Məhkəmə qərarları › İş №2-1(112)-4198/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4198/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4198/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İdris oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və M 000263 saylı, xx.xx.1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və M 000263 saylı, xx.xx.1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 1993-cü ildə Bakı şəhərində X2 və Hüquq İnstitutunun (sonradan Azərbaycan Beynəlxalq Universiteti) hüquq fakültəsinə daxil olmuşdur. 1997-ci il tarixdə həmin institutun məzunu olaraq hüquqşünaslıq ixtisası üzrə M 000263 saylı, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplom verilmişdir. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən xx.xx.1999-cu il tarixli, 18 saylı arayış verilməklə qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı Sərəncamı ilə dövlət statusu almışdır və Azərbaycan Beynəlxalq Universiteti X2 və Hüquq İnstitutunun hüquqi varisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə ünvanlanmış 46-03-919/17 saylı, xx.xx.2002-ci il tarixli rəsmi cavab məktubu ilə Azərbaycan Beynəlxalq Universiteti X2 və Hüquq İnstitutunun hüquqi varisi olduğu bir daha təsdiq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə müraciət olunaraq ’’Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2009-cu il tarixli, 82 saylı Qərarı ilə müəyyən edilmiş qaydada X2 və Hüquq İnstitutu tərəfindən verilmiş M 000263 saylı, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplomun (təhsil sənədinin) dövlət nümunəli diplomla (təhsil sənədi ilə) əvəz olunması xahiş olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Ağentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-29-68/2-A-2738-4/2024 saylı imtina məktubu verilərək qeyd olunmuşdur ki, İddiaçı adına yazılmış M 000263 saylı Diplom blankı Elm və Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Bu səbəbdən müraciətdə qeyd edilən məsələnin həlli Agentliyin imkanı xaricindədir. İddiaçı hesab edir ki, cavabdeh orqanın 3-29-68/2-A-2738-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu qanunsuzdur və qanunsuz hesab olunmalıdır. Belə ki, qeyd olunan illər üzrə Bakı şəhərində fəaliyyət göstərən X2 və Hüquq İnstitutu qanuni fəaliyyət göstərmiş, institutun fəaliyyətindən Təhsil Nazirliyi xəbərdar olmuş, mütəmadi yoxlamalar aparmışdır. Daha sonar müvafiq qaydalara əsasən həmin institutun nəzdində Azərbaycan Beynəlxalq Universiteti yaradılmışdır. Odur ki, təhsil haqqında hər hansı bir məlumat almaq lazım olduqda Azərbaycan Beynəlxalq Universitetinə müraciət edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 3- 29-68/2-A-2738- 4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu qanunsuz hesab olunmaqla cavabdeh orqanın üzərinə X2 və Hüquq İnstitutu (sonradan Azərbaycan Beynəlxalq Universiteti) tərəfindən verilmiş M 000263 saylı, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplomun (təhsil sənədinin) dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1995-ci il tarixli, 11/4/203 saylı razılıq məktubu ilə X2 və Hüquq İnstitutunun fəaliyyinə Bakı şəhərində icazə verilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 28 oktyabr 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı adına yazılmış M seriyalı, 000263 nömrəli diplom blankı Elm və Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Bu səbəbdən məsələnin həlli Agentliyin imkanı xaricindədir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ərizə ilə 19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş və onun müraciəti aidiyyəti üzrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmiş və iddiaçıya məlumat verilmişdir ki, iddiaçının qeyd etdiyi təhsil haqqında sənəd ona Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmədiyinə görə məsələnin həlli Agentliyin səlahiyyətləri xaricindədir. İddiaçının qəbul imtahanlarında iştirak etməsi və yaxud ali təhsil müəssisəsində təhsil alması barədə hər hansı bir məlumat “Tələbə-məzun” dövlət elektron məlumat sistemində (ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatları ehtiva edir) aşkar edilməmişdir. Azərbaycan Beynəlxalq Universitetinin Nizamnaməsi 17 oktyabr 1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında qeydiyyata alınmış və ona 7 noyabr 1997-ci il tarixli, 15 №li şəhadətnamə ilə hüquqi şəxs statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204 s saylı qərarı ilə Azərbaycan Beynəlxalq Universiteti dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçıya sözügedən təhsil haqqında sənədin verildiyi tarixdə (26 iyul 1997-ci il) Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamışdır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası (İPM-in 2.2.2) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Odur ki, məhkəmə tərəfindən iddianın mümkünlüyünü istisna edən hal aşkar olunmamışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin 13 iyun 2025-ci il tarixli, 3-29-68/2-1256/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, sorğuda göstərilən M 000263 seriya nömrəli, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli təhsil haqqında sənəd İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Belə ki, İddiaçı Rusiya Federasiyası X2 və Hüquq İnstitutunun Bakı filialından məzun olduğu dövrdə qüvvədə olan (xx.xx.1992, № 324) Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Rusiya Federasiyası X2 və Hüquq İnstitutunun Bakı filialının məzunlarına fəaliyyət göstərdiyi dövr ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom verilməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrini bitirən məzunlara Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "M” seriyalı dövlət nümunəli diplom blankı verilməmişdir. Bundan əlavə, İddiaçı qəbul imtahanlarında iştirak etməsi və yaxud ali təhsil müəssisəsində təhsil alması barədə hər hansı bir məlumat “Tələbə-məzun” dövlət elektron məlumat sistemində (ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatları ehtiva edir) aşkar edilməmişdir. xx.xx.2002-ci il tarixli məktubun verilməsinə əsas olmuş sənədlər və ya məktubda qeyd edilənlərə əsasən müvafiq hüquqi varisliyin olub-olmamasını təsdiq edən sənədlərlə bağlı məlumat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron sistemində aşkar edilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, həmin məktubun forması və məzmunu, həmçinin imzalayan şəxsin məktubdakı imzası onun həqiqiliyinə dair əsaslı şübhələr yaradır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsində qeyd olunmuşdur ki, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Ona görə də həmin Məcəllənin 56-cı maddəsində göstərilən hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi ilə bağlı normalar münasibətlərə tətbiq edilə bilməz. Qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Yəni, İddiaçı sorğuda göstərilən M 000263 seriya nömrəli, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli təhsil haqqında sənədin verildiyi tarixdə Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamışdır. Yuxarıda göstərilənlərə əsasən Rusiya Federasiyası X2 və Hüquq İnstitutunun Bakı filialı tərəfindən İddiaçı verilmiş M 000263 seriya nömrəli, 26 iyul 1997-ci il tarixli, 076 qeydiyyat nömrəli təhsil haqqında sənədin sorğuda qeyd edildiyi kimi analoji olan diplomla əvəzləşdirilməsi həyata keçirilə bilməz. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. Həmin Qanunun 1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 26.1-ci maddəsinə görə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Həmin Qanunun 27.1-ci maddəsionə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş (Fərmanın 1-ci bəndi 6 may 2017-ci il tarixli Fərmanla ləğv ediulmişdir) «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 6-cı bəndinə görə Komissiyanın vəzifələri sırasına Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Nizamnamənin 2-ci bəndinə görə Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir. Göründüyü kimi, mövcud qanunvericilik ali təhsil müəssisələrinin ləğv olunduğu halda, onların məzunlarına diplomların, o cümlədən diplomların dublikatlarının verilməsini müvafiq arxiv arayışına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilməsini mümkün sayır. Məhkəmə qeyd edir ki, hazırkı İddiaçı vaxtilə keçirilən qəbul imtahanlarının nəticələri hər hansı təhsil müəssisəsinə qəbul olunmaması və barəsində hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyi işdə olan mötəbər sübut kimi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən alınmış sorğuya cavab məktubu ilə təsdiqlənir. Məhkəmə icraatında iddiaçı tərəf bu sübutun qeyri-mötəbərliyinə dair hər hansı sübut, dəlil təqdim etməmişdir. Bundan əlavə iddiaçıya müvafiq ali təhsil müəssisəsini (hansı ki, sonradan ləğv olunmuşdur) bitirməsinə dair təhsil haqqında sənəd 26 iyul 1997-ci il tarixdə verilsə də, həmin tarixdə Azərbaycan Beynəlxalq Universiteti mövcud olmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204 s saylı Qərarı ilə sözgedən universitet qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş məktubla sabit olunur ki, Rusiya Federasiyası X2 və Hüquq İnstitutunun Bakı filialının məzunlarına fəaliyyət göstərdiyi dövr ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom verilməmiş, həmçinin, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrini bitirən məzunlara Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "M” seriyalı dövlət nümunəli diplom blankı verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və M 000263 saylı, xx.xx.1997-ci il tarixli, 076 qeydiyyat nömrəli diplomun dövlət nümunəli diplomla əvəzlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar