Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4191/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mənzilə mülkiyyət hüququnun qeydə alınması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin, 9 «V» saylı mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, ev 3, mənzil 9 «V» üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilə kimi Bakı Ət Kombinatında (Açıq Tipli "xxxx" Səhmdar Cəmiyyətində) əvvəllər çilingər, sonra isə soyuducu sexində yükləyici işləmişdir. Bakı Ət Kombinatı Həmkarlar Komitəsi və Kombinatın rəhbərliyinin 18 may 1981-ci il tarixli 27 saylı protokoluna əsasən ona ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzili verilmişdir. Həmin mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 44,4 kv. metrdir. O, 1981-ci ildən bu günə kimi, yəni 42 ildir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 183 saylı Sərəncamına əsasən həmin mənzil ailə tərkibi 6 nəfər olmaqla iddiaçının daimi istifadəsinə verilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Həmin mənzilə Nərimanov rayon 18 saylı MKİS-lə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 001 saylı kirayə müqaviləsi bağlanmışdır. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2-2143/2008 saylı xx.xx.2007- ci il tarixli qətnaməsinə əsasən iddiaçı və onun ailə üzvləri həmin mənzilə qeydiyyata alınmışlar. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh bunu etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 183 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 2 otaqlı olmaqla faktiki ümumi sahəsinin 38,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Bakı Ət Kombinatının Həmkarlar Komitəsi, rəhbərliyi və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1990-cı il tarixli, 17 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 3 oğlu və qızı) mənzil uçotuna götürülməsi qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 183 saylı Sərəncamı ilə Bakı şəhəri, Bakı Ət Kombinatı küçəsi, 3 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 33,5 kv.metr, ümumi sahəsi 44,4 kv.metr olan 9v nömrəli mənzili ailə tərkibi 6 nəfər (özü, 3 oğlu, qızı və gəlini) olmaqla iddiaçının daimi istifadəsinə verilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı ilə Nərimanov rayon 18 saylı MKİS arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 nömrəli Ümumi təyinatlı yaşayış sahələrinin kirayəsi müqaviləsinə əsasən ilə Bakı şəhəri, Bakı Ət Kombinatı küçəsi, 3 nömrəli evin, 9V nömrəli mənzili iddiaçının istifadəsinə verilmişdir. X10, X2, X7, X12 və X4 notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinə əsasən onlar ünvan 1 ünvanında yerləşən 9v saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 dekabr 2007-ci il tarixli, N-2- 2143/2008 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X3rşı qeydiyyata alınma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və onun ailə üzvləri: həyat yoldaşı X5, oğlu X10, gəlini X1, qızı X7, oğlanları X12 və X4 Bakı şəhəri, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzilinə qeydiyyata alınmaları qət edilmişdir. 18 saylı MKİS-nin 18/803 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı, X10, X2, X7, X12 və X11 2008-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 9v saylı mənzildə qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1107 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı Ət Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2008-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı Bakı Ət Kombinatının soyuducu sexində yükləyici vəzifəsində işlədiyi qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzili hüquqmüəyyənedici sənəd üzrə və faktiki 2 otaq olmaqla ümumi sahəsi 44.4 kv.metr, yaşayış sahəsi 38.5 kv.metr təşkil etmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Ət Kombinatının Həmkarlar Komitəsi, rəhbərliyi və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1990-cı il tarixli, 17 nömrəli protokolundan çıxarış məhkəməyə göndərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, ev 3, mənzil 9 «V» üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət (3). Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (4). Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (9). Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, Bakı şəhəri, Bakı Ət Kombinatı küçəsi, 3 nömrəli evin, 9V nömrəli mənzili Bakı Ət Kombinatının Həmkarlar Komitəsi, rəhbərliyi və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1990-cı il tarixli, 17 nömrəli protokol-qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə ayırlmışdır. Həmin vaxtdan iddiaçı ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa başlamış və sonradan mənzilə qeydiyyata düşmüşdür. Mənzilin iddiaçıya verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının sərəncamı 2023-cü ildə verilmiş və iddiaçı ilə kirayə müqaviləsi həmin ildə bağlanmış olsa da, məhkəmə hesab edir ki, ididaçının hmin mənzillə bağlı istifadə münasibətləri 1990-cı ildən başlamışdır. Bu səbəbdən məhkəmə həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneə görmür. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. İddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi bildirilmişdir. Halbuki, iddiaçı xx.xx.1990-cı il tarixdən Bakı Ət Kombinatında mənzil uçotuna götürülmüş və onun sözügedən mənzilə hüquqları elə həmin tarixdən yaranaraq, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 183 saylı sərəncamı ilə rəsmiləşdirilmişdir. Həmin sənədin mötəbərliyi isə cavabdeh tərəfindən mübahisələndirilmir. Göründüyü kimi, iddiaçının mənzilə dair hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır (146.1). Yuxarıda sadalanmış sənədlərdən görünür ki, iddiaçının dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, ev 3, mənzil 9 «V» üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, ev 3, mənzil 9 «V» üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4191/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4191/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver