Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4197/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, vəkil Nümayəndə (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (məsləhətçi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçılar İddiaçı1 MMC, "xxxx" MMC-nin təsisçisi İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı hərəkətinin qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 MMC, "xxxx" MMC-nin təsisçisi İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin rəsmi YouTube kanalında “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarxında 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər İddiaçı1 MMC-nin **-AA-*** dövlət nömrəli nişanlı avtomobil göstərilməsində ifadə olunan Bakı Nəqliyyat Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı Nəqliyyat Agentliyi tərəfindən YouTube kanalında yerləşdirilmiş “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarxından 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər olan hissəsinin video çarxdan çıxarılması vəzifəsinin qoyulması, Bakı Nəqliyyat Agentliyi tərəfindən İddiaçı1 MMC-dən və onun X3 İddiaçı2 rəsmi qaydada üzr istənilməsi, Bakı Nəqliyyat Agentliyi tərəfindən İddiaçı1 MMC-yə vurulmuş ziyana görə 500.000 (beş yüz min) manat, İddiaçı1 MMC-nin X3 İddiaçı2 vurulmuş ziyana görə 1.000.000 (bir milyon) manat və İddiaçı3 vurulmuş ziyana görə 100.000 (yüz min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı Nəqliyyat Agentliyi tərəfindən İddiaçı1 MMC-dən və onun X3 İddiaçı2 rəsmi qaydada üzr istənilməsi, Bakı Nəqliyyat Agentliyi tərəfindən İddiaçı1 MMC-yə vurulmuş ziyana görə 500.000 (beş yüz min) manat, İddiaçı1 MMC-nin X3 İddiaçı2 vurulmuş ziyana görə 1.000.000 (bir milyon) manat və İddiaçı3 vurulmuş ziyana görə 100.000 (yüz min) manat ödənilməsi hissəsində qeyri-mümkün hesab edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC “Bakı Klinikası - Baku Clinic” adı altında uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən və tanınmış tibb mərkəzidir. Həmin şirkətin sahibi və direktorlar şurasının sədri olaraq İddiaçı2 da iş qadını kimi həm Azərbaycanın, həm də xarici ölkələrin biznes aləmində və iş adamları daxilində kifayət qədər tanınır və müsbət nüfuza malikdir. İddiaçı2 İddiaçı1 MMC ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən digər büyük şirkətlərin də sahibidir. 19 noyabr 2021-ci il tarixində Bakı Nəqliyyat Agentliyi tərəfindən (bundan sonra Agentlik) “YouTube” video sosial şəbəkəsində özünün rəsmi YouTube kanalında “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarx yayınlanmışdır. Video çarxı izləməyə başlayan kimi 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər İddiaçı1 MMC-yə məxsus, onun MMC-nin X3 İddiaçı2 xidməti maşını olan **-AA-*** dövlət nömrə nişanlı avtomobil göstərilir. Həmin avtomobili göstərdikdən sonra Agentlik görüntü ilə bağlı aşağıdakıları bildirir: “Avtobusdakı sərnişinlərə kimliyin önəmli deyil, onsuzda onlar həmin an sənin haqqında lazım olanı düşünürlər” və sonda Agentlik aşağıdakını bildirir: “Sən avtobusda gedəndən artıq deyilsən!“. Həmin videoçarxda avtomobilin **-AA-*** dövlət nömrə nişanı, avtomobilin sürücüsü İddiaçı3 açıq-aydın göstərilir. Təbii ki, hər hansı şirkətin, onun vəzifəli şəxsinin xidməti nəqliyyat vasitəsinin hər hansı yol hərəkəti qaydasını pozması heç bir halda bu şirkətin ətrafdakılardan artıq olmasının düşünməsi, digərlər şəxslərə mənfi münasibət bəslədiyini səciyyələndirə bilməz. Qeyd etmək lazımdır ki, Bakı şəhərində quraşdırılmış kameralardan istifadə edərək fiziki və hüquqi şəxsləri fərdiləşdirməyə imkan verən həddə video çəkiliş aparıb, əlavə onlara aid olmayan, xasiyyətinə uyğun gəlməyən fikirlərlə müşayiət etdirilərək internet resurslarda, kütləvi informasiya vasitələrində yaymaq hüququ heç bir qanunla Agentliyə verilməmişdir. Bu kameralardan şəxsi toxunulmazlıq hüququnun pozulması kimi istifadə edilməsi, dövlət nömrə nişanını, sürücünün üzünü açıq aşkar göstərməklə şirkətə məxsus avtomobilin iddiaçıları müəyyənləşdirəcək, fərdiləşdirəcək qədər internetdə, kütləvi informasiya vasitələrində yayılması birbaşa onların qanunla qorunan hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 32 maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) əsasən: İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nə Azərbaycan Respublikası qanunvericiliyinə, nə də Agentliyin nizamnaməsinə əsasən Agentliyin hüquqları arasında şəxslərin xəbəri və razılığı olmadan onları fərdiləşdirməyə imkan verən bu cür video çarxların hazırlanması və yayımlanması hüququ yoxdur. Hətta, bu inzibatı xətadırsa belə, şəxsin fərdiləşdirilməsinə imkan verən video çəkilişin ictimailəşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə ziddir. Belə ki, həmin maddəyə əsasən barəsində inzibati icraat aparılan şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış video çəkilişin kütləvi informasiya vasitələrində yayımlanması özü inzibati xətadır. Qanun, hətta, bu halda da inzibati icraat aparılan şəxsin razılığı olmadan yayıma icazə vermir, bunu qadağan edir. Agentliyin yayımladığı bu 2:05 dəqiqəlik video çarxın 30 saniyəsi ərzində **-AA-*** dövlət nömrə nişanın fərdiləşdirilməsi mümkün olacaq dərəcədə aşkar göstərilməsi və Agentlik tərəfindən yuxarıda göstərilən ifadələrin verilməsi isə istənilən izləyicidə məhz həmin avtomobilin məxsus olduğu şirkət, həmin şirkətin sahibi və avtomobil sürücüsü barədə mənfi emosiya və fikir oyatmağı hədəf kimi şərtləndirir. Elə bunun nəticəsi olaraq həmin videoçarx youtube sosial şəbəkəsində yayımlandıqdan sonra bir çox kütləvi informasiya vasitələrində avtomobilin məxsus olduğun şirkət (“İdeal Tibb Şirkəti’' MMC), onun X3 və sahibi barəsində yazılar getmiş, İddiaçı2 fotoları yayımlanmış, hansısa şəxslərlə əlaqələrinin olması qeyd edilmiş, sosial şəbəklərdə müzakirələr başlamışdır. Elə həmin vidoeçarxın alt hissəsində olan kommentariyaların əksəriyyətində **-AA-*** dövlət nömrəli avtomobilin sahibləri haqqında xoşagəlməz, hətta, təhqiramiz ifadələr işlədilmişdir. Təbii ki, bunun səbəbi videoçarxda hüquqlarının pozularaq onları fərdiləşdirməyə imkan verən məlumatların verilməsi olmuşdur. Agentliyin bu hərəkətləri İddiaçı1 MMC-nin, onun X3 İddiaçı2 hüquqlarının pozulmasına, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə və onlar haqqında ictimaiyyət arasında mənfi təsəvvürlərin yaranmasına səbəb olmuş, o cümlədən İddiaçı2 və ailə üzvlərinin həyat və sağlamlığını, təhlükəsizliyini risk altına almışdır. Yuxarıda qeyd edildiyi kimi bu video çarxdan sonra əksər kütləvi informasiya vasitələri eyni ilə bu videoçarxı öz internet saytlarında, sosial şəbəkələrdə yerləşdirmiş, bir çox xoşagəlməz yazıların getməsi və sosial şəbəkə istifadəçiləri arasında müzakirələrin (müəyyən hallarda **-AA-*** dövlət nömrəli avtomobilin sahibinin, sürücüsünün ünvanına təhqir sözləri ilə müşayiət olunmaqla) başlanması səbəb olmuş, şirkətə və şirkətin sahibinə müxtəlif şəxslərdən zənglər başlamış, avtomobil, sürücüsü, şirkət və sahibi haqqında suallar verilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan AD № 535095 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz S560 Maybach” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 MMC-nə məxsusdur. İşdə olan Azəbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı1 MMC-nin xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçsi X2r. İşdə olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2013-cü il tarixindən əmək müqaviləsi üzrə İddiaçı1 MMC-də sürücü vəzifəsində işləyir. İşdə olan iddiaçılar tərəfindən ünvanlanmış 17 yanvar 2022-ci il tarixli müraciətə cavab tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli, 09-xx-xx/00233 saylı cavab məktubundan görünür ki, iddiaçının Bakı Nəqliyyat Agentliyi tərəfindən 19 noyabr 2021-ci il tarixdə “YouTube” video sosial şəbəkəsində “Özünü avtobuslardakılardan üstün görənlər” adlı video çarxın yayımlanması ilə bağlı müraciətinə Bakı Nəqliyyat Agentliyində baxılmış və bildirilmişdir ki, Agentlik Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilini, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə qarşı mübarizəni, habelə aidiyyəti qurumlarla birlikdə nəqliyyatın fasiləsiz axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasını həyata keçirən publik hüquqi şəxsdir. Bu baxımdan, ölkə başçısının tapşırıqlarının yerinə yetirilməsi və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatmaları məqsədilə tərəflərindən mütəmadi olaraq tədbirlər görülür, yeni sərnişin avtobusları alınır, avtobus dayanacaq məntəqələri və avtobus zolaqları təşkil edilir və bu istiqamətdə digər işlər həyata keçirilir. Avtobus zolağında digər nəqliyyat vasitələrinin hərəkəti və durması (dayanması) qadağandır. Lakin son dövrlərdə avtobus zolağında digər nəqliyyat vasitələrinin hərəkəti və durması halı çoxalmışdır. Bu da öz növbəsində müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsinə, gündəlik səfər sayı 2 milyondan çox olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə vaxtında çatmasına çətinlik yaradır. Odur ki, avtobus zolağında digər nəqliyyat vasitələrinin durmasına və hərəkətinə qadağanın müəyyən edilməsinin ictimai əhəmiyyətini nəzərə alaraq Agentlik tərəfindən dayanma və durma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, bu məsələyə münasibətdə ictimai fikrin (qınağın) formalaşdırılması məqsədilə də müvafiq işlər görülmüşdür. Şəhərin müxtəlif yerlərində quraşdırılmış müşahidə kameralarının avtobus zolağı ilə bağlı video görüntülərinin yayılması da məhz bu məqsədə xidmət edir. Həmçinin bu tip video görüntülərin yayılması vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmış və bunun nəticəsində avtobus zolağında hərəkət edən və duran nəqliyyat vasitələrinin sayında azalmalar müşahidə olunmuşdur. Göründüyü kimi, Agentlik tərəfindən görülən bu tədbirlər qarşıya qoyulmuş məqsədin təmininə xidmət etmişdir. Müraciətdə qeyd edilən 19 noyabr 2021-ci il tarixli videogörüntü də paylaşılarkən ictimai əhəmiyyət kəsb edən məsələnin, yəni gündəlik səfər sayı 2 milyondan çox olan ictimai nəqliyyat istifadəçilərin maraqlarının təmini əsas götürülmüş, hər hansı konkret şəxs, o cümlədən hazırkı müraciətin sahibləri hədəf kimi nəzərdə tutulmamışdır. O da diqqətə alınmalıdır ki, “Fərdi məlumatlar haqqında" Qanunun 2.1.1-ci maddəsinə əsasən fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Lakin mövcud qanunvericiliyə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı onun sahibini və ya istifadəçisini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan vermir və müvafiq məlumatları yalnız aidiyyəti şəxslərə və ya dövlət orqanlarına müraciət edilməsi nəticəsində əldə etmək mümkündür. Hətta qeyd edilən məlumatların fərdi məlumatlara aidliyi güman edilsə belə onların konfıdensiallığının təmini tələb olunmadığından həmin məlumatlar açıq kateqoriyalı fərdi məlumatlar hesab edilməlidir. Həqiqətən də qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nəinki gizli saxlanılması tələb olunmur, tam əksinə dövlət qeydiyyat nişanının təmiz saxlanılmamasına, onun görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, ictimai yerlərdə hamıya aşkar şəkildə quraşdırılmış kameralar vasitəsi ilə qeydə alınmış video görüntülərin ictimai əhəmiyyət kəsb edən məqsədlər üçün yayılması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi də qiymətləndirilə bilməz. Digər tərəfdən, qeyd edilən video görüntülərdə istifadə edilən sözlər konkret hər hansı şəxsin şərəf və ləyaqətini ləkələmək mahiyyətində olmayıb sərnişinlərin rahat və təhlükəsiz hərəkətində ictimai nəqliyyatın əhəmiyyətini göstərmək, eləcə də avtobus zolağında digər nəqliyyat vasitələrinin saxlaması nəticəsində təyinat nöqtəsinə vaxtında çatmayan şəxslərin düşüncələrini (fikirlərini) ifadə etməklə bağlı olmuşdur. Həmçinin hazırkı məktubdan aydın görünür ki, müraciət edənlərin şərəf və ləyaqətlərini ləkələdiyi iddia edilən ifadələr Agentliyin hərəkətləri ilə deyil, məhz törədilmiş hüquq pozuntusuyla bağlı başqa şəxslərin sosial şəbəkələrdə yazılmış rəyləri ilə əlaqədardır. Bundan əlavə Agentliyə məxsus müşahidə kameraları vasitəsi ilə qeydə alınmış video görüntülər əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmamış, həmin fakta görə hər hansı şəxs inzibati məsuliyyətə cəlb edilməmişdir. Bu səbəbdən həmin video çəkilişlərin yayılması İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinin tələblərinin pozulmasına da səbəb olmur. Beləliklə Agentlik tərəfindən qeyd edilən video görüntülər paylaşılmaqla hər hansı hüquqa zidd hərəkətlərə yol verilmədiyindən Agentliyin məsuliyyəti də istisna edilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Həmin Nizamnamənin 3.1.24-cü bəndinə əsasən sərnişindaşıma sahəsində daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə sərnişindaşıma xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının qorunması üçün tədbirlər görmək agentliyin vəzifəsidir. Hazırki mübahisə üzrə iddiaçılar cavabdehin rəsmi YouTube kanalında “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarxda 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər İddiaçı1 MMC-nin **-AA-*** dövlət nömrəli nişanlı avtomobil göstərilməsində ifadə olunan Bakı Nəqliyyat Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsini və video çarxdan 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər olan onlara aid olan hissəsinin çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edirlər. Məhkəmə tərəfindən bununla bağlı cavabdehin rəsmi YouTube kanalında yayımlanmış həmin videoçarxa baxış keçirilmişdir. Videoçarxa baxış keçirilərkən müəyyən edilir ki, həmin videoçarx qayda pozuntuların qarşısının alınması ilə bağlı ictimai qınağın yaradılması, həmçinin ictimai maarifləndirmə məqsədi daşımaq məqsədi ilə hazırlanmışdır. Həmin videoçarxda Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılmış müşahidə kameralarından əldə edilmiş görüntülərdən istifadə edilmişdir. Məlum olduğu kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən bir neçə küçə və prospektdə avtobus zolaqları çəkilmişdir. Bu o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz. Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Sözügedən videoçarxın 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər olan hissəsində **- AA-*** dövlət nömrəli nişanlı avtomobilə dair görüntülər əsk olunmuşdur. Həmin görüntülər əsasında sözügedən qeydiyyat nişanlı avtomobilin sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulan zolağa çıxmaqla, yol-hərəkəti qaydalarını pozması ehtimal edilir. İddiaçı tərəf müşahidə kamerası vasitəsi ilə qeyd alınmış həmin görüntülərin cavabdeh tərəfindən toxunulmazlıq hüququnun pozulması kimi istifadə edilməsi, dövlət nömrə nişanını, sürücünün üzünü açıq aşkar göstərməklə şirkətə məxsus avtomobilin iddiaçıları müəyyənləşdirəcək, fərdiləşdirəcək qədər internetdə, kütləvi informasiya vasitələrində yayılmasının birbaşa onların qanunla qorunan hüquqlarına zidd olduğunu iddia edirlər. Lakin məhkəmə göstərilənlərlə razılaşmayaraq qeyd edir ki, sözügedən videoçarx konkret şəxslər dairəsinə qarşı yönəlməmişdir. Belə ki, videoçarxda təkcə iddiaçıya məxsus nəqliyyat vasitəsinin görüntüsündən deyil, qayda pozması ehtimal edilən digər nəqliyyat vasitələrinin görüntülərindən də istifadə olunmuşdur. Bu da onu göstərir ki, məqsəd vəzifəsindən və statusundan asılı olmayaraq qayda pozan sürücülərin ictimailəşdirilərək, onların həmin qayda pozuntularından çəkindirilməkdir. Bu isə sərnişindaşıma xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının qorunması üçün tədbirlər görmək məqsədi daşıyır və göstərilən maraqların təmin edilməsi cavabdehin birbaşa vəzifəsinə daxildir. İddiaçıların iddia tələbləri üzrə gətirdikləri digər dəlillərə münasibətdə isə məhkəmə qeyd edir ki, ictimai yerdə quraşdırılmış videogörüntülər əsasında nəqliyyat vasitəsinin görüntüsünün dövlət qeydiyyat nişanı aşkar oxunacaq vəziyyətdə maarifləndirici videoçarxda istifadə edilməsi toxunulmazlıq hüququnun pozulması kimi qəbul edilə bilməz və bu həmin nəqliyyat vasitəsi sahibinin fərdi məlumat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Fərdi məlumatlar haqqında" Qanunun 2.1.1-ci maddəsinə əsasən fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Qanunvericiliyin tələbləri üzrə bütün nəqliyyat vasitələri dövlət qeydiyyat nişanları yerində olmaqla idarə edilməlidir və nəqliyyat vasitələrinin sürücüləri dövlət qeydiyyat nişanının görünməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı onun sahibini və ya istifadəçisini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan vermir və müvafiq məlumatları yalnız aidiyyəti şəxslərə və ya dövlət orqanlarına müraciət edilməsi nəticəsində həmin məlumatı əldə etmək mümkündür. Digər tərəfdən məhkəmə onu da nəzərdə alır ki, nəqliyyat vasitəsi mülkiyyətçisi tərəfindən istənilən vaxt digər şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. Yəni nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən məlumata daxil deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılarının dəlilləri əsassız olduğundan, Bakı Nəqliyyat Agentliyinin rəsmi YouTube kanalında “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarxında 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər İddiaçı1 MMC-nin **-AA-*** dövlət nömrəli nişanlı avtomobil göstərilməsində ifadə olunan Bakı Nəqliyyat Agentliyinin hərəkətlərinin qanunsuz olması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadığından həmin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən YouTube kanalında yerləşdirilmiş “Özünü avtobusdakılardan üstün görənlər” adlı video çarxından 0:05-ci saniyədən 0:35-ci saniyəyə qədər olan hissəsinin video çarxdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiaçıların tələbləri əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-cü maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4197/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4197/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver