Məhkəmə qərarları › İş №2-1(112)-42/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-42/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-42/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********38 nömrəli məktubu ilə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla bağlı bildirirlər ki, hüquqlarının dövlət qeydiyyatından imtina olunması zamanı qanunvericiliyin tələbləri pozulmuş və mülkiyyət hüququmuz mövcud sənədlər əsasında dövlət qeydiyyatına alınmalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" ММС-уǝ ayrılmışdır. Bundan əlavə sorğu ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və İcra Hakimiyyəti Aparatının xx.xx.2021-ci il tarixli 7-1847/17 nömrəli məktubu ilə qeyd olunan Sərəncamdan çıxarış təqdim edilmişdir. Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli Sərəncamı, sentyabr 1992-ci il tarixli torpaq sahəsinin ayrıc aktı, tikinti pasportu, Memarlıq və şəhərsalma baş idarəsinin təsdiq etdiyi torpaq sahəsinin plan ölçüsü (yerquruluşu) sənədi və iddiaçı hüquqi şəxsə dair təsis sənədləri ilə birgə 1 saylı Bakı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən məktubu ilə hüquqların qeydiyyatından imtina olunmuşdur. Məktubda torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim olunmadığı, torpağın faktiki sahəsinin az olduğu, torpaq sahəsinin faktiki ərazisinin müəyyən edilməsinin mümkün olmadığı və onun bir hissəsinin Müdafiə Nazirliyinin hərbi hissəsinin ərazisinə düşdüyü göstərilmişdir. İlk növbədə icarə müqaviləsi ilə bağlı bildirirlər ki, torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə "xxxx" MMC-yə icarəyə verilməmiş, birbaşa mülkiyyətinə ayrılmışdır. Məktubun imtina üçün əsas olaraq göstərdiyi növbəti 3 cümlə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, dövlət orqanı bir tərəfdən sənəd üzərində göstərilmiş torpaq sahəsinin faktiki ərazi ilə uyğunluğunu müəyyən etməyin mümkün olmadığını, digər tərəfdən isə faktiki sahənin az olduğunu və başqa bir dövlət orqanının sahəsinə aid olduğunu göstərir. Əgər torpaq sahəsinin ayrıc aktında istinad nöqtələri və məsafələri qeyd edilməmişdirsə, belə dəqiqliklə faktiki sahənin sənədlər əsasında təsdiq edilən sahədən 4300 kv.m az olduğunun necə müəyyən edildiyi sual doğurur. Belə olan halda aydın olur ki, dövlət orqanı tərəfindən torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilməsi mümkün olmuşdur. O cümlədən nəzərə alınmalıdır ki, torpaq sahəsinin istinad nöqtələrinin və məsafələrinin müəyyən edilməsinin sahibkarlıq subyekti olan iddiaçı tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Bu məsələ, xüsusi texniki-sahəvi bilik tələb edən və xüsusi torpaq-kadastr məlumatlarına çıxışı olan şəxslər tərəfinpen aparıla bilən texniki işlərdir. Bu xarakterli işlər məhz müvafiq sahə üzrə səlahiyyətli orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparıla bilər. Məhz dövlət orqanının Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsindən də görünür ki, müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ konstitusional hüquq olmaqla ən təməl və fundamental hüquqlardadır. Hər hansı texniki səbəblərdən bu hüququn qeydiyyatından imtina olunması qanunvericiliyin tələblərinin kobud pozuntusu və dövlət orqanı tərəfindən vətəndaşlar (o cümlədən mülkiyyət hüququnun subyekti kimi hüquqi şəxslərin) konstitusion hüquqlarının məhdudlaşdırılmasıdır. Xüsusilə də göstərilən texniki maneələrin dövlət orqanının özü tərəfindən aradan qaldırılması və ya aydınlaşdırılması mümkün və vəzifəsinə aid olduğu halda, belə texniki məsələlələrə əsaslanıb fundamental hüquqların qeydiyyatından imtina edilməsi yolverilməzdir. Əgər bu formada yanaşmaya uyğun olaraq hərəkət olunsa, iddiaçıya ayrılmış və 30 ildən artıqdır faktiki sahibliyində olan torpaq sahəsi texniki səbəblərdən sahibsiz və mülkiyyətçisiz qalmalıdır. Digər tərəfdən bildirirlər ki, torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı kifayət qədər qanuni əsaslar mövcuddur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Daşınmaz əmlaka dair icra hakimiyyəti orqanı tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş akt (sərəncam) mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə sərəncama malik olan şəxs onu mülkiyyət hüququnun qeydə alınması üçün verilən ərizəyə əlavə etməklə hüququnun qeydə alınmasını tələq edə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsaslar dəqiq və imperativ qaydada sadalanmışdır. İnzibati orqan qeydiyyatdan imtina etdikdə, birmənalı olaraq sadalanan əsaslardan birinə istinad etməlidir. Qanunvericinin bu normanı müəyyən etməkdə məqsədi mülkiyyət hüququnun formal əsaslarla məhdudlaşdırılmasının və qeydiyyatından imtina edilməsinin qarşısını almaqdır. Bununla belə, cavabdeh orqan imtina məktubunda Qanunun qeyd olunan normasının hər hansı bəndinə istinad edə bilməmiş, imtinanın səbəblərini qanunvericilik baxımından əsaslandırmamışdır. Torpaq sahəsinin ayrılması barədə sənədləşmə müstəqilliyin ilk illərində aparılmışdır. Hüquqların qeydiyyatı ilə bağlı müraciətlərin araşdırılması zamanı torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşmənin aparıldığı tarixdə qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə, 30 il əvvəl verilmiş sənədlərdə düzəlişlərin və dəyişiklilərin aparılması indiki tarixdə mümkün deyildir.

3. Məhkəmənin 2-1(112)-3215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamının ləğv edilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli, 751 saylı nömrəli sərəncamının qanuni qüvvədə saxlanılmasını təmin edilməsi barədə e-2-1(112)- 12951/2022 inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırki 2-1(112)-3215/2022 saylı işin icraatı dayandırılmışdır.

4. Məhkəmənin 2-1(112)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 35960 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən inşaat pasportuna əsasən ayrılan torpaq sahəsi 40000 kv.m, faktiki 35700 kv.m təşkil edir. Torpaq sahəsinin ayrıc aktında dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün göstərilən torpaq sahəsinin faktiki əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi (4300 kv.m) Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sahəsidir. Bundan əlavə, İddiaçı Kommersiya Mərkəzindən İddiaçı MMC-yə keçidlə bağlı əlaqəli sənədləri təqdim ediləmişdir. Bu barədə İddiaçı MMC-yə **********38 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubla imtina edilmişdir.

10. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" Kommersiya Mərkəzinə ayrılmışdır. Sərəncama inşaat pasportu, torpaq sahəsinə cizgi-sxem aktı əlavə edilmişdir.

11. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamından arxiv çıxarışı verilmişdir.

12. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq verilmiş 7-28-90/17 nömrəli, 17 avqust 2021-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində İddiaçınə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı müraciətə baxılaraq bildirilmişdir ki, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən sorğu üzrə tələb olunan məlumatların təqdim edilməsi səlahiyyətləri xaricindədir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar olaraq mühəndis tərəfindən verilmiş rəyə əsasən Ayrıc Aktı üzrə olan 4.0 ha şərti sərhədli torpaq sahəsindən 0.43 ha hissəsi (şimal-qərq küncündən) N saylı hərbi hissəsinin ərazisi ilə üstüstə düşür.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 05 may 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-1926 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində "xxxx" kommersiya mərkəzinə yardımçı təsərrüfatın təşkili üçün torpaq sahəsi ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli, 751 nömrəli sərəncamının 40-cı bəndi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamı ilə öz qüvvəsini itirmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 25 avqyst 2022-ci il tarixli, BA-05319-2022 nömrəli cavab məktubuna əsasən Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 742 saylı sərəncamı, o cümlədən 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin arxiv idarəsinə müraciət edilməsi xahiş olunur.

16. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 7-4282/17 nömrəli, 31 avqust 2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sərəncama əsasən, torpaq sahəsi uzun müddət istifadə olunmadığından Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində İddiaçı Kommersiya Mərkəzinə yardımçı təsərrüfat tikilisi üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamının 40-cı bəndi öz qüvəsini itirmiş hesab edilməsi qərara alınmışdır.

17. “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 136 nömrəli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb nissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin naturadakı sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin müəyyən edilmiş döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 4.0 ha torpaq sahəsinin 1-ci hissəsi üzrə: X 417526.183, 417659.170, 417685.963, 417846.959, 417851.068, 417541.799 Y 4471545.566, 4471630.936, 4471467.102, 4471484.842, 4471453.192, 4471408.251. 4.0 ha torpaq sahəsinin 2-ci hissəsi üzrə: X 417546.128, 417725.167, 417735.328, 417552.100; Y 4471378.587, 4471404.604, 4471360.048, 4471335.026. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin ayrıc cizgisində əks olunmuş 1ci hissəsinin qonşuluqda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyini "N" saylı hərbi hissəsinin ərazisi ilə qismən kəsişməsi və kəsişən sahənin N kv.m (0.431 ha) ölçüdə olduğu müəyyən edilir. İddiaçınə ayrılmış 4.0 ha torpaq sahəsinin 1- c hissəsinin "N" saylı hərbi hissə ilə kəsişən N kv.m (0.431 ha) sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X 417567.977, 417659.184, 417671.424, 417620.070; Y 4471572.288, 4471630.837, 4471556.034, 4471553.654. Rəyə "Google Earth" proqramının ortofoto (aerokosmik çəkiliş) görüntüləri əlavə olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1918/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 742 saylı xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamının qanuni qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən:

21. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər - hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

30. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

31. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" Kommersiya Mərkəzinə ayrılmışdır. Sərəncama inşaat pasportu, torpaq sahəsinə cizgi-sxem aktı əlavə edilmişdir. Sözügedən sərəncamın arxiv çıxarışı Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməməsinə, iddiaçı tərəfindən təqdim edilən inşaat pasportuna əsasən ayrılan torpaq sahəsinin 40000 kv.m, faktiki isə 35700 kv.m təşkil etməsinə, torpaq sahəsinin ayrıc aktında dəqiq istinad və məsafələrin qeyd edilmədiyindən torpaq sahəsinin faktiki əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamasına, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin (4300 kv.m) Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sahəsi olmasına, bundan əlavə, İddiaçı Kommersiya Mərkəzindən İddiaçı MMC-yə keçidlə bağlı əlaqəli sənədləri təqdim edilməməsinə istinad edilmişdir.

32. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Bakış İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə mübahisə predmeti təşkil edən torpaq sahəsinin iddiaçıya ayrılması və həmin sərəncamın hüquqi cəhətdən etibarlı olması işdə olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən əldə edilmiş məlumatda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimalqərbində "xxxx" kommersiya mərkəzinə yardımçı təsərrüfatın təşkili üçün torpaq sahəsi ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli, 751 nömrəli sərəncamının 40-cı bəndinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamı ilə öz qüvvəsini itirməsi bildirilsə də, sonradan məhkəmə icraatının gedişatında iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamının qanuniliyi digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 742 saylı xx.xx.1996-cı il tarixli sərəncamı ləğv edilmişdir. Bundan əlavə sözügedən qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən həmin torpaq sahəsinin İddiaçı MMC-yə ayrılması bir daha öz təsdiqini tapmışdır.

33. Göründüyü kimi, iddiaçının tələbinin hüquqi əsasını təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı hüquqi cəhətdən qüvvədə olmaqla etibarlıdır.

34. Məhkəmə iddiaçı tərəfindən torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməməsi barədə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın məzmunundan göründüyü kimi, iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yardımçı təsərrüfatın təşkili üçün torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin iddiaçının istifadəsinə və ya icarəsinə ayrılması, eləcə də, torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı sərəncamda hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bütün bunlar isə ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmışdır.

35. Cavabdehin digər dəlillərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 136 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb nissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin naturadakı sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin müəyyən edilmiş döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 4.0 ha torpaq sahəsinin 1-ci hissəsi üzrə: X 417526.183, 417659.170, 417685.963, 417846.959, 417851.068, 417541.799 Y 4471545.566, 4471630.936, 4471467.102, 4471484.842, 4471453.192, 4471408.251. 4.0 ha torpaq sahəsinin 2-ci hissəsi üzrə: X 417546.128, 417725.167, 417735.328, 417552.100; Y 4471378.587, 4471404.604, 4471360.048, 4471335.026. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin ayrıc cizgisində əks olunmuş 1-ci hissəsinin qonşuluqda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyini "N" saylı hərbi hissəsinin ərazisi ilə qismən kəsişməsi və kəsişən sahənin N kv.m (0.431 ha) ölçüdə olduğu müəyyən edilir. İddiaçınə ayrılmış 4.0 ha torpaq sahəsinin 1- ci hissəsinin "N" saylı hərbi hissə ilə kəsişən N kv.m (0.431 ha) sahəsinin döngə nöqtələrinin koordinatları isə aşağıdakı kimidir: X 417567.977, 417659.184, 417671.424, 417620.070; Y 4471572.288, 4471630.837, 4471556.034, 4471553.654.

36. Göründüyü kimi, mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları və eləcə də, həmin torpaq sahəsinin həqiqətən qonşuluqda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyini "N" saylı hərbi hissəsinin ərazisi ilə qismən kəsişməsi və kəsişən sahənin N kv.m (0.431 ha) ölçüdə olması müəyyən edilmişdir.

37. Sözügedən rəy mütəxəssis qarşısında qoyulmuş suallara əsaslandırılmış şəkildə cavab verilərək tərtib edildiyindən məhkəmə tərəfindən mötəbər qiymətləndirilmişdir.

38. İddiaçı tərəfindən məhkəmə icraatının gedişatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların Azərbaycan Respublikası Müdafiə Nazirliyini "N" saylı hərbi hissəsinin ərazisi ilə kəsişən hissəsi olan – N kv.m ölçüdə hissəsi tələbdən çıxarılaraq, yerdə qalan 35960 kv.m hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi xahiş edildiyindən, cavabdehin imtinasının həmin dəlillinin hazırki məhkəmə mübahisəsində müzakirəsi öz əhəmiyyətini itirmişdir. Odur ki, məhkəmə həmin hissədə cavabdehin imtinasına münasibət bildirilməsini lüzum görmür.

39. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı iddiaçının Hövsan qəsəbəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir və sözügedən sərəncam iddiaçının torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

43. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 35960 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar