Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4195/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış zamanı binanın konturundan kənarda mənzilə bitişik 5.1 kv.m əlavə sahənin inşa edildiyi müəyyən edilmişdir. Həmçinin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair Mənzil Məcəlləsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanda yerləşən 33 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanda yerləşən ümumi sahəsi 42,47 kv.metr olan 33 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 33 nömrəli mənzil (0127138 nömrəli çıxarış) iddiaçının mülkiyyətindədir. O, hazırda həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirilməsi, həmçinin binanın konstruksiya dəyişikliyi və qonşu sahələrə gələcəkdə maneəçilik törədilməməsi üçün iddiaçı qanunvericiliyə tam şəkildə riayət etmiş, 2009-cu ildə Yasamal RİH başçısına ərizə ilə müraciət edərək, adıçəkilən mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi üçün icazə almışdır. İcazəyə əsasən mənzilə açılmış giriş qapısının eskiz layihəsi tərtib edilərək, Yasamal RİH tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı, ona Yasamal RİH başçısının 32 nömrəli sərəncamına əsasən, Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2009-cu il tarixli 18/038/227 nömrəli məktublarına riayət edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına, həmçinin təhlükəsizlik tədbirlərini və binanın yükdaşıyıcı elementlərinə toxunulmamasına, memarlıq üslubuna xələl gətirmədən, rayon icra hakimiyyətinin memarının nəzarəti altında riayət edərək prosesi tam və qüsursuz şəkildə tamamlamışdır. xx.xx.2019-cu il tarixdə Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə riayət edərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Məcəlləsinin 21ci, “İnzibati icraat haqqında” AR Qanununun və “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 10-cu maddələrini pozaraq, ərizəyə rəsmi olaraq cavab verməmişdir. Beləliklə, o, ərizəsinə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti rəsmi qaydada cavab verməməsini imtina kimi qəbul edilmişdir. Bundan sonra Yasamal Rayon İcra Hakimiyyətinin hərəkətsizliyi Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-590/2020 saylı qərarı ilə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında yerləşən 33 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 590/2020 saylı qərarından apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-55/2022 saylı qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-590/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazında imtina məktubunda göstərilənlərə istinad edərək göstərmişdir ki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair Mənzil Məcəlləsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən qəbul komissiyasının aktı təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman binanın konturundan kənarda mənzilə bitişik 5.1 kv.m əlavə sahənin inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - 28 dekabr 2007-ci il tarixli AN-İ №0147090 nömrəli mənzilin alqı satqı müqaviləsindən görünür ki, satıcı X3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş reyestr kit. № 345, səhifə 32298, qeydəalma № 1********. xx.xx.2007-cı il tarixli Çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5, m.33-də yerləşən, ümumi sahəsi-42,47 kv.m., yaşayış sahəsi-29,47 kv.m, olan 2 (iki) otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. - MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0.14848 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada yerləşən 42.47 kv.m ümumi, 29.47 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 345 nömrəli reyestr kitabının 32298 qeydiyyata alınmışdır. - İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03-8/227 nömrəli, xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, Yasamal rayonu, İzmir küçəsi 5, ev 33-də yaşayan Marina Mixayılovnaya, yaşadığı mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə icazə verilməsi barədə xx.xx.2009-cu il tarixli, M-7 saylı razılıq məktubuna cavab olaraq bildirilmişdir ki, binanın yükdaşıyıcı elementlərinə toxunulmaması və memarlıq üslubuna xələl gətirilməməsi şərti ilə qaldırılan məsələnin müsbət həll edilməsinə etiraz etmirlər. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 32 nömrəli, xx.xx.2009-cu il tarixli “İzmir küçəsi, ev 5, mənzil 33 ünvanda mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, Bak şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, M-17 saylı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/227 saylı məktublarını nəzərə alaraq, Yasamal rayonu, İzmir küçəsi, ev 5, mənzil 33 ünvanda Marina Mixayılovnaya məxsus mənzilin bir pəncərəsinin qapı ilə əvəz edilməsinə və küçədən girişin təşkil edilməsinə icazə verilmiş, işlərin müvafiq qaydada razılaşdırılmış layihə əsasında aparılması qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-590/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında yerləşən 33 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında yerləşən 33 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-55/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-590/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “...cavabdeh iddiaçının mülkiyyətində olan, hazırda faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilən mübahisəli mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə xx.xx.2009-cu il tarixli sərəncamla icazə vermiş, həmin eskiz layihəsi Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə mənzilin faktiki parametrlərinin .sözügedən eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh iddiaçının rəsmi müraciətinə cavab verməmiş, bununla da Mənzil Məcəlləsi və “İnzibati icraat haqqında” Qanunla müəyyən edilən 30 günlük müddət tələblərini, o cümlədən iddiaçının inzibati orqana etdiyi müraciətin taleyilə bağlı məlumat almaq hüququnu pozmuşdur.” - Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 95 nömrəli sərəncamından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1 (112)- 590/2020 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1 (103)-55/2020 saylı qərarı icra edilmiş və Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında yerləşən, vətəndaş İddiaçı mülkiyyətində olan 33 saylı mənzil ümumi sahəsi 42,47 kv.m olmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçı hazırda mülkiyyətində olan həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirildiyini iddia edərək, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – MM) əsasən: - Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: - 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi;13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. - Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: - 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); - 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); - 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); - 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - Maddə 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - Maddə 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. - Maddə 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. - Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - Maddə 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - Maddə 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. - Maddə 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Göründüyü kimi, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. İstinad olunan normalara əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün:
1. sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən yaşayış sahəsinin texniki pasportu yerli icra hakimiyyəti orqanına təqdim edilir.
2. orqan sənədlərin təqdim edildiyi gündən otuz gündən gec olmayaraq sahənin keçirilməsi haqqında qərar qəbul edir.
3. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin qərar sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
4. belə işlərin görülməsi tələb edilirsə, keçirilmə barədə qərar həmin qərarda nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin görülməsi üçün əsas təşkil edir.
5. həmin işlərin başa çatması orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir və bu akt orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı yaşayış sahəsində zəruri yenidənqurma işlərinin layihəsini aidiyyəti qurumlarla təsdiq etmiş, müvafiq yenidənqurma işlərini razılaşdırmış, bununla bağlı 2009-cu ildə yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncam vermişdir. Sonrada qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında iddiaçının yenidən qurma etməklə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə səlahiyyətli orqan tərəfindən inzibati akt qəbul edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçı qanunla tələb olunan sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir. İddiaya etirazdan görünür ki, cavabdeh qəbul komissiyasının aktının təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərkən yenidənqurma işlərini artıq həyata keçirdiyindən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilməmiş, buna görə də yerli icra hakimiyyəti orqanı keçirilmə üçün görüləcək işlərin siyahısını, daha sonra isə həmin işlərin başa çatması barədə qəbul komissiyasının aktını tərtib etməmiş, keçirilmənin təsdiq edilməsi barədə qərar qəbul etməklə kifayətlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan qəbul komissiyasının aktını tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, cavabdeh iddiaçının mənzilə bitişik 5,1 kv.metr əlavə sahə inşa etdiyini bildirsə də, işdən görünür ki, iddiaçı həmin sahəyə dair hüququnun qeydə alınmasını tələb etməmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. “İnzibati icraat haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən ilkin hüquqi qeydiyyat zamanı tələb olunan sənədlər təqdim edilməklə mənzil onu adına qeydə alınmış, daha sonra isə iddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, istinad olunan normaların tələblərini pozmuşdur. Buna görə də iddia tələbini əsaslı hesab edən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında yerləşən 33 saylı mənzilinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova