Məhkəmə qərarları › İş №2-1(112)-4197/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4197/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4197/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı Qanuni nümayəndə cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddiaçının əsl iddiaçı Qanuni nümayəndə ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Cəbrayıl rayonudur. İddiaçı hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı zamanında vahid aylıq müavinət almışdır. Nəzərə alınmalıdır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verilmişdir. Cavabdehin etirazı: Cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı “övladı Qanuni nümayəndə məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/5143 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"/n 4.1.6cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statutusu verilir. Bildiririk ki, X2 yaşayış yeri üzrə qeydiyyatı Beyləqan rayonu, Yurxarı Aran kəndin də olduğu üçün istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir. Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Qanuni nümayəndə atası İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2i ünvanına, Qanuni nümayəndə anası X1 rayonu, Yuxarı Aran kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qanuni nümayəndə anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və "Beyləqan rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə Qanuni nümayəndə anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Seriya AA******* şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Xudiyev X3 rayonu, Quyçaq Ərazi D., Şəybəy kəndi ünvanında qeydiyyatdadır. Seriya AZE 16479367 şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X8 ünvan 6 ünvanında qeydiyyatdadır. Seriya AA №15771 məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür və 1993-cü ildə Nizami rayonunda məskunlaşmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı X9 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin 04 ayının 01 günündə 89 №-li qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya cavab məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdü İddiaçı xx.xx.2005-ci il tarixdən Cəbrayıl rayonu, Şəybəy kəndində, xx.xx.1983-cü il təvəllüdlü X8 xx.xx.2011-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Şəybəy kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Qanuni nümayəndə doğulduğu tarixdən yəni 2002-ci ildən 2010-cu ilə kimi Cəbrayıl rayonundan vahid aylıq müavinət ödəmiş, 2010-cu ildə valideynləri rəsmi məhkəmə qətnaməsi ilə boşandıqları üçün Qanuni nümayəndə məcburi köçkün statusu olmayan anasının himayəsinə verildiyi üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, onun anası X4 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, iddiaçı Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci yarımbəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsi düşmür. Məhkəmə qeyd edir hazırki iddia tələbinin mahiyyətinin və imtina məktubunun əsaslı olub-olmamasına qiymət verilməsi üçün aşağıdaki göstərilən əsaslara münasibət bildirir:

1. İddiaçının atasının məcburi köçkün statusuna malik olması;

2. İddiaçı tərəfindən dövlətin təyin etdiyi yardımların alınmasıdır. Məhkəmə ilkin olaraq iddiaçının atasının məcburi köçkün statusuna malik olmasına münasibət bildirir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının atası xx.xx.1972cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malik olmuş və onun məcburi köçkün statusuna malik olması ilə bağlı ona AA 15771 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçının atası hazırda faktiki olaraq Nizami rayonun ərazisində məskunlaşmış, onun yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olmuş Cəbrayıl rayonun ərazisidir. Məhkəmə qeyd edir ki, iddiaçının atasının məcburi köçkün statusuna malik olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən dövlətin təyin etdiyi yardımların alınmasına münasibət bildirir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının aylıq müavinət alması ilə bağlı məhkəmə araşdırılması zamanı Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş arayışın surətindən görünür ki, Şəybəy kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Qanuni nümayəndə doğulduğu tarixdən yəni 2002-ci ildən 2010-cu ilə kimi Cəbrayıl rayonundan vahid aylıq müavinət ödəmiş, 2010-cu ildə valideynləri rəsmi məhkəmə qətnaməsi ilə boşandıqları üçün Qanuni nümayəndə məcburi köçkün statusu olmayan anasının himayəsinə verildiyi üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin olunmuş aylıq müavinətin hazırki mərhələdə dayandırılması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, zamanında iddiaçıya aylıq müavinət təyin edilərkən müvafiq icra hakimiyyəti orqanı şəxsin məcburi köçkün olmasını qəbul etmişdir ki, bununla da ona məhz məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin ödənilməsini həyata keçirmişdir. Hazırda hər hansı bir səbəbdən iddiaçıya müavinətin dayandırılması iddiaçının əvvəlki hüquqlarının mövcudluğunu istisna etmir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.” Göründüyü kimi oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı maddəsi sonradan qəbul edildiyindən, həmin Qaydalarin qəbul edildiyi tarixdən əvvəl doğulan vətəndaşlara münasibətdə vəziyyətini ağırlaşdırdığı səbəbi ilə geriyə tətbiqi edilə bilməz. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Qanuni nümayəndə məcburi köçükn statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar