Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-42/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 26 yanvar 2018-ci ildə İddiaçı dindirilməsi və 27 yanvar 2018-ci ildə Baş Prokurorluğun rəsmi internet səhifəsində xəbərdarlıq (senzura) elan etməsinin İddiaçı jurnalist fəaliyyətinə müdaxilə hesab edilərək qanunsuz hesab edilməsi və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2018 saylı, 17 may 2018-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2351/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2585/2018 saylı, 17 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 134/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2351/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1935/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərardadı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2018 saylı, 17 may 2018-ci il tarixli qərardadının ləğv olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş, növbəti iclas 25.02.2020-ci il tarixə təxirə alınmış, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan “qanun pozuntularından çəkindirmək barədə” 26 yanvar 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Xural.com” internet saytının baş redaktoru X1 dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaqla yanaşı cəmiyyətdə çaşqınlıq yaranmasına və ictimai-siyasi sabitliyin pozulmasına səbəb olan, konkret faktlara əsaslanmayan məlumatlarının qəsdən və qərəzli şəkildə qanunsuz olaraq yayılmasını davam etdirdiyi təqdirdə ona cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. İşin hallarından görünür ki, iddiaçının hazırki mübahisələndirdiyi məsələ cavabdehin iddiaçıya ünvanladığı 26 yanvar 2018-ci il tarixli xəbərdarlıq ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçının hazırki mərhələdə mübahisələndirdiyi akt, yəni xəbərnamə, “Prokurorluq haqqında” Qanunun tələblərinə əsasən prokurorluq aktı sayılır. Belə ki, “Prokurorluq haqqında” Qanunun 21-ci maddəsinə əsasən, Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdaki aktlar çıxara bilər: xəbərdarlıq, təqdimat, qərar, qəradad, yazılı göstəriş, iddia ərizəsi (ərizə), məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest. Həmin Qanunun 22-ci maddəsinə əsasən Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir. Həmin Qanunun 28-ci maddəsinə əsasən, Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, prokurorluq işçilərinin hərəkət və hərəkətsizliyindən, eləcə də tərəflərindən qəbul edilən aktların məhkəmə qaydasında mübahisələndirilməsinə yol verilir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən xəbərdarlıq, Qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən prokurorluq tərəfindən tərtib olunan akt, yəni xəbərdarlıq məktubu iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə iddiaçıya ünvanlanmaqla, iddiaçının qanun pozuntularından çəkinməsinə yönəlmişdir. Başqa sözlə desək, mübahisələndirilən akt iddiaçının növbəti dəfə qanun pozuntusunu etmək halının aradan qaldırılması faktının təsdiqi üçün tərtib olunan və iddiaçının hüquq məsuliyyətinin həllində əsas götürülə biləcək sübut növüdür, iddiaçı üçün hüquqi nəticələr isə məhz cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, prokurorluq adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta (xəbərdarlığa) və digər sənədlərə istinad edir və nə qədər ki, həmin qərar qəbul edilməmişdir, iddiaçı üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Doğrudur ki, prokurorluq tərəfindən tərtib olun akt (xəbərdarlıq) rəsmi müəyyən formalı hüquqi sənəd kimi iddiaçıya cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında qərarın qəbul edilməsi kimi gözlənti yaradır, lakin bu cür gözlənti müəyyən (konkret) hüquqi nəticə hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Prokurorluq tərəfindən tərtib olunan akt, yəni xəbərdarlıq icra edilən akt deyil, sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən akt prokurorluq aktı olsa da, həmin akt iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmır. Hüquqi nəticə yaratmayan akt isə inzibati akt kimi qəbul edilmir. Bu səbəbdən iddia tələbi həmin hissədə mümkünsüz sayılmalıdır. Bundan başqa məhkəmə iddiaçının iddia tələbində “prokurorluqun üzərinə müəyyən hərəkətlərin edilməməsi kimi öhdəliyin qoyulmasına” münasibətdə bildirir ki, iddiaçı iddia tələbində həmin ifadənin əhatəsində konkret olaraq nələri nəzərdə tutduğuna dair aydınlıq gətirməmişdir. Bu səbəbdən, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi həmin hissədə konkret ifadə olunmadığından, iddia həmin hissədə də mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-42/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-42/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver