Məhkəmə qərarları › İş №2-1(112)-4198/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4198/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4198/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə “Naxçıvan MSSRın 40 illiyi” adına sovxozda işə girməklə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci ildə İliç rayon tarix-diyarşünaslıq muzeyində nəzarətçi vəzifəsinə təyin edilmişdir. 1984-cü ilin 24 noyabrında isə ADU-nun kitabxanaçılıq fakültəsində oxuduğu üçün İliç rayon Mərkəzi kitabxanasına kitabxanaçı kimi işə qəbul edilmişdir. Uzun müddət orada kitab fondunun müdiri, xx.xx.1994-cü ildən isə kitabxananın metodika şöbəsinə müdir təyin edilərək, 1997ci ilin 07 noyabradək həmin vəzifədə işləmişdir. xx.xx.1997-ci il tarixdə İ.Allahverdiyev adına Gəmi Təmiri və Gəmiqayırma zavodunda mühəndis-laborant kimi işə başlayaraq xx.xx.2001-ci ilədək orada işləmişdir. xx.xx.2006-ci ildən xx.xx.2012–ci il tarixinədək 762,89 manat sığorta kapitalı, 16 ay 8 gün əmək stajı olmaqla, cəmi 25 ildən artıq əmək stajı toplamışdır. xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə imtina cavabı vermişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh bildirmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona hüququ yaranan vaxtdan, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçı R.lbrahimovanın təqdim etdiyi əmək kitabçasının, Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına əsasən mövcud sosial sığorta stajı cəmi 14 il 10 ay 20 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 5 ay 20 gün sığorta stajına uyğun olaraq 10954,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 762,89 manat olmaqla, ümumilikdə 11717,51 manat təşkil edir. Bundan başqa R.lbrahimovanın əmək kitabçasında qeyd olunmuş Şərur rayon Dövlət Arxivinin müvafiq arxiv arayışına əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur rayon Mərkəzi Kitabxanasında ona 1977-ci il üzrə 4 ay, 1978-ci il üzrə 10 ay, 1979-cu il üzrə 10 ay, 1980-ci il üzrə 9 ay, 1981ci il üzrə 5 ay, 1992-ci il üzrə 10 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 3 ay əmək haqqı ödənilmiş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “İ.Allahverdiyev" adına Gəmi təmiri gəmiqayırma zavodunda 1997-ci il üzrə 11 ay, 1998-ci il üzrə 12 ay, 1999-cu il üzrə 12 ay, 2000-ci il üzrə 10 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı hesablandığı məlum olmuş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Bu səbəbdən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasının imkan xaricində olması bildirilmişdir. Bundan sonra, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında onun barəsində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. R.lbrahimovanın xx.xx.2022-ci il tarixli məktubla Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının, Şərur rayon Dövlət Arxivinin 26 04.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına əsasən mövcud sosial sığorta stajı cəmi 14 il 10 ay 20 gün təşkil edir və mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir. İddiaçı Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına və “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən “Naxçıvan MSSRnin 40 illiyi” adına sovxozda və Şərur rayon Mərkəzi Kitabxanasında və “Bibiheybət” Gəmi təmiri zavodunda əmək haqqı almadığı aylar sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 11 il 1 ay təşkil edir. Hazırkı iş üzrə mübahisələndirilən dövrlərin obyektiv və hər tərəfli araşdırılması məqsədilə Şərur rayon Dövlət Arxivinə və "Bibiheybət" Gəmi təmiri zavoduna sorğu ünvanlanmış və mübahisələndirilən dövrlərə dair hər hansı məlumat tapılmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı mübahisəsiz iş stajı cəmi 14 il 10 ay 20 gün təşkil edir və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci mədəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyrimümkündür. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilə qədər “Naxçıvan MSSR-ın 40 illiyi” adına sovxozda fəhlə, xx.xx.1981-ci ildən İliç rayon tarix-diyarşünaslıq muzeyində nəzarətçi, xx.xx.1984-cü ildən İliç rayon Mərkəzi kitabxanasına kitabxanaçı, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Şərur rayon Mərkəzi Kitabxanasında metodika şöbəsinə müdir vəzifəsində işləmiş, xx.xx.1997-ci ildən İ.Allahverdiyev adına Gəmi Təmiri və Gəmiqayırma zavodunda Laboratoriya şöbəsində mühəndis, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilə qədər İstehsalat hazırlığı bürosunda 3-cü dərəcəli böyük anbardar vəzifəsində işləmişdir. Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayon Mədəniyyət Şöbəsinin sənədlərinə baxıldıqda müəyyən olundu ki, İddiaçı Şərur rayon Mədəniyyət Şöbəsinə işə girmə əmrinə rast gəlinmədi, lakin xx.xx.1982-ci il tarixli 23 nömrəli əmrlə analıq məzuniyyətinə buraxılması, xx.xx.1982-ci il tarixli 60 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığından işdə hesab edilməsi, xx.xx.1984-cü il tarixli 108 nömrəli əmrələ tutduğu vəzifədən azad edilərək İliç rayon X2 Xidmət Şöbəsində kitabxanaçı təyin olunması və xx.xx.1997-ci il tarixli 14 nömrəli əmrlərlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. Təqdim olunan arxiv arayışında qeyd olunur ki, İddiaçı 1977-1997-ci illərin müvafiq aylarında Nax MSSR-nin 40 illiyi adına sovxozda və Şərur rayon Mədəniyyət Şöbəsində işləmiş və göstərilən qaydada əməkhaqqı alması arxiv sənədlərində göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli iddiaçıya ünvanladığı məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sığortaolunanın hesabı barədə məlumatdan çıxarışa əsasən İddiaçı 2006-cı ilin yanvar-sentyabr aylarında “Yeni Həyat” qəzetində (VÖEN **********), 2011-ci ilin sentyabr, oktyabr, dekabr aylarında və 2012-ci ilin yanvar, fevral, iyul, sentyabr aylarında 5 saylı Mənzil İstismar İdarəsində (VÖEN **********) işləmişdir. Həmin dövlər üzrə pensiya kapitalı cəmi 762,87 manat hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müraciətinə dair inzibati icraat materiallarını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 1977-2001-ci illər üzrə əmək fəaliyyəti göstərdiyi həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir:” Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir...İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olubolmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti;k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət...Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü hissəsinin (Sosial sığorta stajının hesablanması) 4.1.-ci bəndində göstərilmişdir: “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən”. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. Bundan başqa, 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajına yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı ona məxsus əmək kitabçasına və sığortaolunanın (iddiaçının) hesabına dair məlumata əsasən 25 il 6 ay 5 gün təşkil edir. İddiaçı xx xxxx 1959-cü ildə doğulduğu üçün 01 yanvar 2022-ci il tarixdən (62 yaş 06 ay) yaşa görə əmək pensiya hüququna malikdir. Lakin cavabdeh iddiaçının əmək stajının (cəmi 11 il 1 ay olan)bir hissəsini həmin dövr üçün əmək haqqının alınmasına dair müvafiq sənədlər arxivdə aşkar edilməməsi səbəbindən, nəzərə almaqdan imtina etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və hesab edir ki, müvafiq aylar üzrə əmək haqqlarının alınmasına dair məlumatın arxivdə aşkar edilməməsi, iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında olan qeydlərin mötəbərsizliyinə dəlalət etmir. Cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.1977-ci ildən xx.xx.2001-ci il qədər olan dövrün müvafiq ayları üzrə əmək haqqı almaması qeyd olunaraq sığorta stajına (iş stajı) daxil edilib nəzərə almadan yaşa görə əmək pensiya təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 62 yaş 6 aydan yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının (01 yanvar 2022-ci il tarixdən) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ) həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına) həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar