Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4203/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilə dair anası X5 ilə bağlanmış kirayə müqaviləsini dəyişərək onun adına kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu. Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzili onun mərhum atası X7 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsində uzun müddət fasiləsiz işlədiyinə görə verilib. Atası ölənə qədər onlarla həmin mənzildə yaşayıb. Ondan sonra da ailə üzvləri kimi qeyd olunan mənzildə yaşamışlar, həmin mənzildə qeydiyyatları var. Qanuni istifadələrində olan mənzilin özəlləşdirilməsi üçün 1 saylı Bakı Ərazi idarsinə müraciət etmişdir. Həmin idarədən ona imtina məktubu göndərilmişdir. İmtina isə mənzilə aid hüquqmüəyyənedici sənədin (order və ya sərəncamın) olmaması ilə əsaslandırılmışdır. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamentinə yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh müracətini təmin etməyərək imtina vermişdir. Həmin imtinadan məhkəməyə şikayət edilmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (102)-2595/2023 saylı qərarı ilə yaşadığı evə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehə həvalə olunması barədə yekun məhkəmə qərarı qəbul olunmuşdur. Həmin qərar əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamenti Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzili 3 nəfər ailə üzvü ilə anası X2 adma kirayə müqaviləsi bağlanması və həmin mənzilin kirayəçisi hesab olunmağı barədə xx.xx.2024-cü il tarixli 01 nömrəli Sərəncam vermiş və şəxsi maliyyə hesabının açılması barədə 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 3 saylı MKİS-ə tapşırıq vermişdir. Bundan sonra anası X5 həmin sənədlər əsasında 1 saylı Bakı Ərazi İdarəsinə mənzilin özünün yox ailə üzvlərindən biri olan oğlu İddiaçı, yəni onun adına mənzilin qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Həmin idarədən isə anasına Sərəncamın digər ailə üzvü İddiaçı dəyişdiriləcəyi halda müraciətinin təmin olunacağı bildirildi. Bundan sonra anası X1 onun adına dəyişdirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamentinə müraciət etmişdir. Onun müraciətinə cavab verilərək bildirilmişdir ki, yalnız adına sərəncamın dəyişdirilməsini istəyən şəxs özü müraciət edə bilər. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamentinə sərəncamın ailə üzvülərinin razılığı əsasında onun adına dəyişdirilərək onunla kirayə müqaviləsinin bağlanması barədə müraciət etmişdir. Cavabdeh xx.xx.2024cü il tarixli məktubla ona imtina vermiş, imtinasını Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-2595/2023 saylı qərarının icrasının təmin edilməsi ilə əlaqədar kirayə müqaviləsinin bağlanması barədə xx.xx.2024-cü il tarixli 01 saylı sərəncamda dəyişiklik edilməsi üçün əsasın olmamağı ilə əsaslandırmışdır. Cavabdehin imtinası əsassızdır və Bakı şəhəri, Nəsimi rayonu Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilə bağlanmış kirayə müqaviləsi dəyişilərək onun adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilədə də göstərilir ki, kirayə verən kirayəçiyə və onun ailə üzvləri olan oğlu İddiaçı və X6 qeyd edilən yaşayış sahəsini kirayəyə müddətsiz verir. Göründüyü kimi kirayə müqaviləsi bütün ailə üzvlərinə şamil edilir. Yəni razılıq əsasında biri və ya hər biri ilə bağlana bilər. Bundan başqa ailə üzvlərinin hamısı həmin mənzildən istifadə hüquqları vardır. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassızdır. Çünki məhkəmə qərarı əsasında artıq onunla kirayə müqaviləsi bağlanılıb. İddiaçı və ailə üzvləri artıq kirayəçidirlər. Bundan sonra ailə üzvlərinin qarşılıqlı razılığı əsasında kirayə müqaviləsi ailənin digər üzvünün adına dəyişdirilə bilər. Cavabdehin məntiqinə görə əgər kirayəçi yaşayış yerini dəyişərsə və ya ölərsə digər ailə üzvünün adına kirayə müqaviləsi dəyişə bilməz. Həmçinin cavabdeh qaldırdığı məsələnin həlli üçün Dövlət Reyestri Xidməti cavabdeh olduğunu bildirir. Halbuki Reyestr Xidmətinin cavab məktubundan da görünür ki, orderin və ya sərəncamın təqdim olunduğu halda çıxarışın verilməsi qeyd olunub. Həmin sənədləin verilməsi isə ancaq İcra Hakimiyyətinin səlahiyyətinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliliyini təsdiq edən əlavə sənədlərin və nümunələrin tələb olunması qadağandır. Lakin cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və ona qanunsuz və əsassız olaraq imtina verərək, kirayə müqaviləsinin digər ailə üzvü ilə bağlanması barədə sərəncam verməkdən imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilə dair müvafiq sərəncamın verilməsi barədə iddia tələbi əsassız olduğundan aşağıda göstərilənlərə əsasən mümkun sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Qeyd edilən bina balansa qəbul edilərkən göstərilən mənzilə dair hüquqmüəyyənedici sənədlər (order, sərəncam, protokol və s.) binanın əvvəllər məxsus olduğu təşkilat tərəfindən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2595/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin edilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilinə dair kirayə müqaviləsinin X2 adına bağlanması barədə 25.01,2024-cü il tarixli 01 saylı sərəncam verilmişdir. Göründüyü kimi, İddiaçı göstərilən mənzilə dair verilmiş həmin sərəncamda dəyişiklik edilməsi barədə müraciəti isə tamamilə əsassız olduğundan təmin edilməmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzil kimi göstərilən sahə binanın çardağında yerləşən qeyri-yaşayış sahəsinə aiddir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2595/2023 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli evin 118 nömrəli mənzilinə X5 ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı icra edilməsi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4833/2021 nömrəli məktubu ilə Departamentə göndərilmişdir. Sözügedən qərara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilə 3 nəfər ailə üzvü ilə (özü və iki oğlu) X2 adına kirayə müqaviləsi bağlanması qərara alınmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur; “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2024-cü il tarixli birtipli müqavilədən görünür ki, 3 saylı MKİS-in rəisi ilə X5 arasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzil X3 müddətsiz istifadə üçün verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır;
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər
84. İcarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 81. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin dəyişdirilməsi 81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2595/2023 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli evin 118 nömrəli mənzilinə X5 ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı icra edilməsi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4833/2021 nömrəli məktubu ilə Departamentə göndərilmişdir. Sözügedən qərara əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilə 3 nəfər ailə üzvü ilə (özü və iki oğlu) X2 adına kirayə müqaviləsi bağlanması qərara alınmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2024-cü il tarixli birtipli müqavilədən görünür ki, 3 saylı MKİS-in rəisi ilə X5 arasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal- Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzil X3 müddətsiz istifadə üçün verilmişdir. Hazırkı iddia ərizə ilə iddiaçı anası daha əvvəl dövlət mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququndan istifadə etdiyindən və mübahisə predmeti mənzili özəlləşdirə bilmədiyindən, mənzili özəlləşdirmək üçün sözügedən müqavilənin dəyişdirilərək kirayəçi qismində özünün tanınmasını xahiş edir. Anasının və qardaşının notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin olmasına istinad edərək tələbinin əsaslı olduğu qənaətindədir. Cavabdehin iddiaçının tələbindən imtina etməsinin əsası isə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamında müvafiq dəyişiklik üçün əsas olmamasıdır. Hazırkı işdən müəyyən edilir ki, iddiaçı öz adına kirayə müqaviləsinin bağlanmasını tələb etməyə əsas verə biləcək sənədə (order, protokol və s.) istinad edilmir. İddiaçının istinad etdiyi sənəd Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli sərəncamıdır ki, o da X2 adına verilmişdir və əsas olaraq məhkəmə aktı göstərilmişdir. Yəni iddiaçının anasının adına qəbul edilmiş sərəncamda da heç bir hüquqmüəyyənedici sənədə istinad edilməmişdir. Həmin məhkəmə aktında İddiaçı deyil, onun anasının kirayə müqaviləsinin bağlanmasını tələb etməyə əsas verə biləcək sənədə malik olması nəzərə alınaraq iddia təmin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov