Məhkəmə qərarları › İş №2-1(112)-4196/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4196/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4196/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirr ki, o, 1990 – 1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müəyyən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona müharibə veteranı vəsiqəsi 5 may 2021-ci il tarixdə verilmişdir. Həmin vəsiqə əsasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək vəsiqənin alındığı tarixdən əvvəlki illər üçün müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan qaldırılan həmin məsələnin müsbət həllindən imtina etmişdir. İddiaçı hesab ediir ki, imtina qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 11 iyul 2005-ci il tarixli 257 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək qərara alınmışdır. 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (2 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentihin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya 1 yanvar 2020-ci il tarixdən 5 may 2021-ci il tarixədək olan dövr üzrə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən İPM 1.2 və 47ci maddələrini rəhbər tutaraq işə dair etirazım təqdim edilir. İddiaçı 5 may 2021-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək əvvəlki dövrlər üzrə Prezident təqaüdünün hesablanaraq ödənilməsini tələb etmişdir. Fond vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üçün təqaüd ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7 nömrəli əlavəsinin – Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin Siyahısının 2:33-cü bəndinə görə müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 6 noyabr 2020-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Qanunun 8.1-cİ və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınması və İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahoş olunur. İşin şifahi məhkəmə baxışı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının 3 fevral 2021-ci il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş “Prezident təqaüdü”nün verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya həmin təqaüdün təyin edildiyi vaxtdan əvvəlki dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin və təqaüdün məbləğinin ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 5 may 2021-ci il tarixdə verilsə də, o, müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malikdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçıya həmin vəsiqə verilən tarixdə artıq qanunvericiliklə müharibə veteranlarına “müavinət” verilmirdi, 2019-cu ilin aprel ayından başlayaraq “Prezident təqaüdü” verilməsinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında isə, təqaüdə münasibətdə müraciət etməzdən əvvəlki dövr üzrə ödənilməmiş məbləğlərin verilməsi nəzərdə tutulmamışdır. Həmin təqaüd sosial müavinət sayılmadığından, onun əvvəlki dövr üzrə ödənilməsi də qanunvericiliyə uyğun deyildir. İddiaçının müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünü almaq hüququ “müharibə veteranı” vəsiqəsini aldığı 5 may 2021-ci il tarixdən yaranır. İddiada əvvəlki dövr üzrə müavinətin ödənilməsi tələbi irəli sürülsə də, məhkəmə vurğulayır ki, iddiaçıya veteran vəsiqəsi alındığı tarixdən əvvəki dövr üzrə istər müavinət, istərsə də təqaüd almaq üçün hüququ yaranmış olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin və ya təqaüdün keçmiş müddətlər üzrə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar