Məhkəmə qərarları › İş №2-1(112)-419/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-419/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-419/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı ödənilməmiş pul məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Maliyyə Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən baş əməliyyat müvəkkili vəzifəsindən kapitan rütbəsi ilə öz xahişi ilə xidmətdən azad olunmağına görə 1996-cı ildə ala bilmədiyi son haqq hesab pulunun, Nazirlər Kabinetinin 20.04.2020-ci il tarixli 73 nömrəli Qərarın 1 nömrəli əlavəsinin 8-ci bəndinin “b” yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylıq miqdarında xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində xidmət dövrü imtiyazsız 9 il 1 ay 27 gün olduğundan hesablanaraq ona ödənilməsi, DİN-in Baş Plan İdarəsi tərəfindən hesablanmış 2 aylıq maaş miqdarı 30 manat 38 qəpik yuxarıda göstərilən əlavələrlə üzərinə gəlinərək bugünkü ekvivalentlərlə hesablanaraq, hal-hazırda həmin xidmətdə çalışan əməkdaşların aylıq maaşları miqdarında hesablanaraq ona ödənilməsi barədə qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək son haqq-hesab pulunun bugünki həmin vəzifədə xidmət edən polis zabitlərinin əmək haqları miqdarında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Bakı Qarnizonunda baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 1996-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur və son haqq-hesab pulunu almamışdır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Maliyyə Plan İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona göndərilən cavab məktubunda göstərilmişdir ki, o dövr üçün onun vəzifə maaşına 9 manat 90 qəpik, rütbə maaşı 5 manat 28 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarın 1 nömrəli əlavəsinin 8-ci bəndinin “b” yarımbəndinə əsasən vəzifə və rütbə maaşları 2 aylıq miqdarında 30 manat 38 qəpik məbləğində ödəniş hesablanaraq vəsaiti etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsinə ödəniş edə biləcəyini bildirmişlər. Lakin 1996-cı ildən bugünə kimi 23 il keçən bir vaxta dəfələrlə devolvasiya olsa da DİN-nin Baş Maliyyə İdarəsi tərəfindən bunları nəzərə alınmamışdır. Hal-hazırda həmin məbləğ, bugün DİN-nin baş əməliyyat müvəkkili vəzifəsində onun kimi xidmət etmiş əməkdaşların xidmət aylıq maaşları üzrə hesablanaraq qeyd olunan dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində ödənişdə əlavə olunaraq hesablanıb ona ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi Şəxsi Heyətlə İş İdarəsinin iddiaçıya ünvanladığı 077-35965/5Ə №-li, 16.11.2019-cu il tarixli məktubundan görünür ki, xidmətdən xaric olunduğu 1996-cı il tarixində onun xidməti illərini təqvimi hesablama ilə 9 il 1 ay 27 gün, vəzifə maaşı 9 manat 90 qəpik, rütbə maaşı 5 manat 28 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylığı miqdarında 30 manat 38 qəpik məbləğində (xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində) ödəniş hesablanmışdır. Vəsaiti etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X1 müraciət etməklə ala bilər, və yaxud həmin məbləğ göstərəcəyi bank hesabına köcürülə bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı 022/29-7089-1220 №-li, 05.08.2020-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı xidmətkeçmə siyahısından görünür ki, Mehdi Əmirəliyev 28.03.1987-ci ildən daxili işlər orqanlarına xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 839 №-li, 20.05.96-cı il tarixli əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla 4-cü maddənin “e” bəndinə əsasən (öz xahişinə görə) xidmətdən xaric edilmişdir. 20.05.1996-cı ilə xidmət təqvimi 13 il 6 ay 8 gün, güzəştli 18 il 7 ay 14 gün. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmət etmiş və 20.05.1996-cı il tarixdə öz xahişi ilə xidmətdən xaric edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək öz xahişi ilə xidmətdən azad olunmağına görə 1996-cı ildə ala bilmədiyi son haqq hesab pulunun ona ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xidmətdən xaric olunduğu 1996-cı il tarixində onun xidməti illərini təqvimi hesablama ilə 9 il 1 ay 27 gün, vəzifə maaşı 9 manat 90 qəpik, rütbə maaşı 5 manat 28 qəpik təşkil etdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylığı miqdarında 30 manat 38 qəpik məbləğində (xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində) ödəniş hesablandığını, həmin vəsaiti etibarnamə əsasında səlahiyyətli nümayəndəsinin Bakı şəhər Baş Polis İdarəsinin X1 müraciət etməklə ala bilməsini və yaxud həmin məbləği göstərəcəyi bank hesabına köcürülə biləcəyini bildirmişdir. İddiaçı isə cavabdeh inzibati orqanın həmin cavabı ilə razılaşmayaraq son haqq-hesab pulunun bugünki həmin vəzifədə xidmət edən polis zabitlərinin əmək haqları miqdarında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. - 144-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək müqaviləsinə xitam verilən zaman işçiyə son haqq hesab ödənilməlidir və bu son haqq hesaba istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr daxildir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: - 35-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. - 38-ci maddəsinin 9-cu bəndinin tələblərinə görə polis əməkdaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məzuniyyət verilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinin tələblərinə görə daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”n 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının xidmətdən təxris edilən zaman ona son haqq hesabın cavabdeh inzibati orqan tərəfindən ödənilməməsi işin mübahisəsiz haldır və cavabdeh inzibati orqan həmin məbləğin ödənilməsindən imtina etməmişdir. İddiaçı ona verilməli olan son haqq hesabın məbləği ilə razı deyil və ona həmin məbləğin hazırda təxris olunduğu vəzifəyə uyğun xidmət edən polis əməkdaşının əmək haqqına uyğun hesablanaraq ödənilməsini tələb edir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı hazırki iddiasında tələb etdiyi son haqq hesab məbləğini təxris olunduğu dövrdə, yəni 1996-cı ildə almaq hüququna malik olumuş və bununla bağlı ona hər hansı maneə qoyulmamışdır. Digər tərəfdən onun vaxtında bu hüquqdan istifadə etməməsi cavabdeh inzibati orqanın iradəsi və ya hər hansı hərəkətindən asılı deyildir. Belə olan halda İddiaçı ona ödənilməli son haqq hesab məbləğini tutduğu sonuncu vəzifəsinin bu günkü əmək haqqında uyğun şəkildə hesablanmasını tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı 1996-cı ildə ala bilmədiyi son haqq hesab məbləğinin indeksləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin əsasının və predmetinin dəyişdirilməsi ilə bağlı ona müvafiq tövsiyənin verilməsini məqsədə müvafiq saymamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətdən xaric olunduğu 1996-cı ildə işlədiyi vəzifənin maaşına uyğun son haqq hesab hesablandığından və həmin məbləğin ödənilməsindən imtina edilmədiyindən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar