxx" İcarə Müəssisəsində həmin müəssisə qeydiyyata alındığı vaxtdan 20 iyul 2012-ci il tarixədək direktor müavini vəzifəsində çalışmış və müəssisə özəlləşdirilən zaman pay sahibi olmuşdur. DƏDRX tərəfindən verilmiş 8 may 2009-cu il tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında istifadədə olan 0.51357 ha torpaq sahəsində yerləşən 4.577 kv.m ümumi, 3.644.5 kv.m. əsas, 932.5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi ümumi birgə mülkiyyət hüququ üzrə X21, X3, X4, X22, X12, X13, X9, X6, X14, X7, X18, X10 adlarına qeydiyyata alınmışdır. Yaxın vaxtlarda evdə təmir işləri aparılan zaman yuxarıda qeyd edilən reyestrdən çıxarışın kserosurəti aşkar edilmişdir. Notariat ofisinə həmin əmlakla bağlı şəhadətnamənin verilməsi üçün müraciət etdikdə bildirilmişdir ki, qeyd edilən sənədin ya əsli, yaxud müvafiq icra orqanından məktub olduğu halda müvafiq şəhadətnamə verilməsi mümkündür. DƏDRX-ə ünvanlanan müraciətə cavab olaraq bildirmişdir ki, 30 mart 2009-cu il tarixli 4Ə-194 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında əmlak kompleksi kimi müəssisənin ona aid hissəsi X11 tərəfindən özgəninkiləşdirilmişdir. DƏDRX tərəfindən verilən məlumata əsasən 30 mart 2009-cu il tarixli 4Ə-194 reyestr nömrəli bağışlanma müqaviləsi Bakı şəhəri 41 saylı notariat ofisində qeydə alınmışdır. Həmin notariat ofisinə müraciətə cavab olaraq bildirilmişdir ki, X3 adından notariat ofisində 30 mart 2009-cu il tarixdə 4Ə-194 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsi rəsmiləşdirilməmişdir. Göründüyü kimi, X1na aid olmuş və hazırda qanuni vərəsə kimi tanındığına görə ona (iddiaçıya) məxsus olmalı sözügedən əmlak onun iradəsindən kənar qanunsuz yolla özgəninkişləşdirilmişdir. İddiaçı hesab edir ki, hər hansı bağışlanma əqdi mövcüd deyil və belə olan halda cavabdeh tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit edilən mülkiyyət hüquqları kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 29-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8-ci maddələrinə, İPM-in 34.1, 58.7-ci maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında istifadədə olan 0.51357 ha sahəsində yerləşən 4.577 kv.m ümumi, 3.644.5 kv.m əsas, 932.5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə dair qeydin ləğv edilməsi və X3 adının əks olunduğu 8 may 2009-cu il tarixli reyestddən çıxarışın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədənm xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı İdarəyə rəsmi qaydada müraciəıti daxil olmamışdır. ünvan 1 ünvanında yerləşən əmlak kcmpleksi kimi müəssisə ilkin olaraq AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 noyabr 2004-cü il tarixli 002819 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında əhadətnaməsinə əsasən X5 və digərlərinin adına özəlləşdirilmişdir. Şəhadətnamə əsasında müvafiq əmlak kompleksi kimi müəssisə (qeyri-standart avadanlıqları istehsalı "xxxx" icarə müəssisəsi) ümumi birgə mülkiyyət hüququ üzrə X21, X5, X4, X22, X12, X15, X9, X6, X14, X7, X18, X10 adına ********** qeydiyyat nömrəsi ilə 8 may 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra X16, X17, X36, X25, X19, X30 və X23 tərəfindən onlara məxsus olmuş hissələr Bakı şəhəri, 41 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 mart 2009-cu il tarixli 4Ə-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X26 bağışlanılmışdır. Hal-hazırda ünvan 1 ünvanında da yerləşən torpaq sahəsi 4.577 kv.m olan əmlak kompleksi kimi müəssisə (qeyri-standart avadanlıqların istehsalı "xxxx" icarə müəssisəsi) (yerləşdiyi 0.46532 ha torpaq sahəsi üzərində mülkiyyət növü – dövlət, hüququn növü – istifadə) X20, X27, X24, X28, X21 ümumi birgə mülkiyyətindədir. Göstərilənlərə və AR Mülki Məcəlləsinin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.3, 23-cü maddələrinə, İPM-in 35, 48-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlməmişlər, üçüncü şəxs gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X35 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı müvafiq daşınmaz əmlaka dair üçüncü şəxs X21 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirir. Lakin nəzərə alınmalıdır ki, inzibati orqan məktubuna əsasən mübahisə obyekti olan əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı müvafiq müqavilə ilə aparılmışdır. Belə olan halda, reyestrdə qeydiyyatın ləğv edilməsi tələbinə müqavilələrin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, bu qəbildən olan mübahisə publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar