Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4192/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiаçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2019-cu il tarixli **********994200 saylı, 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı vergilərin hesablanmasına dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-yə cavabdeh tərəfindən 21.01.2019-cu il tarixli **********994200 saylı, 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı “Vergilərin hesablanması barədə” qərarlara əsasən 2018-ci il noyabr, aprel və 2019-cu il yanvar ayı üzrə ƏDV hesablanmışdır. Həmin qərarlarla hesablanmış vergi məbləğləri əsassızdır. 2018-ci ilin aprel ayı üzrə ƏDV-yə 83.484,81 manat dövriyyə cəlb edilmiş, 15.027,27 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 47.126,99 manat, yük gömrük bəyannaməsi (YGB) üzrə əvəzləşdirilmiş məbləğ 385,16 manat, cəmi əvəzləşdirilmiş məbləğ 47.512,15 manat, ödənilmiş ƏDV 6.475,08 manatdır. 2018-ci il noyabr ayı üzrə ƏDV-yə 5.500 manat dövriyyə cəlb edilmiş, 990 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 63.803,81 manat büdcədən qaytarılan ƏDV -10.494,69 manatdır. 2019-cu ilin yanvar ayı üzrə ƏDV-yə 259,92 manat dövriyyə cəlb olunmuş, 46,79 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 38.396,60, büdcədən qaytarılan ƏDV -6.864,60 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. İddiaçı ASC yuxarıda göstərilən “Vergilərin hesablanması barədə” qərarların ləğvi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət ünvanlamışdır. Lakin şikayətə baxılması ilə bağlı tədbir görülməmiş, hər hansı qərar qəbul olunmamışdır. Daha sonra, 22.04.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (İ cild i/v 21) məhkəməyə müraciət edərək, cavadeh tərəfindən qəbul edilmiş 21.01.2019-cu il tarixli **********994200 saylı, 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300, 17.04.2019-cu il tarixli **********786300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, 07.11.2019-cu il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (İ cild i/v 58) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300, 17.04.2019-cu il tarixli **********786300 saylı, 01.11.2019-cu il tarixli **********308300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1782/2019 saylı, 20 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “Vergilərin hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1782/2019 saylı, 19 fevral 2020-ci il tarixli yanlışlığın düzəldilməsi barədə qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1782/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərarında yol verilmiş yanlışlıq düzəldilərək, qərarın nəticə hissəsində “İddia təmin edilsin” ifadəsinin “İddia təmin edilməsin” kimi oxunması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1030/2020 saylı, 16.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1782/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2328/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1030/2020 saylı, 16.09.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsində təkrar məhkəmə baxışı zamanı, 30 aprel 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla 07.11.2019cu il tarixdə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbinin “cavabdeh tərəfindən qəbul edilmiş 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı, 17.04.2019-cu il tarixli **********786300 saylı, 01.11.2019-cu il tarixli **********308300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh iddiaya dair etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC (vöen: **********) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 21.01.2019-cu il tarixli **********994200 saylı, 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı “Vergilərin hesablanması barədə” qərarların ləğv olunmasına dair iddia tələbi ilə 05.04.2019-cu il tarixli ərizə ilə 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə müraciət etmişdir. 22.04.2019- cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin 21.01.2019-cu il tarixli **********994200 saylı, 18.03.2019-cu il tarixli **********10400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı və 17.04.2019-cu il arixli **********786300 saylı “Vergilərin hesablanması barədə” qərarların ləğv olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə əlavə təqdim edilərək 18.03.2019-cu il tarixli **********410400 saylı, 29.03.2019-cu il tarixli **********648300 saylı, 17.04.2019-ci il tarixli **********786300 saylı və 01.11.2019-cu il tarixli **********308300 saylı vergilərin hesablanması barədə” qərarların ləğv edilməsini xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli qərarı ilə iddia əsassız olduğundan təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən bank hesabından çıxarış yalnız 01.01.2019-31.12.2019-cu il dövrünü əhatə edir. Bu səbəbdən də mübahisələdirilən qərarlar üzrə bank hesabından çıxarış sübut kimi qiymətləndirilə bilməz. 18.03.2019-cu il tarixli **********410400 saylı qərar üzrə: 2019-cu ilin yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2505568,26 manat məbləğində olduğu müəyyən olunmuşdur.Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2484322,01 manat təşkil etdiyi üçün 21246,25 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 01.03.2019-cu il tarixli **********012200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 21246,25 manat əlavə vergi məbləği hesablanmış və 18.03.2019-cu il tarixli **********410400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. 29.03.2019 cu il tarixli **********648300 saylı qərar üzrə: 2018-ci ilin aprel ayı üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, 18.05.2018-ci il ildə 2018-ci ilin aprel ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 138785,80 manat göstərilməsinə baxmayaraq, 08.02.2019-cu il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 83484,81 manat göstərilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 21.02.2019-cu il tarixli **********398400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2018-ci ilin aprel ayı ƏDV bəyannaməsi üzrə 9962,30 manat əlavə vergi məbləği hesablanmış və 29.03.2019-cu il tarixli **********648300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi 2018-ci ilin may üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 84899,33 manat (ƏDV-si 15281,88 manat) vergiyə cəlb edilməli olan dövriyyə məbləği əks etdirməli olduğu halda, müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 48558,73 manat dövriyyə məbləği göstərilməklə 8740,57 manat vergi məbləği hesablamışdır. 2018ci ilin aprel ayı üzrə hesablama aparıldığı üçün 2018-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəzərə alınmış, əlavə hesablama aparılmamışdır. 17.04.2019-cu il tarixli **********786300 saylı qərar üzrə: 2018-ci ilin dekabr ayı üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, 29.01.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 63137,41 manat göstərilməsinə baxmayaraq, 06.02.2019-cu il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 48137,41 manat göstərilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 21.02.2019-cu il tarixli **********398400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 2700,00 manat əlavə vergi məbləği hesablanmış və 17.04.2019-cu il tarixli **********786300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. 01.11.2019-cu il tarixli **********308300 saylı qərar üzrə: 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrin təhlili nəticəsində (təqdim edilmiş vergi hesab-fakturaları, elektron vergi hesabfakturaları və ƏDV depozit hesabına daxil olmuş ƏDV məbləğləri) ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2018-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 11008,2 manat əlavə vergi məbləği hesablanmış və 01.11.2019-cu il tarixli **********308300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin: - 18.03.2019-cu il tarixli **********410400 nömrəli qərarına əsasən, yanvar 2019 vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 21.246,25 manat təşkil etmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 manat məbləğində olduğu müəyyən edilmişdir. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat təşkil etdiyi üçün 21.246,25 manat kənarlaşma yaranmışdır; - 29.03.2019-cu il tarixli **********648300 nömrəli qərarına əsasən, aprel 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 9.962,30 manat təşkil etmişdir. HS seriyalı 211339 nömrəli vergi-hesab fakturası üzrə (**********)-a 8.13 manat ƏDV məbləği ödənilmədiyi üçün bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz; - 17.04.2019-cu il tarixli **********786300 nömrəli qərarına əsasən dekabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 2.700,00 manat təşkil etmişdir; - 01.11.2019-cu il tarixli **********308300 nömrəli qərarına əsasən, noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.008,20 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş 4 qərar təşkil edir: 1) 18.03.2019-cu il tarixli **********410400 saylı; 2) 29.03.2019-cu il tarixli **********648300 saylı; 3) 17.04.2019-cu il tarixli **********786300 saylı; 4) 01.11.2019-cu il tarixli **********308300 saylı. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır; 37.5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər; 37.6-ci maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz); Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın 17.04.2019-cu il tarixli **********786300 saylı qərarına münasibətdə məhkəmə hesab edir ki, 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edilmişdir. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günü müddəti daxilində qəbul edilməli idi. Tərəflər təsdiq edirlər ki (cavabdeh etirazında da qeyd etmişdir), iddiaçı tərəfindən 2017-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə vergi orqanına 06.02.2019-cu il tarixdə təqdim olunmuşdur. Mübahisələndirilən qərar isə 17.04.2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Beləliklə, bəyannamənin təqdim edildiyi 6 fevral tarixdən sonrakı gündən başlayaraq hesabladıqda (VM-in 68.1-ci maddəsi) aprelin 17-nə təqvim tarixi ilə 70 gün təşkil edir ki, bunun da 24 günü (9, 10, 16, 17, 23, 24 fevral; 2, 3, 8, 9, 10, 16, 17, 20-26 mart, 6, 7, 13, 14 aprel) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi). Odur ki, mübahisələndirilən qərar 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 6.1 və 6.1.3-cü maddələrinə əsasən, əlavə dəyər vergisi dövlət vergilərinə aid edilmişdir; 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir; 154-cü maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir; 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir; Əlavə dəyər vergisinin anlayışına nəzər yetirdikdə qeyd olunmalıdır ki, ƏDV hüquqi şəxslərdən və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdən tutulan əsas dolayı vergi növlərdən biri hesab edilir və dövlət büdcəsinə ödənilir. ƏDV-nin ödəyiciləri, obyekti, dərəcəsi, hesablanması, əvəzləşdirilməsi, ödənilməsi qaydası bu vergi ilə bağlı güzəştlər, qeydiyyat, hesabatın verilməsi və digər oxşar məsələləri tənzimləyən normalar VM-in Xİ fəslində cəmləşmişdir. Cavabdeh inzibati orqanın qəbul etdiyi 18.03.2019-cu il tarixli **********410400 saylı və 29.03.2019-cu il tarixli **********648300 saylı inzibati aktların qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın 29.03.2019-cu il tarixli **********648300 saylı qərarına münasibətdə qeyd edir ki, qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (01.01.2020-ci il tarixədək qüvvədə olan redaksiyası): 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. 166.2-ci maddəsinə əsasən, ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatları iddiaçı tərəfindən özünün sonuncu dəqiqləşdirilmiş bəyannaməsində bəyan etdiyi məlumatlardan (83.484,81 manat) fərqli olaraq, 2018-ci ilin aprel ayı üzrə təqdim edilmiş vergi hesab fakturası əsas götürülmüş və 138.785,80 manat müəyyən etmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26.02.2019-cu il tarixli məktubda 2018-ci ilin aprel ayında “Azneft” İB-yə cəmi 138.507,00 manat elektron vergi hesab fakturasının göndərildiyi, lakin “Azneft” İb-nin bu fakturalar üzrə aprel ayı cəmi 84.745,76 manat ödəniş etdiyi bildirilmişdir. İddiaçının ƏDV depozit hesabına daxil olan məbləğdən də göründüyü kimi, vergi hesab fakturası 138,507,00 manat olsa da, ödəniş 30 gün müddətində həyata keçirilməmişdir. Bu halda, iddiaçının qeyd etdiyi kimi vergi hesab fakturasının aprel ayında verilməsinə baxmayaraq tam ödəniş aprel ayında aparılmamışdır. Məhkəmənin qənaətinə görə, göstərilən qərar qanuna zidd sayıla bilməz. Məhkəmə cavabdeh inzibati orqanın 18.03.2019-cu il tarixli **********410400 saylı qərarına münasibətdə qeyd edir ki, sözügedən qərar da qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2019-cu ilin yanvar ayı üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyənnamədə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği 259,92 manat, ƏDV isə 46,79 manat göstərilmişdir. 2019-cu ilin yanvar ayı üzrə cavabdeh inzibati orqan tərəfindən aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 manat, təqdim edilmiş bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat olması əsas götürülərək, 21.246,25 manat kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 01.03.2019-cu il tarixli **********012200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 21246,25 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmənin qənaətinə görə, göstərilən qərar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın 01.11.2019-cu il tarixli **********308300 saylı qərarına münasibətdə qeyd edir ki, mübahisələndirlən qərar ilə, noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.008,20 manat təşkil etmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.484.098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDVnin məbləği 2.473.090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın 18.03.2019-cu il tarixli **********410400 saylı qərarı ilə, yanvar 2019-a qədər ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.505.568,26 manat, bəyannamə üzrə 2.484.322,01 manat əsas götürülərək, 21246,25 manat kənarlaşma müəyyən edildiyindən, noyabr 2018-ə qədər olan dövr də həmin qərarla əhatə edilmişdir. Başqa sözlə, 18.03.2019-cu il tarixli qərar ilə müəyyən edilmiş kənarlaşma 21246,25 manat özündə 11008,2 manat kənarlaşmanı da ehtiva etmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın 01.11.2019-cu il tarixli qərarı eyni dövr üzrə artıq nəzərə alınmış ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin məbləği təkrarən əsas götürülərək qəbul edildiyindən qanuni hesab edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş 17.04.2019-cu il tarixli **********786300 saylı və 01.11.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarları ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş 17.04.2019-cu il tarixli **********786300 saylı və 01.11.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarları ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4192/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4192/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver