Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4194/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işsiz) cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “müharibə veteranı adının təsdiq olunduğu gündən, yəni 22.09.1995-ci ildən müharibə veteranı vəsiqəsini aldığı günə qədər 24.10.2014-cü ilə kimi alınmamış müavinətin verilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı müharibə veteranı adının təsdiq olunduğu gündən, yəni 22.09.1995-ci ildən müharibə veteranı vəsiqəsini aldığı günə qədər 24.10.2014-cü ilə kimi alınmamış müavinətin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24.10.2014-cü ildə veteranlıq vəsiqəsini almışdır. İddiaçı hal-hazırda işləmir, 3 az yaşlı uşağı var. 2020-ci ilin may ayında ağır əməliyyat keçirməyinə baxmayaraq, aprel ayından silahlı qüvvələrin tərkibində koordinasiya mərkəzində keçmiş veteran kimi iştirak etmişdir. Müharibə veteranlarının adının təsdiq olunduğu gündən, yəni 22.09.1995-ci ildən veteran vəsiqəsini aldığı 24.10.2014-cü ilə qədər olan dövr üçün almadığı müavinətin verilməsini xahiş etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF Binəqədi rayon şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair 15 mart 2021-ci il tarixli, **********0 nömrəli etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi tərəfindən 24 oktyabr 2014-cü il tarixində veteran vəsiqəsi verilmişdir. Qeyd edilən veteran vəsiqəsi əsasında fondun müvafiq şöbəsi iddiaçının veteran statusu aldığı vaxtdan, yəni 24 oktyabr 2014-cü il tarixindən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Cavadeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1972-cı ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 08 yanvar 2021-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən göstərilmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 01 aprel 2019-cu il tarixdən 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. İddiaçıya müharibə veteranlığını təsdiq edən müvafiq vəsiqə 24 oktyabr 2014-cü il tarixində verildiyi üçün həmin tarixdən qanunvericiliyə əsasən kommunal, nəqliyyat və digər xidmətlərə görə müvafiq olaraq aylıq sosial müavinət, 01 aprel 2019-cu il tarixdən isə 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. Səhiyyə Nazirliyi “Premium Clinic” müəssisəsinin 26 may 2020-ci il tarixli ambulator, stasionar tibbi kartasından çıxarışından görünür ki, xx.xx.1972-ci il tarixində anadan olmuş İddiaçı klinikaya qanaxma ilə fəsadlaşan kombinə olunmuş babasil diaqnozu ilə daxil olmuşdur. Aparılan instrumental müayinələr və həkim baxışı zamanı diaqnoz təsdiqləndi. Diaqnoz cərrahi əməliyyata göstərişdir. Diaqnoza əsasən 25.05.2020-ci il tarixində vena daxili anesteziya altında “Hemorroidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Bu dövrdə pasinetə müvafiq təyinatların icrası həyata keçirildi. Xəstə 26.05.2020-ci il tarixində müvafiq məsləhətlər verildikdən sonra kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. 055920 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Cavabdehin iddiaçı ilə bağlı tərtib edilmiş müavinət işinə əsasən iddiaçı 07.11.2014cü ildə cavabdehə müraciət edərək ona müharibə veteranı kimi sosial müavinət təyin edilməsini xahiş etmiş, iddiaçıya müharibə iştirakçısı olduğu üçün 14.11.2014-cü ildən ayda 45 manat olmaqla müavinət təyin edilmişdir. 12.02.2016-cı ildən sosial müavinətin məbləği dəyişdirələk 50 manat təyin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 24.10.2014-cü il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək (müharibə veteranlarına verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti almaq) hüququnu həyata keçirmək üçün cavabdehə 07.11.2014-cü ildə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən – 24.10.2014-cü ildən müavinət təyin etmişdir. Hazırda iddiaçı müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin 22.09.1995-ci ildən müharibə veteranlarının adının təsdiq olunduğu gündən müharibə veteranı vəsiqəsi verildiyi 24.10.2014-cü ilə qədər hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinətin verilməsi qərara alınmışdır. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cü il 640 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin ləğv edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 24.10.2014-cü il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmiş, bu səbəbdən də Azərbaycan Respublikasi Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanını 1.1.7-ci bəndində göstərilmiş müavinəti almaq hüququ olmuşdur, iddiaçı sosial müavinəti almaq üçün cavabdehə 07 oktyabr 2014-cü il tarixdə ərizə ilə müraciət etmişdir, həmçinin iddiaçı hazırda əmək pensiyası almaq hüququna malik deyildir. İddiaçı cavabdeh orqana 22.09.1995-ci ildən 24.10.2014-cü ilə qədər olan müddət üçün müavinət almasını tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə sosial müavinətin təyin edilməsi üçün müraciət etdiyi 2014-cü ilin oktyabr ayının 07-dən əvvəlki 3 il üçün sosial müavinəti almaq hüququ mövcuddur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilmişdir: “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:.. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq, Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü madəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 15.1-ci maddəsinə uyğun olaraq, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.. Həmin Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi qismən təmin edilərək iddiaçıya 07.11.2011-ci il tarixdən 24.10..2014-cü il tarixinə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan (22.09.1995-ci il tarixdən 07.11.2011-ci il tarixədək olan müddət üçün ) hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 73, 85, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməklə 07.11.2011-ci il tarixdən 24.10..2014-cü il tarixə kimi hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. İddiaçı müharibə veteranlarının adının təsdiq olunduğu gündən, yəni 22.09.1995-ci il tarixdən 07.11.2011-ci il tarixə kimi hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi hissəsində rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4194/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4194/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver