Məhkəmə qərarları › İş №2-1(112)-4202/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4202/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4202/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehlərin nümayəndələri X2 və X3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı «iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Vergilər Nazirliyinə, Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinə və Qaradağ rayon vergi orqanına qarşı «iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı), ailəlidir, Qubada yaşayır. Bu vaxtadək sahibkarlıqla məşğul olmamışdır. Onun adına heç vaxt VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açılmamışdır. 2018-ci il 18 may tarixində vergi orqanları tərəfindən onun qeydiyyatda olduğu ünvana əsassız, qanunsuz və qərəzli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması və adına VÖEN açılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Sözügedən müraciəti həmin ünvana daxil olduqdan sonra o, dəhlal (2018ci ilin iyun ayında) şikayət ərizəsi ilə AR Vergilər Nazirliyinə müraciət etmişdir. Şikayət ərizəsi Nazirliyin Təhlükəsizlik və Təhqiqat İdarəsində onun iştirakı ilə araşdırılmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin əməkdaşlarının göndərilməsini və guya onun adına açılan sahibkarlıq fəaliyyəytinin hansı ünvan üçün açılmışdırsa araşdırılmasını özü xahiş və tələb etmişdir. Məsələ araşdırıldı və onun həmin ünvan üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını aşkar edildi. Vergilər Nazirliyindən cavab məktubu (**********098100 nömrəli) gələrək xx xxxxxxx 2018-ci il tarixli aktla sahibkarlıq fəaliyyətinin olmadığı təsdiq edildi. 2018-ci ilin oktyabr ayından sonra Vergilər Nazirliyi, eləcə də Nazirlik yanında Bakı şəhəri Kiçik X1 həmin məsələ ilə bağlı narahat etməmişlər. 2019-c u ilin noyabr ayında, yəni bundan bir il keçdikdən sonra Nazirliyin İdarəsindən “olmayan sahibkarlıq fəaliyyəti”nə və “adına açılmış qanunsuz VÖEN”ə görə ona yenə xəbərdarlıq məktubu gəlməyə başladı. O, adına açılmış VÖEN-in ləğv edilməsi üçün Qaradağ rayon Vergi şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumdan bildirilmişdir ki, artıq yuxarı orqanda bu məsələyə baxılmışdır və guya “PİN kod”la sistemə daxil olunarsa, aylardır adına yazılmış VÖEN-ə yazılmış ödənişləri də vergi hesabatında ödəməli olacaqdır. Bundan sonra o, Qaradağ rayon vergi şöbəsindən Vergilər Nazirliyinə şikayət ünvanlamışdır. Nazirlikdən ona fiziki şəxslərin uçotdan çıxarılması haqqında ərizə forması gəlmişdir. Həmin ərizə formasını götürüb o, yenidən Qaradağ rayon vergi şöbəsinə müraciət etmişdir. Ərizə formasını doldursa da, Şöbədən ona bildirilmişdir ki, adına açılmış qanunsuz, əsassız və qərəzli VÖEN qəbul edilib, bəyannamələri və hesabatları ödəməli olacaqdır. Həmçinin, məhkəməyə müraciət olunması ona tövsiyə edilmişdir. O, adına açılmış VÖEN-i qanunsuz və əsassız hesab edir. O, adına sahibkarlıq fəaliyyəti ilə bağlı xəbərdarlıq məktubu gəldikdən bir ay sonra sahibkarlıq fəaliyyətinin və VÖEN-in ləğvi üçün müraciət etmiş, Vergilər Nazirliyi də onun sahibkarlıq fəaliyyətinin olmamasını aktla təsdiqləmişdir. Hesab edir ki, Vergilər Nazirliyinin bəzi əməkdaşları bilərəkdən onunla qərəzli mövqedədirlər. Belə ki, o anası ilə birlikdə xx xxxxx 2017-ci il tarixdə X10 “alış-veriş” edərkən xarici valyutada olan müvafiq pul məbləğinin (ABŞ dolları) manata mübadilə edilməsinə zərurət yaranmışdır. Həmin vəsaitin “manat”a dəyişdirilməsi zamanı obyektdə olan bəzi şəxslər pul vəsaitini ələ keçirmişlər. O, həmin şəxslərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə Vergilər Nazirliyinə müraciət etmişdir. Lakin Vergilər Nazirliyinin əməkdaşı məsələnin araşdırılması ilə məşğul olmamış, “valyuta dəyilşmə” məntəqəsində həmin vaxt işçilərin olmadığını bildirərək bununla kifayətlənmişdir. Hesab edir ki, Vergilər Nazirliyi ona qarşı qərəzli mövqedədir və onun haqqında məlumatları şikayət ərizəsindən əldə edərək əsassız və qanunsuz olaraq sahobkarlıq fəaliyyəti ilə bağlı VÖEN açmışdır. Bütün bunlar onun işgüzar nüfuzuna zərbədir. O, illərdir heç bir heç bir sahibkarlıq fəaliyyətinin və VÖEN-nin pımaması barədə Vergilər Nazirliyinə və Nazirliyin aidiyyəti üzrə idarələrinə yazır. Müraciətə düzgün baxılmır, bu isə o deməkdir ki, ona qarşı qərəzli mövqe daşıyırlar. Onun işgüzar nüfuzuna, imicinə bilərəkdən həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Hesab olunur ki, cavabdeh orqanlar onun xeyrinə olan sübutları toplayıb, xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin müvafiq müddəalarının («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24, 89.1, 89.2-ci maddələrinin) tələblərini pozmuşlar. Göstərilənlərə və İPM-in 2, 45-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsaslanaraq, onun (iddiaçının) adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsi, qanunsuz hərəkətlər etmiş şəxslərlə bağlı tədbir görülməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X6 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentləri inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq, iddia ərizəsində cavabdehlər sırasında mövcud olmayan “Qaradağ rayon vergi orqanı”nın qeyd olunmasını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Azərbaycan Respublikası Vergilər Nazirliyi” kimi, habelə həmin Xidmətin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergilər Nazirliyi yanında X11 Departanmenti” qismində göstərilməsini formal xəta kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İN yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin məhkəməyə təqdm etdiyi vəsatətdə iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - İddia tələbi və ərizənin məzmunundan Dövlət Vergi Xidmətinin iş üzrə hər hansı inzibati aktı, hərəkət və hərəkətsizliyi mübahisələndirilməmişdir. Fizki şəxs X5 Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Departamentində qeydiyyatda olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmiş və həmin Təsnifatın 15.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında departamentlər inzibati orqan kimi qeyd edilmişdir. Göztərilənləri və İPM-in 1.2-ci maddəsinin, MPM-in 54.1, 149.2, 259.0.12ci maddələrinin tələblərini nəzərə alaraq, iş üzrə Dövlət Vergi Xidmətinin cavabdehlər siyahısından çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı yazılım münasibətində aşağıdakılar bildirilmişdir: - İddiaçı Vergi Məcəlləsinin 33, 34, 50 və 85-ci maddələrinə əsasən keçirilmiş vergi nəzarəti tədbiri və göstərilmiş ünvanlı məlumatlandırma xidmətlərindən sonra da vergi orqanlarında uçota durmadan, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almadan fəaliyyət göstərdiyi aşkar edilmiş, aparılmış məlumatlandırma tədbirləri protokolla rəsmiləşdirilmiş və bu səbəbdən də Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq xx xxx 2018-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmışdır. Həmçinin, İddiaçı müraciəti əsasında vergi ödəyicisinin vergi uçotu xx xxxxx 2020-ci il tarixli **********312900 nömrıli xidməti məktubla ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri təsdiqdiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri iddianın əsassız olduöunu bildirdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməli, iddia “bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə(hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X11 Depaeramentinin ərizəçi İddiaçı ünvanlanmış xx xxx 2018-ci il taroxli məktubunda aşağıdakılar bildirilmişdir: - Vergi Məcəlləsinin 33, 34, 50 və 85-ci maddələrinə əsasən keçirilmiş vergi nəzarəti tədbiri və göstərilmiş ünvanlı məlumatlandırma xidmətlərindən sonra da vergi orqanında uçota durmadan, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olmadan fəaliyyət göstərdiyiniz aşkar edilmişdir. Bu barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görüləcəyi barədə Sizə məlumatlar verilmiş və aparılmış məlumatlandırma tədbirləri protokolla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Vergi Məcəlləsi ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq, vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Hüquqi şəxs yatarmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs uçota alınmaq üçün ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən əldə etdiyiniz gəlirdən verginin dövlət büdcəsinə ödınilməsi məqsədilə 5 gün müddətində vergi orqanında qeydiyyata alınmaq üçün müraciət etməyiniz bildirilir. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərizəçi İddiaçı ünvanlanmış x xxxxxx 2018-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Müraciətinizlə bağlı aparılan araşdırmalar zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi, 4-cü sıranın sonunda valyuta dəyişmə məntəqəsində X7 və X4 fəaliyyət göstərib-göstərməməsinin araşdırılması üçün qanunamüvafiq tədbirlər görülmüş, həmin şəxslərin “Binə” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları müəyyən olunmuşdur. Eyni zamanda “xxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş xx xxxxxxx 2018-ci il tarixli rəsmi arayışda da həmin şəxslərin “Binə” ticarət mərkəzində işləmədikləri öz əksini tapmışdır. Bundan başqa, Sizin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamağınızın araşdırılması məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Keçid 1595 ünvanında keçirilmiş baxış nəticəsində təsərrüfat subyektinin bağlı olduğu və Sizin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığınız müəyyən olunaraq tədbirin nəticəsi xx xxxxxxx 2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Digər məsələnin həlli dövlət orqanlarının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərizəçi İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Elektron iş qovluğunuz üzrə aparılmış araşdırma nəticəsində vergi uçotunuzun ləğv edilməsi ilə əlaqədar vergi orqanına müvafiq ərizə ilə müraciət etməyiniz müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxx 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»na əsasən vergi uçotunuzun ləğv edilməsi ilə bağlı tərəfinizdən vergi orqanına müvafiq ərizə təqdim edilməlidir. Ərizə vergi orqanına həm kağız daşıyıcıda, həm də Vergilər Nazirliyinin İnternet X13 üzərindən elektron şəkildə göndərilə bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X11 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış x xxx 2020-ci il tarixli “Uçota dair arayış”ında aşağıdakılar qeyd olunmuşdur: - Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olmanız barədə məlumat aşkar edilməmişdir. Vergi uçotunuz xx xxxx 2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin İddiaçı ünvanlanmış xx xxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxx 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»na uyğun olaraq vergi uçotunuz xx xxxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1), vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşin ilkin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı adına sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN verilsə də, sonradan 2020-ci ilin aprel ayında vergi orqanının özü tərəfindən həmin VÖEN ləğv edilmişdir. Vergi ödəyicisi üçün hüquqi nəticə yaradan bu sənədin əsasında əldə olunan “sahibkarlıq” statusu artıq mövcud olmadığından, məhkəmənin qənaətinə görə İPM-in 67-ci maddəsinə müvafiq olaraq iddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməlidir. İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (keçmiş Vergilər Nazirliyinə) qarşı yönəlməsi özü də formal xarakterlidir. Çünki, iddiaçı inzibati orqan kimi Dövlət Vergi Xidməti ilə inzibati münasibətdə olmamışdır. Odur ki, iddia AR İN yanında Dövlət Vergi Xidmətinə münasibətdə ümumiyyətlə mümkün qiymətləndirilmir. Həmçinin qeyd olunmalıdır ki, “hesabat və bəyannamə”lər özlüyündə hüquqi nəticə yaratmadığından və inzibati orqan tərəfindən tərtib olunmadığından, cavabdeh inzibati orqanlara həmin sənədlərin mübahisələndirilməsi tələbi ilə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının “vurulmuş ziyana görə cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsi” tələbi ilə bağlı məhkəmənin qənaəti belədir ki, iddiaçı inzibati orqana və ya orqanlara müvafiq məbləğ də əks olunmaqla kompensasiyanın ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmamışdan əvvəl inzibati orqana müraciət etmədiyindən (bununla bağlı iddia ərizəsində bildirilməmiş, hər hansı sübut da təqdim olunmamışdır), iddia həmin hissədə mümkünsüzdür. İddiada göstərilən digər tədbir isə, vəsatət xarakterlidir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia “bəyannamə və hesabatların ləğv edilməsi,vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi” hissəsində mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilsin. İddia “bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar