Məhkəmə qərarları › İş №2-1(112)-4196/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4196/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4196/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusuna əsasən silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "öz arzusuna əsasən silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, X1 xidmətində hərbi xidmət keçir. İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir ki, (16 il) hərbi xidmətdədir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Ordusunun sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edib. Lakin raportu üzrə qəbul edilmiş qərar ona elan olunmamış, onun ehtiyata buraxılmağı üçün heç bir prosessual hərəkət edilməmişdir, bir sözlə yazdığı raport bu günə qədər cavabsız və nəticəsiz qalmış, ehtiyata buraxılmamağının səbəbləri ona bildirilməmişdir. Bununla da onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 16 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda iddiaçının peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsini həmçinin yüksək səviyyəli ixtisaslı mütəxxəsis olmasını nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar məqsədəuyğun hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik etdiyi üçün hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 10 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir və öz arzusuna əsasən ehtiyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının müraciətini baxılmamış saxladığından hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da, malik olur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu sifarişli poçt göndərişləri ilə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar