Məhkəmə qərarları › İş №2-1(112)-4189/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4189/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4189/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 və “X21” MTK üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X21” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 01-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust 2006-cı il tarixdə “X21” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 01-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçıya verilmişdir. Həmin tarixdə “X21” MTK-nın sədri Hikmət Yigitdöllə mənzil müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən “X21” MTK-ya həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Buna görə də “X21” MTK tərəfindən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsi və ona heç bir borcunun olmaması barədə 22 avqust 2006-cı il tarixdə ona maliyyə arayışı verilmişdir. Bundan sonra mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi məqsədilə bütün lazımi sənədləri əlavə etməklə Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2- 1(82)4488/2017 nömrəli qərarı ilə, iddia tələbi təmin edilərək, “X21” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 01-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin (hazırda 1 saylı Bakı Ərazi İdarəsi) 21.11.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2-1(82)4488/2017 nömrəli qərarı Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (RX №1159878) məktuba əlavə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2- 1(82)4488/2017 nömrəli qərardadı ilə, hazırkı iş üzrə X2 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 mart 2020-ci il tarixli, 2- 1(103)843/2020 nömrəli qərardadı ilə, ərizəçi X2 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)4488/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2- 1(102)1556/2020 nömrəli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(103)843/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2- 1(103)1911/2020 nömrəli qərardadı ilə, ərizəçi X7 tərəfindən verilmiş şikayət təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2- 1(82)4488/2017 nömrəli qərardadı ləğv olunmuş, X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2-1(82)4488/2017 nömrəli qərar ləğv olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “çıxarışın verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Təkrar məhkəmə baxışı zamanı, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)4189/2021 nömrəli qərardadı ilə, “X21” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs “X21” MTK məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və üçüncü şəxs nümayəndəsinin gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 isə növbəti dəfə məhkəməyə müraciət edərək, digər məhkəmə prosesi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxs “X21” MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, təmsil etdiyi qurum tərəfindən imtina məktubunun dəlillərinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından, iddiaçının mənzilinin yerləşdiyi binanın istismara qəbul aktı mövcud olmadığı üçün həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs “X21” MTK-nın nümayəndəsi Hikmət Yigitdöl və vəkili X9 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X21” MTK ilə İddiaçı arasında bağlanmış 22.08.2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 01-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin qeyriyaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür; 22.08.2006-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A blokunun 01-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Qeyri-yaşayış sahəsinin pay dəyəri 700.000,00 (yeddi yüz min) AZN təşkil edir; “X21” MTK ilə X7 arasında bağlanmış 19.12.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A1 blokunda 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m., 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m., 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m., 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m. təşkil edir. Kooperativ payçıya həmin qeyri-yaşayış sahəsinin verilməsini, payçı ilə həmin qeyriyaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 04 oktyabr 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli məktubundan görünür ki, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibinə daxil olan və dövlət reyestrində qeydiyyata alınmış 1 (bir) ədəd mənzilə (X4 adına), 2 (iki) ədəd - ümumi sahəsi 122,1 kv.m və 203,1 kv.m. olan qeyri-yaşayış sahəsinə (müvafiq olaraq X1 və İddiaçı adına) dair sənədlər məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “X21” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktı Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “X21” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 01-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.12.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.13.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X5 Görülməsi və X8 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzilin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olan mənzilin də daxil edildiyi binanın istismara qəbul aktı təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 və “X21” MTK üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar