Məhkəmə qərarları › İş №2-1(112)-4195/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4195/2020

16.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4195/2020 16.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı -İddiaçı cavabdeh - Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (3-cü şəxs - X2) qarşı “müəyyən etmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (3-cü şəxs X2) İddiaçı Maliyyə Nazirliyinin aparatında müvafiq olaraq baş məsləhətçi-mətbuatla iş üzrə və Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində xx.xx.2010-cu il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması müəyyən etmə və tanınma haqqında iddia növünə aid olmaqla öhdəliyin icrası haqqında iddia növünə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, İddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçı hazırkı idida ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə müvafiq əsasla dövlət qulluqçusu kimi işinə xitam verilməməsini təmin etmiş olur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-56 nömrəli əmri ilə həmin Nazirliyin baş məsləhətçimətbuatla iş üzrə vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə çalışarkən xx.xx.2012-ci il tarixdə ona Maliyyə Nazirliyinin İ-199 nömrəli əmri ilə “2-ci dərəcə dövlət qulluqçusu”, xx.xx.2016-cı il tarixdə Nazirliyin İ-15 nömrəli əmri ilə isə “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Maliyyə Nazirliyinin K-48 nömrəli əmri ilə həmin Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Hazırda da həmin vəzifədə işləyir. Həmin vəzifədə çalışarkən xx.xx.2019-cu il tarixdə ona Maliyyə Nazirliyinin İ-57 nömrəli əmri ilə "Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2010-cu il tarixdən indiyədək onun tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Lakin X1 Maliyyə Nazirliyinə daxil olmuş 2018-ci il 16 may tarixli, 01/xx-xx-1323 nömrəli məktubu ilə onun dövlət qulluğuna qəbul olunarkən müsabiqədən keçmədiyi qeyd olunur ki, bu da onun hüquqlarını pozur. Bu cür yanaşma, 10 il ərzində mübahisəsiz qaydada dövlət qulluğu münasibətlərindən onu kənarda saxlayır və dövlət qulluqçusu kimi onun hüquqlarının pozulması ilə nəticələnir. Əslində 10 il ərzində dövlət qulluğunda olması, onun mübahisəsiz qaydada hüquq münasibətində olmağının göstəricisidir və bu hüquq münasibətləri müəyyən edilməli və ya tanınmalıdır. Digər tərəfdən inzibati orqanın (yəni Maliyyə Nazirliyinin) iddiaçının onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd etdiyi inzibati aktlar mövcuddur. Eyni zamanda işçi ilə işəgötürən arasında 10 ilə ərzində qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir.Həmin inzibati aktların heç biri 10 il ərzində istər inzibati orqanın özü, istərsə də X2 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi onun işçi kimi inzibati orqanla aralarında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edir ki, onunlaə inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən edilməlidir). Yəni, iddiaçının inzibati vəzifə üzrə dövlət quluğunda çalışması nəzərə alınmalı və onun Maliyyə Nazirliyində işlədiyi bütün dövr (xx.xx.2010-cu ildən indiyədək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. 3-cü şəxs X2 iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X1 hüquq və vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nizamnaməsi” ilə müəyyən edilmişdir. Dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına (o cümlədən, vəzifəli şəxslərə) təqdimat vermək, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi, habelə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənib bu barədə hesabat hazırlamaq Mərkəzin sözügedən Nizamnamənin 2-ci hissəsində nəzərdə tutulmuş əsas vəzifələrindən biridir. Qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədilə Mərkəz tərəfindən dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı araşdırmalar aparılır, bu barədə məlumat və hesabatlar təqdim edilir.Dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə görə inzibati vəzifələrə qəbul müsabiqə (test imtahanı və müsahibə) və ya müsahibə (daxili və ya ümumi müsahibə) yolu ilə həyata keçirilir. Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi zamanı bir sıra dövlət orqanlarında pozuntu halları aşkar edilmiş və adı çəkilən Nizamnaməyə uyğun olaraq, bu barədə 16 may 2018-ci il tarixli 01/xx-xx-1323 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verilmişdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında baş məsləhətçi vəzifəsinə, xx.xx.2016-cı il tarixdə isə həmin Nazirlikdə İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə müsabiqədənkənar təyin edilmiş, beləliklə, sözügedən qanunvericiliyin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə halı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsində göstərilmiş dövlət qulluğuna xitam verilməsi əsaslarından biri olduğu üçün müvafiq tədbirlərin görülməsi məqsədilə digər pozuntu halları ilə birlikdə bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına məlumat verilmişdir. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 12 may tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə tərəflərin İPM-in 16.2-ci maddəsinə əsasən məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasına dair razılıq ərizələri məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia ilə iddiaçı “İddiaçı Maliyyə Nazirliyinin aparatında müvafiq olaraq baş məsləhətçi-mətbuatla iş üzrə və Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində xx.xx.2010-cu il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsini” tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan 080367 nömrəli 03.03. 2003-cü il tarixli Əmək kitabçasının surtəindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-56 nömrəli əmri ilə İddiaçı xx.xx.2010-cu il tarixdə həmin Nazirliyin aparatında baş məsləhətçi-mətbuatla iş üzrə vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə ona Maliyyə Nazirliyinin İ-199 nömrəli əmri ilə “2-ci dərəcə dövlət qulluqçusu”, xx.xx.2016-cı il tarixdə Nazirliyin İ-15 nömrəli əmri ilə isə “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016cı il tarixdə Maliyyə Nazirliyinin K-48 nömrəli əmri ilə həmin Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə ona Maliyyə Nazirliyinin İ-57 nömrəli əmri ilə "Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 2010-cu ilin noyabr ayında Maliyyə Nazirliyində inzibati vəzifəyə təyin olunmuş İddiaçı barəsində məlumatlar ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş və həmin məlumatlar mütəmadi olaraq yenilənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X2 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2010-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-56 nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-56 nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatlar ilk dəfə 2010-cu ildə daxil edilsə də, Dövlət Reyestrini aparan dövlət qurumu (Azərbaycan Respublikasının X2) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2010-cu ildə məlum idi və 2010-cu ildən başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2010-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayırdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Maliyyə Nazirliyində dövlət qulluğu vəzifələrində 9 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymərləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Maliyyə Nazirliyinin aparatında müvafiq olaraq baş məsləhətçi-mətbuatla iş üzrə və Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində xx.xx.2010-cu il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Maliyyə Nazirliyinin aparatında müvafiq olaraq baş məsləhətçi-mətbuatla iş üzrə və Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində xx.xx.2010-cu il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Maliyyə Nazirliyinin aparatında müvafiq olaraq baş məsləhətçi-mətbuatla iş üzrə və Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində xx.xx.2010-cu il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar