Məhkəmə qərarları › İş №2-1(112)-4196/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4196/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4196/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (3-cü şəxs: 86 nömrəli tam orta məktəb) “əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edilməsi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-ni 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməməsi, eyni zamanda Azərbaycan Respublikası ƏMnin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165- ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi əsas gətirilərək X1 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1,5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cavid Əliyev həmin qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edilməsi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmişdir. Həmin məbləğin müəyyən edilib ona ödənilməsi üçün ərizələrlə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişdir. Həmin müraciətlərdən sonra 03 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə ona çatdırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin 03 iyul 2024-cü il tarixli məktubundan görünür ki, müraciətləri təmin olunmamış və ona həmin məsələlərlə bağlı məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. Halbuki bu məktub iddiaçıya çatdırılana qədər, yəni 03 oktyabr 2024-cü il tarixə qədər müraciətləri cavablandırılmadığına görə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin, həmçinin DOST Xidmətinə ərizələrə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə 86 nömrəli tam orta məktəbinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Məhkəmə cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə münasibətdə diqqətə çatdırır ki, həmin Xidmət inzibati orqan statusuna malik olsa da, iddiaçının mövcud tələbi üzrə hüquqi cavabdehlik daşımır. Belə ki, iddiaçının irəli sürdüyü tələbin mahiyyəti onun Bakı şəhəri 86 nömrəli tam orta məktəbində gözətçi vəzifəsində işlədiyi dövrdə ödənilməmiş əməkhaqqının ödənilməsi ilə bağlıdır. Halbuki, X2 Xidməti belə bir tələbin icrası ilə bağlı hüquqi məsuliyyətə malik deyildir. Çünki Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamənin 2.1-ci bəndinin normasına görə bu qurum əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək və bu sahədə dövlət siyasətinin icrasını təmin etmək funksiyasını yerinə yetirir. Bundan başqa, Xidmətin fəaliyyət dairəsinə əmək qanunvericiliyinə nəzarətlə bağlı normativ bazanın təkmilləşdirilməsində iştirak etmək və bu sahədə qanunvericiliklə nəzərdə tutulan digər tədbirləri həyata keçirmək daxildir. Beləliklə, X2 Xidmətinin əsas funksiyası əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin həyata keçirilməsidir. Lakin iddiaçının konkret əməkhaqqı tələbi ilə bağlı mübahisə, onun işəgötürən orqan qarşısında həll edilməli olan mülki-hüquqi xarakterli məsələdir. Bu səbəbdən, işəgötürən tərəfindən əməkhaqqının ödənilməməsi faktı olsa belə, X2 Xidməti bu tələbin birbaşa icraçısı və ya cavabdehi kimi çıxış edə bilməz. Müvafiq hallarda Xidmət yalnız əmək qanunvericiliyinin pozulması faktlarını araşdırmaq, inzibati tədbirlər görmək və aidiyyəti qurumlara təqdim etmək səlahiyyətinə malikdir. Belə olan halda X2 Xidməti iddiaçının hazırki tələbi üzrə cavabdehlik daşımır. Digər cavabdehə münasibətdə isə Məhkəmə aşağıdakiları diqqətə çatdırır. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmir. Qeyd olunmalıdır ki, tərəflərdən biri olan cavabdehin inzibati orqan olması da iddianın mümkünlüyü baxımından vəziyyəti dəyişmir. Belə ki, hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın ümumilikdə hakimiyyət səlahiyyətinə malik olması, publik sferada olan münasibətlərin tərəfi olması və həmin sferada digər şəxslərlə yaranmış mübahisələrin inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsinin mümkün olması şübhə doğurmur. Lakin hazırkı iddiaçı ilə yaranmış mübahisəyə münasibətdə cavabdeh hakimiyyət səlahiyyətinə malik olmamış, hazırkı mübahisə fərdi əmək mübahisəsi olmaqla xüsusi hüququn nizamasalma predmetinə daxil olmaqla publik hüquqi münasibətlərinə aid olmayan münasibətdən yaranmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı gözətçi vəzifəsində işləmiş və o, dövlət qulluqçusu hesab edilməmişdir. O, cavabdehə münasibətdə bərabərtərəfli subyekt işçidir. Cavabdeh isə hazırkı əmək mübahisəsində hakimiyyət səlahiyyəti daşıyan inzibati orqan yox, əmək qanunvericiliyində təsbit olunmuş əmək münasibətlərinin digər tərəfi kimi işəgötürəndir. Bərabərtərəfli əmək münasibətlərinin tərəfi olan işçi və işəgötürən arasında yaranmış əmək mübahisəsinin həlli isə işəgötürən inzibati orqan olsa belə inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında həll edilməlidir. Belə ki, cavabdehin iddiaçıya münasibətdə hakimiyyət səlahiyyəti mövcud olmamışdır. Əmək Məcəlləsinin: Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Sadalanan normaların tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, qurumun hətta inzibati akt qəbul etmək səlahiyyətinə malik olması belə fərdi əmək mübahisəsinə baxılmasının mütləq qaydada inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsinə dəlalət etmir. Belə ki, inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan dövlət qulluqçusu, hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi xüsusi kateqoriyaya malik olan şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini həyata keçirən qurum qismində çıxış etdiyindən işdən azad olunma, məzuniyyətin verilməsi və həmin şəxslərlə bağlı digər sənədləşmə çərçivəsində qəbul edilən əmr, qərar və sərəncamlar inzibati akt üçün nəzərdə tutulmuş xarakterə malikdir. Həmin qurumlarda göstərilən kateqoriyaya malik olmayan şəxslər isə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bərabərhüquqlu tərəf kimi əmək müqaviləsinə əsasən qarşılıqlı hüquq və vəzifələr daşıdığından burada hakimiyyət səlahiyyətindən və qeyri-bərabər mövqedən, dolayısı ilə işə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar