Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4207/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi, bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs qismində X4 göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X3 adına verilmiş reyester xidmətində qeydiyyata alınmış çıxarışın, torpağın mülkiyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı Bağ təsərrüfatı idarəsinin Ləhic bağlar sahəsindəki 248 № li koperativinə aid 12 №li orderə uyğun Bakı şəhəri İcra Hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı əsasında ona məxsus olan Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 № li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 14.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə üçüncü şəxs X3 adına verilmiş, reyester xidmətində qeydiyyata alınmış çıxarışın, torpağın mülkiyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı Bağ təsərrüfatı idarəsinin Ləhic bağlar sahəsindəki 248 № li koperativinə aid 12 №li orderə uyğun Bakı şəhəri İcra Hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı əsasında ona məxsus olan Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 № li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdr. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 05 aprel 2021-ci il tarixli məktubunda daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasının, eləcə də dövlət reyestrində qeydiyyata alınmış hüquqların ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirildiyi nəzərə alınaraq iş üzrə cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmənin 21 aprel 2021-ci il tarixli məhkəmə iclasında qəbul etdiyi qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Eyni tarixli məhkəmə iclasında iddiaçı tərəf iddianı mümkün hesab edilərək iddiaya mahiyyəti üzrə baxılıb təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdeh qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi izahatında iddiaçının iddia ərizəsində göstərilən tələblərlə bağlı ilkin olaraq 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiyini, həmin tələblərlə bağlı cavabdeh inzibati orqanda inzibati icraat aparılmadığını nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən iddianın qeyri-mümkünlüyü nəticəsinə gəlir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 12 saylı orderinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Ləhiş bağlar sahəsində 248 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan 5931 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə-301-112 saylı, 12.05.2016-cı il tarixli arxiv arayışından görünür ki, Ləhicdəki 5931 nömrəli bağ 248 nömrəli BTK tərkibində İddiaçı adına keçirilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivindəki 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 27.02.2018-ci il tarixli, 2-1(82)-20/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin inzibati iş üzrə məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının nəticələrinə dair 29 dekabr 2017-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən İddiaçı adına qeydiyyatdan keçmiş (5976 saylı bağ sahəsinə verilmiş) sahəsi 0.12 hektar reyestr nömrəsi **********01 olan çıxarış və plan-ölçü sənədinin koordinatlarının tamamilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 27.02.2018-ci il tarixli qərarı ilə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq bağ sahəsi başqa şəxsin, yəni X3 adına qeydiyyata alınmışdır və həmin qeydiyyat ləğv edilməmişdir iddiaçının sözügedən bağ sahəsinə hüquqlarının qeydiyyata alınması mümkün deyildir. Hazırki iddiasında İddiaçı yenidən sözügedən 5931 saylı bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Eyni zamanda iddiaçı bu dəfə üçüncü şəxsin adına verilmiş reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edilməsi (bənd 2.0.1), eləcə də bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən edilməsi (bənd 3.0.4), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil edilməsi (bənd 3.0.5), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış verilməsi (Əsasnamə 3.0.11-ci bəndi) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddia tələbindən də göründüyü kimi hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İş materiallarından iddiaçının iddiasındakı tələbləri ilə bağlı məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizə ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.03.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı 19.02.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 5931 və 5976 saylı bağ sahələrinin yerləşmə sxeminin surətinin verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.12.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı 01.12.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06 iyun 1995-ci il tarixli 744 saylı sərəncamı ilə ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçının məhkəmə iclasında təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.12.2018-ci il tarixli və 21.02.2019-cu il tarixli məktubları isə 5931 saylı bağ sahəsinin X3 adına reyestr qeydiyyatının olub-olmaması və 5931 saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı etdiyi müraciətlərə verdiyi cavablar olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.” Adı çəkilən Plenum Qərarındakı mövqeyi nəzərə alan məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının çatmaq istədiyi nəticə 248 nömrəli BTK tərkibində 12 nömrəli orderlə Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 nömrəli qərarı əsasında 5931 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. İddia tələbindən və iş materiallarından görünür ki, iddiaçının naturada iddia etdiyi bağın yerləşdiyi torpaq sahəsi ilə bağlı X3 adına 5976 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ 16.10.2015-ci il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüququnun verilməsinə əsas kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 21.12.2005ci il tarixli JN-26766D kod 00500003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, 15.10.2015-ci il tarixdə həmin şəhadətnamə əsasında eyni zamanda torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda mübahisənin mahiyyəti bilavasitə torpağın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədlərin, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtibinin, qeydiyyat orqanı tərəfindən torpağın koordinatlarının düzgün müəyyən edilib-edilməməsinin yoxlanılması ilə əlaqədardır. İddiaçının hüquqi marağına xidmət edən bilavasitə tələbində göstərdiyi üçüncü şəxsin adına dövlət reyestrində aparılmış qeydlərin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi ilə bağlı isə səlahiyyətli orqana- Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti və inzibati orqanın bundan imtinası yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmənin nəzarət səlahiyyəti inzibati orqanda aparılmış inzibati icraatın və bu icraat gedişində qəbul edilmiş qərar, hərəkət və ya hərəkətsizliyin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə bilavasitə bağlıdır. Belə olan halda iddia tələbində müvafiq tələblərlə bağlı cavabdeh inzibati orqana müraciət edilmədiyi və müvafiq müraciətə dair inzibati icraat aparılmadığından məhkəmə tələbə mahiyyəti üzrə baxılmağa qəbul edilməsini mümkün hesab etmir. (Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1035/2020 saylı, 17 iyun 2020-ci il tarixli və 2-1(102)-1613/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli Qərarlarında ifadə olunmuşdur). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X4 göstərilməklə) “şəhadətnamənin və çıxarışın ləğv edilməsi, bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4207/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4207/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver