Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4203/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçının müayinədən keçirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçının müayinədən keçirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) xx xxxx 1968-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Hal-hazırda ünvan 1 mənzil 2 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. O, 1975 – 1978-ci illərdə Bakı şəhəri Suraxanı rayonu (Hövsan qəsəbəsində yerləşən) 118 saylı orta məktəbində oxumuş, sonradan təhsilini Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə davam etdirmiş və 1983-cü ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə Qala qəsəbəsində QPTV-53 saylı Peşə məktəbinə daxil olmuş, 1986-cı ildə həmin peşə məktəbini bitirmişdir. xx xxx 1986-cı il tarixdə həqiqi hərbi xidmətə çağrılmış və 1988ci ildə hərbi xidmətdən təxris olmuşdur. xx xxxxxx 1990-cı il tarixdən AR DİN X6 Dəstəsində xidmətə qəbul olunması barədə əmr verilmişdir. Orada uzun müddət xidmət etdikdən sonra xx xxxx 1995-ci il tarixdə xidmət etdiyi dəstə ləğv edilmişdir. xx xxxxxx 1990-cı il tarixdən xx xxxx 1995-ci il tarixədək AR DİN X6 Dəstəsində xidmət etdiyi ərəfədə xx xxxxxx 1990-cı il tarixdə Xocalı şəhərinə döyüş bölgəsinə, x xxxxx 1991-ci il tarixdə isə Goranboy rayonunun Quşçu-Armavir kəndinə ezam olunmuşdur. Bundan əlavə keçmiş Xanlar rayonun Çaykənd və Qarabulaq kəndləri uğrunda gedən döyüşdə yaxından iştrak etmiş və x xxx 1991-ci il tarixdə Xanlar rayonun Çaykənd və Qarabulaq kəndlərini düşmən əsarətindən azad edilmişdir (bu səbəbdən də, o, AR DİN tərəfindən medal ilə təltif olunmuşdur). 1991-ci ilin iyun ayında Goranboy rayonunun Todan kəndinə ezam olunmuş və Goranboy rayonunun Erkəş, Mənişli, Buzlaq, Başkənd kəndlərində döyüşlərində, 1992ci il sentyabr ayında Ağdərə uğrunda gedən döyüşlərində iştirak etmişdir. Bundan başqa, Ağdərə rayonunun Drambom, Manikli, Çıldıran kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və xx xxxxxxx 1992-ci il tarixdə Ağdarə döyüşlərində minamyot mərmisi partlayışı nəticəsində ağır yaralanaraq baş-beyin xəsarəti almışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi, 20 saylı ünvanda yerləşən AR Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. xx xxxxxxx 1992-ci il tarixdən x xxxxxx 1992-ci il tarixədək orada reanimasiyada müalicə almışdır. Diaqnozu isə “Qapalı kəllə beyin travması, Baş beyin silkələriİhəsi, Kontuziya və Alın nahiyəsinin sıyrılmış qəlpə yarası olmuşdur. Bir müddət sonra sağalaraq 1993-cü ildən Füzuli rayonu ətrafında gedən döyüşlərdə iştrak etmişdir. 1993 – 1994-cü illərdə Füzuli rayonun stansiya Horadiz, Ağdam rayonunun Parvarənd kəndi, Buəhmədli kəndi, Qərvənd-1, Qərvənd-2 kəndlərində gedən döyüşlərin iştrakçısı olmuşdur. xx xxxx 1995-ci il tarixdə dəstə ləğv olunduğu üçün X6 Dəstəsindən azad olunmuşdur. xx xxxxxx 1990-cı il tarixdən xx xxxx 1995-ci il tarixədək AR DİN X6 Dəstəsində xidmət etdiyi zaman Dəstəsinin komandirinin təqdim etdiyi rəsmi çıxarışda qeyd olunmuşdur ki, 1992-ci ilin sentyabr və oktyabr aylarında dəstənin şəxsi heyyəti silahlı erməni təcavüzkarlarına qarşı Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında və Yuxarı Qarabağda aparılan əməliyyatlarda böyük mərdlik və qəhrəmanlıq göstərərək bir neçə kəndi düşmənlərdən azad etmişlər. Şəxsi heyət tərəfindən aparılan əməliyyat nəticəsində Ağdərə rayonunun Vaqaus, Artuyuqnazor və Koçaqot kəndləri düşmənlərdən azad olunmuşdur. Əməliyyatlar zamanı fərqlənmiş əməkdaşlar müxtəlif pulla mükafatlandırılmışlar və o (iddiaçı) da həmin əməkdaşların sırasına daxil idi. Halhazırda onun 52 yaşı var və xx xxxxxxx 1992-ci il tarixdə Ağdarə döyüşlərində minamyot mərmisi partlayışı nəticəsində ağır yaralanaraq baş-beyin xəsarəti almışdır. “Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi, Kontuziya və Alın nahiyəsinin sıyrılmış qəlpə yarası” aldığından ona 2-ci qrup əlil statsu təyin olunmalıdır. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixdə AR DİN Tibb İdarəsinə yazılı ərizə ilə müraciət ünvanlamış və xahiş etmişdir ki, xx xxxxxxx 1992-ci il tarixdə Ağdarə döyüşlərində minamyot mərmisi partlayışı nəticəsində ağır yaralanaraq baş-beyin xəsarəti aldığından o, AR DİN X7 Həkim Komisiyasından keçirilsin. Tibb İdarəsi xx xxxxxx 2020-ci il tarixdə ona bildiriş göndərmiş və bildirişdə qeyd edilmişdir ki, onun döyüş bölgəsində yaralanmağı ilə əlaqədar səbəb əlaqəsinin təyin edilməsi ilə bağlı DİN rəhbərliyinə ünvanlanmış ərizə və sənədlər DİN Tibb idarəsində araşdırılmışdır. AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidmət rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, o (ərizəçi), AR Nazirlər Kabinetinin xx xxxxxx 2008ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən, aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyildir. Lakin o (iddiaçı), tələb olunan bütün sənədləri AR DİN Tibb İdarəsinə əlillik statusu təyin edilməsi üçün təqdim etmişdir. AR DİN Tibb İdarəsi əsası olmayan bəhanələrlə ona əlillik statusunun təyin olunması üçün imtina etmişdir. Halbuki, iddiaçıya AR Daxili İşlər Nazirliyi tərəfindən döyüşlərdə iştirak etdiyindən, Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi verilmişdir və hal-hazırda isə o, 80 manat müavinət alır. İddiaçı AR Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etmişdir, AR DİN Tibb İdarəsinin əsası olmayan imtinası onun öz xalqı və torpaqların azadlığı ilə bağlı xidmətinə məhəl qoymur. İddiaçı xx xxxxxxx 1992-ci il tarixdə Ağdarə döyüşlərində minamyot mərmisi partlayışı nəticəsində ağır yaralanaraq baş-beyin xəsarəti almışdır, “Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi, kontuziya və alın nahiyəsinin sıyrılmış qəlpə yarası” aldığından ona 2-ci qrup əlil statsu təyin olunmalıdır. Bununla bağlı 3 saylı Şəhər Klinik Xəstaxanasının tibb kartasından çıxarışın əslini AR DİN Tibb İdarəsinə təqdim edilmişdir. Sağlamlığını itirdiyindən ona təyin olunmalı 2-ci qrup əlil statsunu tələb etmək istəyir. AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsaslanaraq, ona (iddiaçıya) əlillik statusunun verilməsi üçün onun AR Daxili İşlər Nazirliyinin X7 Həkim Komisiyasında müayinədən keçirilməsi öhdəliyinin AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə iddiaya əlavəsini təqdim etmiş və ərizədə tələb kimi aşağıdakıların qəbul olunmasını xahiş etmişdir: - iddiaçıya əlillik statusunun verilməsi üçün onun AR Daxili İşlər Nazirliyinin X7 Həkim Komisiyasında müayinədən keçirilməsi öhdəliyinin cavabdeh AR Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iddianın dəqiqləşdirilməsini icraata qəbul etmişdir. AR Daxili İşlər Nazirliyi Tibb İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı döyüş bölgəsində aldığı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi ilə bağlı ünvanladığı ərizə və sənədlər DİN Tibb İdarəsində araşdırılmışdır. AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayişda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olubolmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, İddiaçı AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarın 7.3 bəndinə əsasən xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən, aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə - (1.2-ci bən) Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, AR Ədliyyə Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Təhlükəsizliyi Xidməti, AR Xarici Kəşfiyyat Xidməti, AR Dövlət Sərhəd Xidməti, AR Dövlət Miqrasiya Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında ARı vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir; - (1.3-cü bənd) Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları yaradılır; - (7.3-cü bənd) Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı AR DİO-da xidmət keçdiyindən, onun şəhadətləndirilməsi AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən həyata keçirilir. Bu zaman təqdim olunmalı travma haqqında arayışı (xüsusi rəyi) isə, o, aidiyyəti qurum kimi AR Daxili İşlər Nazirliyindən tələb edə bilər. Lakin göründüyü kimi, iddiaçının hazırkı cavabdehə müraciəti müvafiq məzmunda olmamışdır. Odur ki, hazırkı cavabdeh AR Daxili İşlər Nazirliyi iddiaçının iddiasında qaldırdığı məsələ üzrə səlahiyyət qurum hesab edilə bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh AR Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4203/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4203/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver