Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4195/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən “İddiaçı 57 yaşı tamam olduğu 13 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1963-cü ildə anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək (2 il 9 ay 18 gün) 10 X6 Məktəbində "Armaturçu elektirik qaynaqçısı” işxisasında peşə təhsili almışdır. xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək (2 ay 6 gün) 3-cü dərəcəli elektirik qaynaqçısı kimi əmək fəliyyətinə başlamış və Sovet ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilib. xx.xx.1981ci ildən xx.xx.1983-cü ilədək (2 il 1 ay) Hərbi Xidmət keçmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 3-cü dərəcəli qaz qaynaqçısı kimi işə qəbul edilib və öz xahişi ilə işdən azad olunub. 2 №- Avtobazada xx.xx.1984-xx.xx.1990-cı illərdə (5 il 6 ay 22 gün) 3- 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.1990-xx.xx.1998-ci illərdə (7 il 9 ay) 3-cü sinif sürücü vəzifəsində işləmiş, xx.xx.1998-xx.xx.1998-ci ildə (1 ay) “Suraxanıneft” Neft və qaz hasilatı idarəsində 4-cü dərəcəli neft və qaz hasialtı üzrə operator vəzifəsində işləmiş. xx.xx.1998-xx.xx.2001-ci il (2 il 11 ay) X8 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində çalışmışdır. xx.xx.2002-xx.xx.2004-cü illər (2 il 6 ay 23 gün ) X8 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı peşəsində çalışmışdır. xx.xx.2004xx.xx.2006 (1 il 2 ay) qaynaqçı vəzifəsində Kaspian şipyard kompani ltd və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə çalışmışdır. Bütün yuxarıda sadalanan vəzifələrdə çalışmasını əmək kitabçası ilə yanaşı arxiv arayışlarıda təsdiq edir. xx.xx.2021ci il tarixində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşının təqaüd həddinə çatması ilə əlaqədar olaraq təqaüdə çıxmaq istəyini bildirdi. Ərizəsinə əlavə edilən sənədlərdən də görünür ki, xx.xx.2006-cı il tarixədək onun ümumi əmək stajı 25 il 8 ay təşkil etmişdir. Onun da 13 il 2 ay güzəştli şərtlərlə pensiya hüququ verən müddət təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şənlərlə Təyinat İdarəsinə yazdığı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəyə inzibati orqan tərəfindən 8 il 11 ay 28 gün güzəştli iş staşı olduğundan imtina məktubu gəlmişdir. İdarənin tərəfindən imtinaya səbəb xx.xx.1998xx.xx.2001-ci il (2 il 11 ay) X8 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində və xx.xx.2004-xx.xx.2006 (1 il 2 ay) qaynaqçı vəzifəsində Kaspian şipyard kompani ltd və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə çalışmış olduğu illər əmək kitabçasında və arayışda qeyd edilsədə inzibati orqan nəzərə almamış və nəticədə o, güzəştli şərtlərlə pensiya hüququndan məhrum olmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. İşdə olan iddiaçıya məxsus B 817578 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixədək X7 Məktəbində təhsil almışdır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 12 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1963-cü il təvəllüdlü vət. İddiaçı xx.xx.1981-ci il tarixli, 28/s saylı əmrlə xx.xx.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1981-ci il tarixli, 39/s saylı əmrlə xx.xx.1981-ci il tarixdən hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunması. xx.xx.1983-cü il tarixli 73/s saylı əmrlə xx.xx.1983-cü il tarixdən 3-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1984-cü il tarixli. 41 /s saylı əmrlə xx.xx.1984-cü ii tarixdən iş yerinin dəyişdirilərək işdən azad olunması və 1981, 1984-cü illərə dair arxiv sənədlərinin hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. İşdə olan “X8” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı X8 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi vanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş X8 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 14 noyabr 1998-ci il tarixindən 16 oktyabr 2001-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində çalışmışdır. 01 aprel 2002-ci il tarixindən 24 oktyabr 2004-cü il tarixinədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində qaynaqçı peşəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.3 (a) yarımbəndində əl ilə elektrik qaynaqçıları kimi öz əksini tapmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2 nömrəli Avtobazada 10 sentyabr 1984 cü il tarixdən xx.xx.1990-ci il tarixədək isti və zərərli iş şəraitində qaz qaynaqçısı vəzifəsində işləyib .xx.xx.1990 -ci ildən 33/k əmrinə əsasən sürücü vəzifəsinə köçürülüb və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Ə.M 37-ci bəndinə əsasən öz xahişilə işdən azad olunub. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı əvvəllər qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli olmaqla 25 il 11 ay 03 gün ümumi stajının olduğunu əsas gətirərək, ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 11 ay 28 gün (xx.xx.1981-xx.xx.1981 -ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı , həmçinin hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 11 ay 03 gün) ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarından görünür ki, “X8” MMC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda göstərmişdir: “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş "X8" Limited şirkətinin arxiv fondunun materiallarına əsasən İddiaçı "X8" Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işləmişdir. Vətəndaşın əmək kitabçasına əsasən o, həmin müddət ərzində Mexaniklər xidmətində qaynaqçının köməkçisi peşəsində işləmişdir. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.3 (a) yarımbəndində əl ilə elektrik qaynaqçıları kimi öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş siyahıya istinad eləsək, E. Qarayevin tutduğu peşə 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən 1030200a—1753a (əl ilə elektrik qaynaqçıları) koduna aiddir. Xüsusi qeyd: "X8" MMC-nin istehsalat sahələrin texniki xarakteristikasına əsasən avtomat qaynaq aparatlarından ümumiyyətlə istifadə olunmur. Müəssisənin bütün istehsalat sahələrində yalnız əl ilə qaynaq aparatları ilə qaynaq işləri aparılır.” İş materiallarından görünür ki, SOCAR “Azneft” İB məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir: “Sizin “Azneft” İstehsalat Birliyinə 15 mart 2022-ci il tarixdə daxil olmuş 2-1(112)- 4195/2022 saylı iş üzrə 9 fevral 2022-ci il tarixli sorğunuza İstehsalat Birliyinin aidiyyəti mütəxəssisləri tərəfindən baxılmışdır. Bunula əlaqədar olaraq bildiririk ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Suraxanmeft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft və qazçıxarma sexində (neft mədənidə) xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək «neft və qazçıxarma üzrə operator» peşəsində işləyibdir. İddiaçı işlədiyi «neft və qazçıxarma üzrə operator» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci (Xİİ) «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200a—15824 kodu ilə qeyd olunmuş «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir.” Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının izahatından da müəyyən edilir ki, iddiaçı X3 LTD-də işlədiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “qaynaqçı” peşəsində işləyərkən o, “qaz qaynaqçısı” kimi işləmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və arayışlardan da görünür ki, iddiaçı müxtəlif müəssisələrdə “qaz qaynaqçısı” kimi işləmişdir. Odur ki, məhkəmə iddiaçının X3 LTD-də işlədiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək müddətdə məhz “qaz qaynaqçısı” peşəsində işləməsi kimi qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahı”ları təsdiq edilmişdir. 1 nömrəli Siyahının “İİİ. Metallurgiya istehsalatı (qara metallar)” bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən əl ilə elektrik qaynaqçıları (1030200a—1753a) peşəsi nəzərdə tutulmuşdur. 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “neft və qaz hasilatı üzrə operatorlar” (kod: 2130200a—15824) peşəsi, həmçinin “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod: 23200000—11620) peşəsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda nəzərdə tutulmuşdur və iddiaçı həmin peşələr üzrə 12 il 6 aydan artıq (13 il 2 ay 10 gün) müddət işləmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, hazırkı iddia tələbi əsaslıdır və iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 13 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4195/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4195/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver