Məhkəmə qərarları › İş №2-1(112)-4194/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4194/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4194/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Elm və TƏhsil Mərkəzi "Təfəkkür" Universiteti) qarşı “diplomun verilməsi və köçürülmənin həyata keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası diplomunun verilməsini, əgər diplom vermək mümkün deyilsə, ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir (iş nömrə 2-1(112)-15462/2024)

2. Eyni zamanda İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası diplomunun verilməsini, əgər diplom vermək mümkün deyilsə, ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir (iş nömrə 2-1(112)-15464/2024).

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(112)-15464/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-15462/2024 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən “X1” İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürülmüş və 2017-ci ildə həmin Universitetin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə qiyabi şöbəsini bitirmişdir. Nəhayət Universitet bildirmişdir ki, diplomu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ləngidir, buna görə də diplomun verilməsi üçün rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Bu yaxınlarda ona cavabdeh tərəfindən məktub ilə bildirilmişdir ki, ali təhsil müəssisəsinə X5 sərəncamı əsasında qəbul olunmuş (və ya Elm və Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə Elm və Təhsil nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almaq hüquqi əsası yoxdur. İddiaçı2 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən X3” İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürülmüşdür. 2017-ci ildə həmin Universitetin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Universiteti bitirdikdən sonra hərbi xidmət keçmişdir. Hesab edilmişdir ki, bu imtina tam əsassızdır. Qanuni şəkildə qeyd edilən ali təhsil müəssisənə daxil olmuşdurlar. Təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmiş, tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Buna görə də konstitusiyamızın verdiyi səlahiyyətə əsasən iddiaçı ali təhsil almaq üçün ixtisasını və təhsil alacağı ali təhsil müəssiəsini seçməkdə sərbəstdir və onun bu hüquqları məhdudlaşdırıla bilməz. Qeyd edilmişdir ki, cavabdeh məktubunda imtinanın əsası kimi o hallara istinad edir ki, iddiaçının digər ali təhsil müəssisəndən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə dair Elm Təhsil nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağınızın hüquqi əsası yoxdur. Bildirilmişdir ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla 2014-cü ildə qəbul olunmuş və 2017-ci ildə isə həmin Universiteti bitirmişdir. Məktubda isə göstərilən qaydalar xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və həmin qərar qüvvəyə mindikdən sonra ondan sonrakı əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydaların 1.8-ci tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, qəbul edilmiş qaydalar hazırki münasibətlərə şamil edilə bilməz və bu səbəbdən də cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarına əsaslanması tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “İnsan Hüquqularının və X2 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqlarımın bərpa olunması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm, qeyd olunan hüquq normalarına uyğun olaraq iddiaçılar Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsi tərəfindən diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmalıdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçıların (sıralanma üzrə 49-cu iddiaçı – İddiaçı1) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birgə iddiaçıların (sıralanma üzrə 22-ci iddiaçı – İddiaçı2) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8992/2023 nömrəli qərardada əsasən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8993/2023 nömrəli qərardada əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır.

9. Cavabdeh orqan tərəfindən İddiaçı1 ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş ərizənizə (xx.xx.2022-ci il tarixli A-4721 nömrəli) cavab olaraq bildirilmişdir ki, ali təhsil müəssisəsinə X5 sərəncamı əsasında qəbul olunmuş (və ya Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur.

10. Cavabdeh orqan tərəfindən İddiaçı2 ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş ərizəsinə (xx.xx.2022-ci il tarixli N-4722 nömrəli) cavab olaraq bildirilmişdir ki, ali təhsil müəssisəsinə X5 sərəncamı əsasında qəbul olunmuş (və ya Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi və ya digər universitetə köçürülmə” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən 2-1(112)- 15464/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-15462/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsi xahiş etmişdirlər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. II. İddianın mümkünlüyü

15. İddia tələbindən görünür ki, iddiaçıların iddia tələbi iki hissədən ibarətdir: -İddiaçı1 və İddiaçı2 Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası diplomunun verilməsi; -əgər diplom vermək mümkün deyilsə, ixtisaslarına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır.

16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

17. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

19. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçıların (sıralanma üzrə 49-cu iddiaçı – İddiaçı1) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birgə iddiaçıların (sıralanma üzrə 22-ci iddiaçı – İddiaçı2) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8992/2023 nömrəli qərardada əsasən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8993/2023 nömrəli qərardada əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır.

20. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbinin birinci hissəsi üzrə yekun məhkəmə aktı olduğuna görə hər hansı əlavə araşdırma aparılmadan hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmənin qeyd edilən qənaəti hüquq müəyyənliyi prinsipinə əsaslanır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə münasibət bildirməyi zəruri hesab edir.

22. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydalarının 4-cü bəndinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ləğv edilmişdir.

23. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının 2.1-ci bəndinə əsasən tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

24. Beləliklə, məhkəmə qeyd edir ki, təhsil müəssisəsinin dəyişdirilməsi hüququ ancaq tələbələrə şamil edilir. İddiaçıların isə hazırda tələbə statusu olmadığından qeyd edilən tələbi irəli sürməyə subyektiv hüquqları yoxdur. Yəni qeyd edilən vəziyyətdə iddia tələbinin əsasında duran hər hansı qanuni müddəa, hüquqi əsas mövcud deyildir.

25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar