Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4208/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, kirayə haqqınının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xüsusi Təyinatlı Qüvvələrin 3-cü qrup Vətən müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixində Xətai rayon İcra Hakimiyyəti başçısının 440 nömrəli sərəncamı ilə özü və 4 nəfər (həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə alınmışdır. Hal-hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birgə kirayədə qalır. Hərbi xidmət keçdiyi müddətdə kirayə haqqı mütəmadi ödənilmişdir. Hal-hazırda 3-cü qrup Vətən müharibəsi əlili kimi hərbidən tərxis olunmuş və əlilliyə görə pensiya alır. Xüsusi Təyinatlı Qüvvələrin 3-cü qrup Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alındığından və ehtiyatda olan zabit kimi kirayədə qaldığından aylıq kirayə xərcləri ilə təmin olunmadığı üçün Xətai Rayon icra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kirayə xərcləri ilə təmin olunmağı Xətai rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan təmin etmək mümkün deyil. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 №-li Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha cox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Qərarın 1.1-ci bəndinə görə bu məbləğ Bakı şəhərində 150 manat məbləğində müəyyən olunmuşdur. Qərarın 2-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Ümumilikdə o və 4 nəfər (həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə üzvlərinə (5 nəfər üçün) Xətai Rayon İcra Hakimiyyətinin kirayə üçün ödəməli olduğu məbləğ 450 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, N-81- 068 saylı ərizə ilə rayon icra hakimiyyətinə müraciət edərək 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülməyinə müvafiq köməklik göstərilməsini xahiş etmiş və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 440 saylı Sərəncamına əsasən 5 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 mömrəli qərarı ilə müəyyən edilən məbləğdə və qaydada yalnız hərbi qulluqçular müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2020-ci il 106-VİQR nömrəli qərarı ilə “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu ləğv edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmış iddiaçının ehtiyatda olan zabit kimi aylıq kirayə xərcləri ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış və qaldırılan məsələnin rayon icra hakimiyyətinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. İş materiallarında olan kirayəyə verən X5 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, kirayəyə verən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4 a, mənzil 82-ni xx.xx.2027-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. Məhkəmənin sorğusuna əsasən iddiaçının mənzil növbəsinə götürülməsi barədə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 440 nömrəli Sərəncamının və onun verilməsi üçün əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim olunan sənədlərdən görünür ki: - iddiaçı xx.xx.2022-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. - Xətai rayon İcra Hakimiyyəti başçısının “vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” xx.xx.2022-ci il tarixli 440 saylı Sərəncamından çıxarışda göstərilmişdir: “vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu Polad Həşimov küçəsi 18, N nömrəli h/h-də 5 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə daimi qeydiyyatdadır. Vətəndaş İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Əmək və ƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konistitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə Vətən müharibəsi əlilidir. Vətəndaş İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək 3-cü dərəcə Vətən müharibəsi əlili kimi 4 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmasını xahiş edir. Qeyd olunanlara əsasən, vətəndaş İddiaçı 5 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınsın və Vətən müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilsin. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı və xx.xx.1989-cu il təvəllüdlü X3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Az-İ№700926 saylı Nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Nurməmmədova” soyadı verilmişdir. - AR Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli MİS-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, həyat yoldaşı X4, uşaqları- X10, X8 və X7 Bakı şəhəri, Xətai rayonu, N saylı hərbi hissədə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı həqiqətən xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək kursant, xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) olduğuna görə aylıq 300 (üç yüz) manat məbləğində Prezident təqaüdü alır. Təyinatın başlama tarixi: xx.xx.2022, Təyinatın bitmə tarixi: xx.xx.2024. - Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 03/624 №li arayışdan görünür ki, arayış ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və X1 ötrü verilmişdir ki, onlara Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya və həyat yoldaşına ünvanlanan xx.xx.2022-ci il tarixli, ix/229 №li eyni məzmunlu məktublardan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı və X2 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət İş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş iddiaçının ehtiyata buraxılmasına əsas olmuş sənədlərə əlavə edilən N №li hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci dəniz xüsusi təyinatlı taborunun dəniz xüsusi təyinatlı dəstəsinin (sualtı müdafiə) komandiri-dalğıc mütəxəssisi, xx.xx.2005ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olan, xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda doğulmuş, xx.xx.2021-ci il tarixdən, 3-cü dərəcəli kapitan, İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimat verilmişdir. Təqdimatda aşağıdakılar qeyd olunmuşdur: “Təqdimat “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. 3-cü dərəcəli kapitan İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə özünü məsuliyyətli, nizam-intizamlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, xx.xx.2020-ci il tarixdə Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 1749 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarı verilmişdir. Hərbi qulluqçu ilə söhbət aparılmış mənzillə təmin olunmadığını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq 3cü dərəcəli kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. Təqvimlə xidmət illəri: 17 il, 00 ay, 26 gün Güzəştli xidmət illəri: 05 il, 09 ay, 11 gün Ümumi xidmət illəri: 22 İl, 10 ay, 07 gün. Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndəriləcək. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən orqanizmin funksiyasının 50% pozulması ilə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunan iddiaçının şəxsi işi və xidmət kartasına əlavə edilən N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli nizami hissə üzrə 288№li Əmrindən Çıxarışda aşaşıdakılar qeyd olunmuşdur: 3-cü dərəcəli kapitan İddiaçı, 2-ci dəniz xüsusi təyinatlı tabor xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) komandri-dalğıcı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 sentyabr 2022-ci il tarixli 0770 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyinə görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2022-ci ilin hesabından qalan 45 (qırx beş) gün müddətinə məzuniyyət verilməklə 14 novabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilsin. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, ehtiyatda olan hərbi qulluqçu olan iddiaçı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək əlilliyi olan şəxs kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 440 saylı Sərəncamı ilə iddiaçı ailə tərkibi ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə alınaraq Vətən müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilmişdir. İddiaçı hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4 a, mənzil 82-də xx.xx.2022-ci il tarixli müqavilə üzrə kirayədə yaşayır. İddiaçı 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alındığına və ehtiyatda olan zabit kimi kirayə qaldığına istinad edərək kirayə xərclərinin ödənilməsi üçün cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin bu xahişi təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ehtiyatda olan hərbi qulluqçu olsa da, əlilliyi olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 4-cü bazasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik müvəqqəti kirayə xərclərinin ödənilməsini hərbi qulluqçu kimi mənzil növbəsinə götürülən şəxslərə şamil etmişdir. Hazırkı halda isə iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərilən əsaslarla deyil, əlilliyi olan şəxs kimi mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil növbəsinə götürülmüşdür. Əlilliyi olan şəxslərə yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də, iddiaçı AR Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə aid edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin iddiaçıya “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya ödənilməsi” ilə bağlı imtinası qanuna zidd qiymətləndirilməməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi, yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətində xüsusi yeri olmaqla diqqət mərkəzindədir. Hazırkı iddiaçı da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan qeyd edilən Sərəncamın təsir dairəsinə düşür. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı əlilliyi səbəbindən irəli gələn güzəştlərə malik olduğundan həm də yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti kirayə xərclərini tələb edə bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmadığından və iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 15 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov