Məhkəmə qərarları › İş №2-1(112)-4187/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4187/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4187/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı iddiaçıya 1985 – 2005-ci illər işlədiyi müddət sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, iddiaçı (İddiaçı) ona yaşa görə əmək pensiya təyin olunması üçün DSMF Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etmişdir. DSMF Sosial Ödənişlər Təyinat üzrə Mərkəzi Filialından 13 yanvar 2021-ci il tarixli cavab məktubla ona ümumi iş stajının 9 il 8 ay olmaqla tələb olunan 25 il müddətindən az olduğu üçün pensiya təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin, onun əmək kitabçasında qeyd edilən “Zərif” kooperativinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, orada işlədiyi dövrlərin araşdırılması mümkün olmadığı üçün həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsinin qanunvericiliklə düzgün hesab olunmadığı bildirilmişdir. O, 19 mart 1975-cİ il tarixdən 29 iyun 1978-ci il tarixədək Sumqayıt Yerli İstehsal Kombinatında çalışmış və öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə onun əmək kitabçasında qeyd var və qeyd möhürlə təsdiq edilmişdir. Həmçinin, 22 iyul 1985-ci il tarixdən Azərbaycan SSR “Promqalantereya” Tekstil Fabrikində işə qəbul olunmuş və və 1 aprel 1989-cu il tarixdə “Zərif” kooperativinə köçürülmüş, 1 sentyabr 2005-ci il tarixədək orada işləmişdir. Bu barədə də əmək kitabçasında möhürlə təsdiq edilmiş qeyd var. Bu halı həmçinin onunla birlikdə həmin dövrdə işləmiş iş yoldaşları da təsdiq edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajı təsdiq edən sənədlər və s. təqdim olunur. «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə müvafiq olaraq əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəblərdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə tərəfindən müəyyən edilir. Cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi “Zərif” kooperativinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün iddiaçının orada işlədiyi dövrlərin araşdırılması mümkün olmadığından, həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsinin düzgün olmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edilməlidir ki, zəruri hesab olunan hallarda sənədlərin yerində yoxlanılması ilə bağlı sənədlərin təqdim edilməsinin vətəndaşın üzərinə qoyulması qanunsuz və ədalətsizdir. Göstərilənlərə və İPM-in 14.3, 33, 38, 73.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) 22 iyul 1985-ci il tarixdən “Promqalantereya” Tekstil Fabrikində işə qəbul olunmaqla 1 aprel 1989-cu il tarixdə “Zərif” kooperativinə köçürülərək 1 sentyabr 2005-ci il tarixədək orada işləməyi əmək stajına aid edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilir: - Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi təmin edilməməlidir. Belə ki, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 13 yanvar 2021-ci il tarixli **********7 nömrəli “Əmək pensiyasının təyin olunmasının mümkün olmaması barədə” imtinasına müvafiq olaraq, İddiaçı qanunla tələb edilən sosial sığorta stajına malik olmadığı, həmçinin “Zərif’” kooperativinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı məlum olmadığından həmin dövrlərin də sosial sığorta stajına daxil edilməsinin qanunauyğun olmaması qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası 61 il 06 aydan təyin edilə bilər. Bunun üçün isə, qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (sığorta stajından asılı olmayaraq); 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq 61 il 6 ayda, yəni 13 iyun 2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq o, 19 mart 1975-ci il tarixdən 29 iyun 1978-ci il tarixədək Sumqayıt Yerli İstehsal Kombinatında (03 il 03 ay 10 gün), 22 iyul 1985-ci il tarixdən 1 aprel 1989-cu il tarixədək “Promqalantereya” Tekstil Fabrikində (03 il 08 ay 09 gün) və 3 aprel 1989-cu il tarixdən 1 sentyabr 2005-ci il il tarixədək isə “Zərif” kooperativində (16 il 04 ay 28 gün) işləmişdir. İddiaçı əmək kitabçasına müvafiq olaraq sosial sığorta stajı ümumulikdə 23 il 04 ay 07 gündür. Yuxarıda geyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq 23 il 04 ay 07 gün sosial sığorta stajı olduğundan, onun «Əmək pensiyaları haqqında» AR Qanunun 7-ci maddəsinə müvafiq olaraq hüququnun yarandığı 13 iyun 2020-ci il tarixdə azı 25 il sosial sığorta stajı, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. Göstərilənlərə əsaslanaq, İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsi iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etiraza aşağıdakı məzmunda əlavə təqdim etmişdir: - İddiaçı əmək kitabçasına müvafiq olaraq sosial sığorta stajı ümumulikdə 23 il 04 ay 07 gündür. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Sözügedən Qaydaların 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafig olarag iddiaçının sosial sığorta stajına münasibətdə pensiya kapitalı belə indeksləşdirilməlidir: (24 il x 306 manat) + (306 manat : 12 ay x 04 ay) = 7.344 + 102 = 7.446 manat; 2007-ci il üzrə: 7.446 + 8,3% = 8.064 manat; 2008-ci il üzrə: 8.064 + 16,7% = 9.411 manat; 2009-cu il üzrə: 9.411 + 20,8% = 11.368 manat; 2010-cu il üzrə: 11.368 + 1,5% = 11.539 manat; 2011-ci il üzrə: 11.539 + 5,7% = 12.197 manat; 2012-ci il üzrə: 12.197 + 7,9% = 13.161 manat; 2013-cü İİ üzrə: 13.161 + 1,1% = 13.306 manat; 2014-cü il üzrə: 13.306 + 2,4% = 13.625 manat; 2015-ci il üzrə: 13.625 + 1,4% = 13.816 manat; 2016-cı il üzrə: 13.816 + 4% = 14.369 manat; 2017-ci il üzrə: 14.369 + 12,4% = 16.151 manat; 2018-ci il üzrə: 16.151 + 5,7% = 17.072 manat; 2019-cu il üzrə: 17.072 + 3% = 17.584 manat; 2020-ci il üzrə 17.584 + 16,6% = 20.503 manat. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı ona məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq 23 il 04 ay 07 gün sosial sığorta stajı və 20.503 manat pensiya kapitalı olduğundan, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq hüququnun yarandığı 13 iyun 2020-ci il tarixdə azı 25 il sosial sığorta stajı, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. Göstərilənlərə əsaslanaraq, İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması xahiş edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh DSMF-nin həmin Fondun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh DSMF həmin Fondun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda və etiraza əlavədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. 5 noyabr 2020-ci il tarixdə ərizə ilə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ərizəsinə əmək kitabçasını (surətini) əlavə etməkə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, yəni 28.800 manat pensiya kapitalının qarşılığında 20.503 manat pensiya kapitakı var, sığorta 25 il sosial sığorta stajı toplanmamışdır, yəni əmək kitabçasında qeyd olunan iş illərinin cəmi 23 il 04 ay 07 gün təşkil edir və əmək kitabçasında 1989 – 2005-ci illər üzrə müvafiq qeyd aparılmış “Zərif’” kooperativinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı məlum olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (61 yaş yarım) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. Məhkəmə icraatında iddiaçının ona yaşa görə əmək pensiyasının təyinatını şərtləndirən 28.800 manat pensiya kapitalının qarşılığında 20.505 manat pensiya kapitalının toplanması müəyyən olunur və bu, işin mübahisə olunmayan halıdır. Həmin həcmdə pensiya kapitalı iddiaçıya (yaşı, əmək kitabçası üzrə qeydlər nəzərə alınmaqla) minimum əmək yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının sosial sığorta stajına gəldikdə isə, onun əmək kitabçasında göstərilən qeydlər üzrə iş illəri sığorta stajına daxil edilsə belə, ümumilikdə stajı 25 ildən az təşkil edir. Lakin nəzərə alınmmalıdır ki, iddiaçının əmək kitabçasında əks olunmuş 1989 – 2005-ci illər üzrə “Zərif” kooperativindəki iş stajı həmin qurumun arxiv sənədləri aşkar olunmadığı halda (hansı ki, inzibati icraatda müvafiq tədbir görülmüş və aşkar edilməmişdir), sığorta stajı kimi hesablana bilməz. Həmin müəssisənin fəaliyyət gösrdiyi, lakin iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi halda, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinə görə iddiaçının 1985-ci ildən 2002-ci ilin 1 yanvar tarixinədək olan əmək fəaliyyəti nəzərə alına bilərdi. Lakin qurumun fəaliyyəti barədə ümumiyyətlə məlumat əldə edilmədiyindən, əmək kitabçasındakı qeydlər üzrə sözügedən müvafiq hissədə iş illərinin sığorta stajına daxil edilməməsi qanuna zidd deyil. Odur ki, iddiaçının 25 il sığorta stajı da toplanmış olmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçımn yaşa görə əmək pensiyası hüquqü yaranmamışdır. Odur ki, cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar