Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4190/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı direktoru Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə hesablanmış 5.751,14 manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və artıq ödənilmiş 8.512,60 manat verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də “xxxx” MMC olmuşdur. 22.10.2018-ci il tarixdə Ukrayna Respublikasından ilk və son dəfə idxal etdiyi mebel olan yuku Gömrükdən keçirib satışa çıxartdıqdan sonra qazanc az olduğuna görə qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırsın və 20.11.2018-cil tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. 22.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 11.060,43 manat artıq ödəniş etmişdir. 21.08.2019-cu il və 13.09.2019cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. 29.11.2019-cu il tarixdə artıq ödəmələr silinmiş, bununla yanaşı 5.738,09 manat borc bildirişi göndərilmişdir. 06.09.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 2.409,82 manat pul silinmişdir. Təqdim etdiyi sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silmişdir. Bakı şəhəri LGBİ tərəfindən 5.751,14 manat vergi borcunun hesablanması qanunsuz və əsassız hesab edilərək həmin vergi borcu silinməli və artıq ödənilmiş vergi qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablamalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 06.08.2019-cu il tarixli **********370100 nömrəli, 06.11.2019-cu il tarixli **********457000 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 13002,29 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 28.11.2019-cu il tarixli **********239500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçının iddia ərizəsində qeyd edildiyi kimi vergi ödəyicisi tərəfindən 20.11.2018-ci il tarixdə fəaliyyətin dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət edilmişdir. Fəaliyyətin dayandırılması barədə arayışda vergi ödəyicisi fəaliyyətini dayandırdığı tarixə mövcud mal qalığı 0 olaraq qeyd etmişdir. Başqa sözlə, iddiaçı fəaliyyətini dayandırdığı dövrdə mal qalığı olmadığını bəyan etmişdir. Odur ki, yük-gömrük bəyannamələrinə əsasən 2018-ci ildə vergi ödəyicisi tərəfindən 61566,81 manat məbləğində malların (hamam üçün mebel dəstləri) idxal olunduğu öz təsdiqini tapmasına baxmayaraq, fəaliyyətin dayandırılması barədə arayışda vergi ödəyicisinin mal qalığının olmadığını bəyan etməsi vergidən yayınma faktını birmənalı şəkildə təsdiq edir (yük gömrük bəyannamələri etiraza əlavə olunur). Vergi ödəyicisinin vergi orqanında uçota alınmış obyektinin mövcud olmaması, bu səbəbdən idxal edilmiş malların saxlanılmasının qeyri-mümkün olması malların idxal edildikdən dərhal sonra təqdim edildiyi barədə nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsini də vergi orqanına təqdim etmədiyindən sözügedən dövrə münasibətdə vergi orqanı tərəfindən kameral qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş kameral qərarın mübahisələndirilməməsi 2018-ci il üzrə vergiyə cəlb olunan dövriyyənin vergi ödəyicisi tərəfindən qəbul edildiyini təsdiq edir. Belə ola halda vergi ödəyicisi gəlirinin olduğunu qəbul edirsə, həmin dövriyyənin ƏDV-yə cəlb edilməsini nə üçün mübahisələndirdiyi aydın deyildir. Malların idxal olunduğu işin mübahisəsiz halı olduğu halda, həmin mallar barəsində vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamədə məlumatların olmaması idxal olunan malların təqdim edilməsi barədə açıq-aşkar nəticəyə gəlməyə səbəb olur. Belə ki, malların idxalının birmənalı şəkildə təsdiq olunduğu nəzərə alınarsa, həmin mallar ya təqdim edilərək bəyannamədə göstərməli, ya da mal qalığı kimi vergi ödəyicisinin mənfəət vergi bəyannaməsinin 01 saylı Əlavəsində öz təsdiqini tapmalıdır. Odur ki, iddiaçı tərəfindən yuxarıda qed edilən hallar barəsində izahat, o cümlədən idxal olunmuş malların aqibəti barəsində məlumatla və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyindən həmin malların təqdim edildiyi hesab edilərək, ƏDV vergisinə cəlb edilməsi əsaslı və qanunidir. İddiaçının tələbinin digər hissəsi –artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə etirazın təqdim olunduğu tarixə artıq ödəməsi olmamaqla yanaşı, 4.489,69 manat qalıq vergi borcu və 1.587,64 manat faiz borcu mövcuddur. Odur ki, iddiaçı mövcud olmayan artıq ödəməyə münasibətdə vergi orqanı tərəfindən hər hansı hərəkətlərin edilməsini tələb etməkdə haqlı deyildir. İşin hallarından da göründüyü kimi artıq ödəmənin yaranması üçün mübahisələndirilən qərarın ləğvi tələb olunur. Yalnız sözügedən qərar ləğv edildikdən və iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə yarandıqdan sonra artıq ödəmənin qaytarılması ilə bağlı rəy verilməsi məqsədilə müəyyən edilmiş tələblərə əməl edilməklə vergi orqanına müraciət olunması tələb olunur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddia tələbinin –“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.11.2019-cu il tarixli **********239500 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilməməsi, digər-artıq ödənilmiş vergilərin müəssisəyə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində isə mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin –“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.11.2019-cu il tarixli **********239500 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilməməsi, digər-artıq ödənilmiş vergilərin müəssisəyə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində isə mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia Bakı şəhəri LGBİ-nin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan İddiaçı MMC-nin təsis sənədlərindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 21.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi X2r. İddiaçı MMC-nin direktoru X4 15.11.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə ərizə ilə müraciət edərək, 21.10.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Yük-gömrük bəyannamələrindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 23.10.2018-ci il tarixdə ümumilikdə 61.566,81 manat məbləğində mallar (hamam üçün mebel dəstləri) idxal olunmuşdur. Bakı şəhəri LGD tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda göstərilmişdir ki, 20.11.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyətinin 20.11.2018-ci il tarixdən 20.11.2023-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə 2018-ci ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, cəmiyyət tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2.407,83 manat məbləğində mənfəət vergisi hesablanmış və buna dair cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********700400 № li 06.09.2019-cu il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə dekabr 2018-ci ilin əlavə dəyər vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, cəmiyyət tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 13.002,29 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və buna dair cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 № li 28.11.2019-cu il tarixli qərar qəbul edilmişdir. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 37-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə hesab edir ki, cavabddehin **********239500 № li 28.11.2019-cu il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə (01.01.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud (166.1.1.); malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda (166.1.2.). Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 22.10.2018-ci il tarixdə ölkəyə mallar idxal edildiyi halda müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə göstərilməmiş, mənfəət vergisi bəyannaməsi təqdim olunmamış, eyni zamanda uçot-baza məlumatlarına əsasən iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablamalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 06.08.2019-cu il tarixli **********370100 nömrəli, 06.11.2019-cu il tarixli **********457000 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilsə də, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri vergi orqanına təqdim etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsini də vergi orqanına təqdim etmədiyindən sözügedən dövrə münasibətdə vergi orqanı tərəfindən kameral qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş kameral qərarın mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4190/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4190/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver