Məhkəmə qərarları › İş №2-1(112)-4187/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4187/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4187/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X7 cəlb olunmaqla) “etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində xx.xx.2010-ci il tarixdən halhazıradək qulluqda olduğu dövrləri nəzərə alaraq, etibarlı dövlət qulluğu münasibətlərinin tanınması, dövlət qulluqçusu statusunun və gələcəkdə müsahibədə iştirak etmək hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində 3-cü ərazi şöbəsinin müdir müavini vəzifəsində çalışır. Çalışdığı komitəyə müraciət edərək etibarlı dövlət qulluqçusu münasibətlərinin tanınması üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, etibarlı dövlət qulluqçusu münasibətlərin tanınması üçün aidiyyatı quruma müraciət etməyiniz məqsədəuyğundur. İddiaçı qeyd edir ki, İddiaçı 15 aprel 2010-cu il tarixdə 039/1 k saylı Əmrə əsasən məsləhətçi vəzifəsi üzrə stajçı kimi Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsində qulluğa qəbul olunmuşdur. Komitədə xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində sınaq müddəti keçmiş və xx.xx.2011-ci il tarixdə 181/1 k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq məsləhətçi vəzifəsi daimi dövlət qulluqçusu olaraq fəaliyyətini davam etdirmişdir. Sonrakı tarixlərdə, xx.xx.2012-ci il tairxli 178\ 1 k saylı əmrə əsasən “Dövlət qulluğu haqqında”AR-sının 29.2-ci maddəsinə uyğun olaraq Dövlət Komitəsinin Təbliğat İnformasiya və Analitik Təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cu il tarixdə 150/1 ü saylı Əmrə əsasən “Dövlət qulluğu haqqında” AR Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin təsnifat toplusu”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 noyabr fərmanını rəhbər tutaraq inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olaraq 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cu il tarixdə 151/1 ü saylı Əmrə əsasən Dövlət Komitəsinin 2-ci ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tairxli 019/1 k saylı Əmrə əsasən “Dövlət qulluğu haqqında” AR Qanunun 29.3 və 32-ci maddələrinə uyğun olaraq əvvəlki vəzifə üzrə dövlət qulluğuna xitam verilmişdir və X8 baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016-ci il tairxli 149/1 ü saylı Əmrə əsasən dövlət orqanlarında inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. xx.xx.2017-ci il tarixdə 071/lk saylı Əmrə əsasən “Dövlət qulluğu haqqında” AR Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qulluqda yüksəliş yolu ilə 2-ci ərazi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. xx.xx.2017-ci il tarixdə 102/1 k saylə Əmrə əsasən “Dövlət qulluğu haqqında” AR Qanunun 29.2-ci maddəsinə əsasən 3-cü ərazi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə 117/1 ü saylı Əmrə əsasən dövlət orqanlarında inzibatı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət qulluğunun müşaviri ixisas dərəcəsi verilmişdir. xx.xx.2018ci il tarixdə 164-k saylı Əmrə əsasən Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli 162 -ü nömrəli Əmrə əsasən 3-cü ərazi şöbəsinin (Asiya ölkələrinin) müdir müavini vəzifəsindən 3-cü ərazi şöbəsinin (Asiya, Avtsraliya və Okeaniya ölkələri) müdir müavini - Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli 72-k saylı Əmrə əsasən Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci tarixli 64 nömrəli Əmrə əsasən 4-cu Ərazi ( Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin müdir müavini - Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli 76-k saylı Əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinə əsasən 4-cü Ərazi şöbəsinin ( Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin müdir müavini - Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun müdiri vəzifəsindən 3-cü Ərazi (Amerika ölkələri, Böyük Britaniya və İsrail) şöbəsinin müdir müavini vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin vəzifədə çalışır. Qeyd etdiyi Əmrlərlə təsdiqlənmiş məlumatlar “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmişdir. Yuxarıda qeyd edilən məlumatların reyestrə daxil edildiyi AR X4 müxtəlif vaxtlarda Komitəyə ünvanlandığı məktublarda da öz əksini tapmışdır. Dövlət qulluğunda olduğu müddətdə İddiaçı tutduğu inzibati vəzifəyə uyğun ixtisas dərəcəsi almış, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, ona əlavələr almış və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər və məcburi sosial sığorta haqları ödəmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçusu statusunun verilməsi, başqa vəzifəyə keçirilməyi və ixtisas dərəcəsinin verilməsi ilə bağlı inzibati aktlar həm qulluq keçdiyi orqan, həm də dövlət qulluğuna qəbulu həyata keçirən orqan, o cümlədən Mərkəz tərəfindən mübahisələndirilməmişdir. Belə ki, bütün məlumatlar Reyestrə daxil edilmiş və reyestri aparan orqanın məlumatı olmuşdur. Heç bir inzibati akt mübahisələndirilməmişdir. İddiaçı dövlət qulluğuna daxil olarkən and içmiş və qulluğa başlamışdır. 15 aprel 2010-cu il tarixdə 039/1 k saylı əmrə əsasən məsləhətçi vəzifəsi üzrə stajçı kimi Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsində qulluğa qəbul olunmasından və xx.xx.2011-ci il tarixdə İnzibati Orqanın rəhbərinin 181/lk saylı əmrə əsasən məsləhətçi vəzifəsinə təyin edilməyi əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, inzibati icraat haqqında qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtlənirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçı isə Komitədə 12 il inzibati vəzifədə qulluq keçmiş və dövlət qulluğu haqqında qanunda göstərilən təminat və məhdudiyyətlər xidmət illərində ona da şamil edilmiş və müvafiq ixtisas dərəcələri verilmişdir. Həmçinin DİM və həmin funksiyanı həyata keçirən əvvəlki qurum da İddiaçı 15 aprel 2010-cu ildən dövlət qulluğuna qəbul olunduğunu bildikləri halda buna dair heç bir reaksiya (işə qəbul edilməyi barədə inzibati aktın ləğv edilməsini tələb etmək) verməmişdir. Qeyd olunan halın üzərindən 12 il müddət keçmişdir. Dövlət qulluğunda çalışdığı 12 il müddət, İddiaçı mübahisəsiz qaydada hüquq münasibətlərində dövlət qulluqçusu olmağının göstəricisidir. Digər tərəfdən inzibati orqanın ( Komitə) İddiaçı ilə işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd edilən inzibati aktlar mövcuddur. Eyni zamanda işçi ilə işəgötürən arasında 12 illik müddət ərzində işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqlarından tutulmalar, sosial sığorta ödənişləri və s) barədə çoxsaylı inzibati aktlar qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 12 il ərzində istər inzibati orqanın özü, istərsə də dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurum, istərsə də Mərkəz tərəfindən, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmişdir və həmin inzibati aktlar ləğv edilməmişdir. Belə ki, dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurumun və DİM-in İddiaçı 2010-cu il aprel ayından inzibati vəzifədə qulluq keçməyini bilməsini təsdiq edən hal kimi xx.xx.2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nı göstərmək olar. Əlavə olaraq, qulluğa qəbul edildiyi vaxtdan etibarən barəsində olan məlumatlar, o cümlədən dövlət qulluğuna qəbul, başqa vəzifəyə keçirilmə və müvafiq ixtisas dərəcələrinin verilməsi barədə aktlar Reyestrə daxil edilmişdir. Bu məlumatların qanuniliyi dövlət qulluqçularının reyestrini aparan dövlət orqanı (DİM) tərəfindən tanınmış, həmin məlumatlar DİM tərəfindən Reyestrdə təsdiq edilmiş və reyestrə daxil edilmişdir. 2017- 2018-ci illər ərzində DİM tərəfindən Komitəyə daxil olan məktublarda qeyd olunmuşdur ki, İddiaçı dövlət qulluğuna qəbul olunarkən qanunvericiliyinin tələbləri pozulmuşdur, bu səbəbdən Komitə tərəfindən məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı qeyd edir ki, 2011-2022-ci illər tarixlərində və hal-hazıradək İddiaçı Komitədə qulluq keçməsi adları qeyd olunan dövlət orqanlarına məlum olmuşdur və həmin illər boyunca Reyestrdə mütamadi olaraq məlumatlar yenilənmişdir. Göründüyü kimi, İddiaçı ilə inzibati orqan arasında publik hüquq münasibətlər olmuşdur və inzibati orqanla aralarında olan publik münasibətlər tanınmalıdır (müəyyən edilməlidir). İddiaçı həmçinin qeyd edir ki, diasporlarla iş sahəsi çox spesifik sahə olduğundan və bu sahədə sırf mütəxəssislər yetişdirən ali təhsil ocaqlarının olmamasını nəzərə almağınızı xahiş edirəm. İddiaçı təhsilini dövlət xətti ilə xaricdə almış, diaspor sahəsində kifayət qədər bilik və təcrübəyə malik, öz işinin peşakarı olan əməkdaşdır. Bu hal onun Komitədə qulluqda olduğu vaxtlarda vəzifə üzrə yüksəlişinin və heç bir tənbeh tədbirinin almamasının aşkar ifadəsidir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1, 17.1, 17.3-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası X7 iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Beləliklə, iddiaçı xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsində məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Əlavə olaraq bildirir ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən, eyni məsələ ilə bağlı 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar da öz əksini tapmışdır. Mərkəz tərəfindən iddiaçının hazırda işlədiyi cavabdeh orqana da eyniməzmunlu məktublar göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. İddiaçı barədə məlumatlar hazırda qulluq keçdiyi orqan tərəfindən Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. X7 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Həmin Komissiya ləğv edildiyi və X3 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya təqdim edilib-edilməməsi, edildiyi halda nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyri-qanuni təyin edilməsi faktı baş vermişdir. Nəzərə alınsa ki, Mərkəz iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsindən sonra - 2016-cı ildə yaranmış və həmin ilin sonlarında fəaliyyətə başlamışdır, təbii ki, bu hal iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi 2010-cu ildə məsələnin Mərkəz tərəfindən mübahisələndirilməsini istina edir. Digər bir tərəfdən, dövlət qulluğuna qəbul edilmə ilə bağlı müvafiq akt Mərkəz tərəfindən deyil, dövlət orqanı tərəfindən qəbul edilir və dövlət qulluğuna xitam verilmə də məhz dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan, İddiaçının İnzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edilməsi barədə Mərkəzdə nə vaxt məlumatın olması əslində inzibati iş üçün heç bir əhəmiyyət kəsb etmir. İddiaçının digər tələbinə dair bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü — yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında İnzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Qeyd edilən vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qeyd edilən normalardan da göründüyü kimi, dövlət orqanlarında daha yüksək vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi və daxili müsahibələrdə iştirak etmək üçün dövlət qulluqçusu, eyni zamanda, dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı xx.xx.2010-cu il tarixdən məhkəmə qərarı çıxarıldığı tarixədək dövlət qulluqçusu stajının müəyyən olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə “İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarıldığı tarixədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətin in mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən Komitədə dövlət qulluğuna qəbul edilmiş və hal-hazırda 3-cü Ərazi şöbəsinin (Amerika ölkələri, Böyük Britaniya və israil) müdir müavini vəzifəsini icra edir. İddiaçı diasporla iş sahəsindəki təcrübəsini və biliyini nəzərə alaraq Komitədə fəaliyyətini davam etdirməsi tərəfimizdən məqsədəmüvafıq hesab edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması və “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”nə nəzarətin DİM tərəfindən həyata keçirildiyi, o cümlədən Komitəyə qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilmiş şəxslərlə bağlı DİM tərəfindən ünvanlanan məktubların konkret şəxslərə aid olduğu və konfidensial xarakter daşıdığını nəzərə alaraq, məlumatların əldə edilməsi ilə bağlı həmin quruma, həmçinin İddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin və dövlət qulluqçusu statusunun tanınması üçün aidiyyəti qurumlara müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində təqdim edilmiş sənədlər aşağıdakılardan ibarətdir: -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2010-cu il tarixli, 039/1k saylı əmrinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinə məsləhətçi vəzifəsi üzrə stajçı kimi təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2011-ci il tarixli, 058/1k saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinə məsləhətçi vəzifəsiə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2011-ci il tarixli, 181/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-1-ci maddəsinə uyğun olaraq Təbliğat, informasiya və analitik təhlil şöbəsinə daimi dövlət qulluğuna qəbul edilməklə məsləhətçi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2012-ci il tarixli, 178/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddəsinə uyğun olaraq Təbliğat, informasiya və analitik təhlil şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. -AR Diasporla iş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlində edilən dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2013-cü il tarixli, 151/1ü nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1, 32 və 33.1.1-ci maddəsinə uyğun olaraq 2-ci ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -AR Diasporla iş üzrə Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 019/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3, 32-ci maddəsinə uyğun olaraq 2016-cı il 16 fevral tarixindən X8 baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -AR Diasporla iş üzrə Dövlət Komitəsi şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə ştat cədvəlində edilən dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 077/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1, 29.2 və 29.2.3-cü maddəsinə uyğun olaraq 2-ci ərazi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. -AR Diasporla iş üzrə Dövlət Komitəsi şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə ştat cədvəlində edilən dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 102/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1, 29.2-ci maddəsinə uyğun olaraq 3-cü ərazi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2018-ci il tarixli, 164-k nömrəli əmrinə əsasən İddiaçı 3-cü ərazi şöbəsinin (Asiya ölkələrinin) müdir müavini vəzifəsindən 3-cü ərazi şöbəsinin (Asiya, Avtsraliya və Okeaniya ölkələri) müdir müavini - Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2020-ci il tarixli, 72-k nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci tarixli 64 nömrəli Əmrə əsasən 4-cu Ərazi ( Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin müdir müavini - Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun müdiri vəzifəsinə keçirilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2021-ci il tarixli 76-k saylı əmrə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinə əsasən 4-cü Ərazi şöbəsinin ( Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin müdir müavini - Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun müdiri vəzifəsindən 3-cü Ərazi (Amerika ölkələri, Böyük Britaniya və İsrail) şöbəsinin müdir müavini vəzifəsinə keçirilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 29 mart 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Komitə Aparatının İİ Ərazi şöbəsinin (Amerika, Böyük Britaniya və İsrail) müdir müavini-sektor müdiri vəzifəsində dövlət qulluqçusu keçən İddiaçı inzibati işilə bağlı heç bir etirazı yoxdur. -Azərbaycan Rerspublikası X7 tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələrdə....X2 dövlət qulluğuna qanunvericiliyin tələbləri pozulmaqla birbaşa qəbul edilmələri barədə onların çalışdıqları dövlət orqanına X7 tərəfindən 2017-ci ilin noyabr ayında məlumat verilmişdir. Dövlət orqanı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbir görmədiyindən X7 əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış... 01/xx-xx/1699 nömrəli xx.xx.2018-ci il tarixli məktubda İddiaçı barədə müvafiq məlumatlar təqdim etmişdir. -Azərbaycan Rerspublikası X7 tərəfindən məhkəmənin İddiaçı haqqında məlumatların ilk dəfə dövlət qulluqçularının reyestrinə hansı vaxtdan daxil edilməsinə dair məlumatın təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 2017-ci ilin fevral ayında “Dövlət qulluqçularının Reyestri" informasiya sistemi X7 tərəfindən əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyadan təhvil alınarkən məlum olmuşdur ki, həmin dövrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən Reyestrə ilk dəfə daxil edilməsi tarixinin qeydiyyatı imkanı mövcud olmamışdır. İddiaçı 2017-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyinə görə onun barəsində məlumatların müvafiq dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri" informasiya sisteminə ilk dəfə nə zaman daxil edilməsi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. -Azərbaycan Respublikası X7 tərəfindən verilən 28 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 5-ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X7 tərəfindən birgə aparılır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Nəzərinizə çatdırırıq ki, X7 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda adı çəkilən Qaydaların tələbinə görə qulluq keçdiyi orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya ləğv edildiyi və X7 sözügedən Komissiyanın hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi üçün müvafiq sənədlərin ləğv edilmiş Komissiyaya nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Əlavə olaraq bildiririk ki, iddiaçının dövlət qulluğu vəzifəsinə təyinatı və onun barəsində məlumatların qulluq keçdiyi orqan tərəfindən Dövlət Reyestrinə ilk dəfə daxil edilməsi haqqında həmin orqanın məktubunun ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyaya göndərilməsi ilə bağlı onun qulluq keçdiyi orqandan məlumatın əldə edilməsi mümkündür. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən verilən 13 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 3-cü bəndində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərlərinə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilmişdir. Bununla əlaqədar olaraq Komitənin xx.xx.2011-ci il tarixli 049/1 ü nömrəli-əmri ilə Komitənin Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin əməkdaşı dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilən məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə təqdim edilməsi üçün təyin edilmişdir. Eyni zamanda, Komitənin xx.xx.2012-cj il tarixli 684/5-7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Prezidenti Yanında X5 üzrə Komissiyaya müraciət olunmuşdur. Məktubda Komitədə çalışan dövlət qulluqçuları haqqında məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanlarına hər ay rəsmi məlumat verildiyi, o cümlədən Komitədə kompüterlərin yenilənməsi ilə əlaqədar xüsusi proqramın (Sinam) yenidən yüklənilməsi zərurətinin yarandığı, Komitənin müvafiq şöbəsinin kompüterində xüsusi proqramın yenidən yüklənilməsi və məlumat bazasının bərpa edilməsi ilə bağlı köməklik edilməsi xahiş olunmuşdur. Sonralar Komitənin xx.xx.2015-ci il tarixli 051/1 ü nömrəli əmri, ilə Komitənin Hüquqi təminat, ümumi və kadrlar şöbəsinin digər əməkdaşı “Dövlət Qulluqçularının Reyestrinin aparılması üzrə məsul şəxs” təyin edilmiş və məlumatlar mütəmadi Reyestrə işlənilmişdir. Reyestrdə məlumatların hansı tarixdə daxil edilməsi ilə bağlı məlumatverici funksiyanın olmamasına baxmayaraq, yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Komitənin İİİ Ərazi (Amerika ölkələri, Böyük Britaniya və israil) şöbəsinin müdir müavini İddiaçı dair məlumatların həmin tarixlərdə Reyestrə işlənilməsi aydın olur. Qeyd olunan məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissuyaya ünvanlanan 26 dekabr 2012-ci il tarixli məktubdan görünür ki, Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 2006-ci il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarına əsas olaraq Komitədə çalışan dövlət qulluqçuları haqqında məlumatlarda baş vermiş dəyişiklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanlarına (Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiya) hər ay rəsmi məlumat verilirdi. Kompüterlərinin yeniləşməsi ilə əlaqədar xüsusi proqramın (Sinam) yenidən yüklənilməsi zərurəti yaranmışdır. Dövlət Komitəsinin müvafiq şöbəsinin kompüterinə xüsusi proqramın yenidən yüklənilməsində və məlumat bazasının bərpa edilməsində köməklik edilməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. -DİM tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 01/xx-xx/1323 nömrəli xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən X7 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, 01 yanvar 2008-ei il tarixdən etibarən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 97 nəfərin, 01 iyul 2010-cu il tarixdən etibarən məhkəmə orqanları tərəfindən 13 nəfərin dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Həmin şəxslərin adlı siyahısı və dövlət orqanları üzrə sayı təqdim edilmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, dövlət qulluqçularının reyestrinə daxil edilmiş, işlədiyi dövrdə dövlət qulluqçusunun hüquq və təminatlarından istifadə etmiş, ixtisas dərəcələri almış, vəzifələr daşımışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2015ci il tarixdən onun barəsində məlumatlar Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 039/1k nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 039/1k nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçının barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatların ilk dəfə 2015-ci ildə daxil edildiyi nəzərə alınarsa Dövlət Reyestrini aparan dövlət qurumu (keçmiş DQMK, hazırkı Azərbaycan Respublikasının X7) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2015-ci ildə məlum idi və 2015-ci ildən başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2010-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlar əldə etmiş, müvafiq reyestrə daxil edilmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayırdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 12 ildən artıq çalışır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr alır, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə edir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X7 tərəfindən aparılır. Həmin Qaydaların 11-ci bəndinə əsasən Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz. Həmin Qaydaların 12-ci bəndinə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan günədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan tarixədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar