Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4193/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 21 mart 1960-cı il tarixdə doğulmuşdur, 2 avqust 1978-ci il tarixdən 5 iyul 1979-cu il tarixədək peşə məktəbində təhsil almışdır. 8 dekabr 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 19 aprel 1980-cı il tarixdən 24 iyun 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra 9 avqust 1982-ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında quraşdırma sahəsində 2-ci dərəcə fəhlə kimi işə başlamışdır. Həmin müəssisədə quraşdırma sahəsində 1 mart 1983-cü il tarixdən 1 sentyabr 1983cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli quraşdırıcı, 1 sentyabr 1983-cü il tarixdən 1 oktyabr 1984-cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 oktyabr 1984-cü il tarixdən 1 sentyabr 1987-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 sentyabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 avqust 1988-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək dəmir beton quraşdırıcıları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 fevral 1993-cü il tarixdən 27 dekabr 2004-cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli yükləyici vəzifələrində çalışmışdır. 1 avqust 2005-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək X1 Sovxozunun Binə sexində 2ci dərəcəli bağ fəhləsi kimi işləmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun işə daxil olma və işdən azad olma barədə əmrlərinin tarix və nömrələri barədə müvafiq qeydlər aparılmış və həmin qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürləri ilə təsdiq edilmişdir. 1 saylı Bakı Evtikmə Kombinatı 1 yanvar 2005-ci il tarixdən "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" ASCnin iddiaçının iş stajının təsdiqi barədə verdiyi açıqlama arayışında həmin məlumatlar öz təsdiqini tapmışdır. İddiaçının işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 2290000a – 14612 indeksi üzrə qeyd edilmişdir. Həmin sənədlərdən məlum olur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olmuşdur və həmin müddətin 21 il 8 ay 27 gününü o, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin 21 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə ona (iddiaçıya) əmək pensiyasının təyinatından imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən pensiya kapitalına malik olmalıdırlar və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Lakin cavabdeh ona (iddiaçıya) münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun müddəalarını tətbiq etməməli idi. Göründüyü kimi, iddiaçı müraciət etdiyi vaxt kifayət qədər ümumi iş stajına və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olsa da, cavbdeh tərəfuindən onun pensiya hüququ pozulmuşdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 3.1, 9.8, 21.1-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının müddəalarına (2 nömrəli siyahı), İPM-in 2.2.2, 14.3, 73.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə iddia iıə bağlı ünvanlanmış 31 may 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası təmin edilməməlidir. İddiaçının Mərkəzi Filiala 1 iyul 2021-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşığı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.675,79 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydı alınan pensiya kapitalı cəmi 19.875,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir. Əlavə olaraq qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşması imkanına malikdirlər. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2ci maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 3-cü döngə, 15E saylı evdir. İş materiallarında olan Bakı şəhəri 54 saylı Texniki Peşə Məktəbi tərəfindən 5 iyun 1979-cu il tarixli 4321 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdən 5 iyun 1979cu il tarixədək həmin peşə məktəbində elektrik montyoru peşəsi üzrə təhsil almış və təhsilini başa vurmuşdur. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 01/02 nömrəli 20 aprel 2021-ci il tarixli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı “Bakı Baş Tikinti İdarəsi”nin 1 saylı Evtikmə Kombinatında 09 avqust 1982-ci il tarixdən quraşdırma sahəsinə 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş (əmr № 599, xx.xx.1982-ci il), 01 mart 1983-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 2-ci dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 164, xx.xx.1983-cü il), 01 sentyabr 1983-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 490, xx.xx.1983-cü il), 01 oktyabr 1984-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 760, xx.xx.1984-cü il), 01 iyul 1987-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 375, xx.xx.1987-ci il), 01 sentyabr 1987-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiya lari üzrə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 548, xx.xx.1987-ci il), 01 avqust 1988-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı (əmr № 545, xx.xx.1988-ci il), 01 fevral 1993-cü il tarixdən isə quraşdırma sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli yükləyici vəzifəsinə keçirilmişdir (əmr № 73, xx.xx.1993-cü il), 27 dekabr 2004-cü il tarixdən öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir (əmr № 51/k, xx.xx.2004-cü il). Göstərilən dövrdə İddiaçı quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı güzəştli siyahının 2290000а – 14612 indeksi üzrə öz əksini tapmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübut olunmadığından, həmin sənədlər mötəbər sayılmalıdır. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı” peşəsində çalışmışdır və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000a – 15612 kodu ilə nəzərdə tutulmuşdur (bu barədə müvafiq arayış iş materiallarında mövcuddur və bu, işin mübahisə olunmayan hallaarına aiddir). Həmçinin o, 2006-cı ilin 1 yanvar tarixədək hərbi xidmət və təhsil illəri də daxil olmaqla 25 ildən artıq sığorta stajı toplamışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (a” bəndində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” peşələri 2290000a – 15612 kodu ilə göstərilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. İşin hallarından isə 21 mart 2018-ci il tarixdə 57 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olması müəyyən edilir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “tələb olunan minimum məbləğdə sığorta kapitalının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan (15 mart 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinə gəldikdə isə, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi 1 iyul 2021-ci il tarixdə (imtina barədə 21 sentyabr 2021-ci il tarixli məktubdan görünür) müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 1 iyul 2018-ci il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son son üç ilə aid hissəsi ödənilməlidir. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eləcə də, həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 1 iyul 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 1 iyul 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4193/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4193/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver