Məhkəmə qərarları › İş №2-1(112)-421/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-421/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-421/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 yanvar 2019-cu il tarixli 9/392 saylı qərarının etibarsız hesab edilməsi və bu qərardan irəli gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.01.2019-cu il tarixli 9/392 nömrəli qərarının etibarsız sayılması və həmin qərara əsasən ondan tutulmuş pul vəsaitinin ona qaytarılması öhdəliyinin cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 yanvar 2019-cu il tarixli, 9/392 saylı Qərarına əsasən Binəqədi Bələdiyyəsinin inzibati ərazisində icarəyə götürdüyü (Z.Bünyadov 19 saylı binanın yanında) torpağın icarə haqqı vergisini ödəməkdən yayındığı üçün iddiaçının 3025 manat (1749 manat əsas borc, 1276 faiz borcu) borcun ödənilməsi ilə əlaqədar barəsində tədbir görülməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət olunmuşdur. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli, 9/392 saylı Qərarın etibarsız hesab edilməsi və bu qərardan irəli gəlmiş nəticələrin ləğvi ilə bağlı Binəqədi rayon Binəqədi Bələdiyyəsinə iddiaçı 5 sentyabr 2019-cu il tarixdə rəsmi müraciət etsə də, Bələdiyyə tərəfindən qanunvericiliyə müvafiq olaraq rəsmi cavab verilməmişdir. Bu baxımdan aidiyyəti üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 yanvar 2019-cu il tarixli, 9/392 saylı Qərarı qanunsuz və əsassızdır. Həmin qərar iddiaçının icarə müqaviləsinə əsasən onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi nəticəsində ondan həmin məbləğin tutulması məqsədilə qəbul edilmişdir. Başqa sözlə Bələdiyyə özünün xüsusi hüquq münasibətinin subyekti kimi çıxış etməklə bağladığı müqavilə üzrə qarşı tərəfin yol verdiyini güman etdiyi pozuntu ilə bağlı həmin tərəfin öhdəliklərinin icrasını təmin etmək üçün qərar qəbul etmişdir. İcarə müqaviləsinin bağlanması nəticəsində tərəfər arasında xüsusi hüquq münasibətləri yarandığı üçün tərəflər arasında müqavilə şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisələr də həmin məsələləri tənzimləyən xüsusi hüququn normalarına uyğun həll edilməlidir. Buna görə də tərəflər arasında müqavilə şərtlərinə əməl edilməməsi ilə bağlı öhdəliyin icra edilməməsinə dair mübahisə vardır. Bələdiyyə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsini təmin etmək üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Tərəflərin icarə müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirib-yetirmədiyinə qiymət verilməsi, eləcə də öhdəliklərin icra edilməməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi məsələsi yalnız məhkəmə qaydasında həll edilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İcarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İcarəçi İddiaçı arasında imzalanmış 816 nömrəli 24.10.2007-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İcarəyəverən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu, Z.Bünyadov prospekti, 19 saylı yaşayış binasının yanında 90 kv.m torpaq sahəsini 49 il müddətinə İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə hər bir il üçün 180 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 9/392 nömrəli 30.01.2019-cu il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində icarəyə götürdüyü (Z.Bünyadov 19 saylı binanın yanı) torpağın icarə haqqı vergisini ödəməkdən yayınan, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, mənzil 123-də qeydiyyatda olan İddiaçı 3025 manat (1749 manat əsas borc, 1276 manat faiz borcu) borcun ödənilməsi ilə əlaqədar barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, Binəqədi Bələdiyyəsinin ərazisində olan vergi ödəyicilərinin vergi ödəmələrindən yayınan şəxslər barədə müvafiq inzibati aktın tərtib olunması qərara alınmışdır. İş materiallarında olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 may 2021-ci il tarixli məktubda qeyd olunur: Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 816 nömrəli 24 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə” əsasən, Binəqədi rayonu, Z.Bünyadov prospekti, 19 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 90 kv.m torpaq sahəsi 49 il müddətinə İddiaçı istifadəsinə verilmişdir və hazırki vaxtadək həmin müqavilə qüvvədədir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, 30 avqust 2007-ci il tarixdən hesablanması nəzərdə tutulmuş icarə haqqı ilə bağlı İddiaçı tərəfindən hər hansı ödəniş edilmədiyi üçün bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 9/392 nömrəli 30 yanvar 2019-cu il tarixli qərarı ilə 30 avqust 2007-ci il tarixdən hesablanmaqla yaranmış 3.025 manat (1.749 manat əsas borc, 1.276 manat faiz borcu) borcun ödənilməsi ilə əlaqədar barəsində tədbir görülməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edildikdən sonra İddiaçı tərəfindən Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin hesabına mədaxil edilmiş vəsaitin məbləği cəmi 1.118,52 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 16.03.2020-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-40603-30 nömrəli, 25.06.2019-cu il tarixli məktubuna əsasən İddiaçı pensiyasından 01.07.2019-cu il tarixdən 31.03.2020-ci il tarixədək 991.42 (doqquz yüz doxsan bir manat 42 qəpik) manat məbləğində pul tutularaq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin hesabına köçürülmüşdür. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4.0-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır; 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər; 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur; 11.13-cü maddəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir; 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır; 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İcarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İcarəçi İddiaçı arasında imzalanmış 816 nömrəli 24.10.2007-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyəverən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu, Z.Bünyadov prospekti, 19 saylı yaşayış binasının yanında 90 kv.m torpaq sahəsini 49 il müddətinə İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə hər bir il üçün 180 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 9/392 nömrəli 30.01.2019-cu il tarixli qərarına əsasən Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində icarəyə götürdüyü (Z.Bünyadov 19 saylı binanın yanı) torpağın icarə haqqı vergisini ödəməkdən yayınan, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, mənzil 123-də qeydiyyatda olan İddiaçı 3025 manat (1749 manat əsas borc, 1276 manat faiz borcu) borcun ödənilməsi ilə əlaqədar barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, Binəqədi Bələdiyyəsinin ərazisində olan vergi ödəyicilərinin vergi ödəmələrindən yayınan şəxslər barədə müvafiq inzibati aktın tərtib olunması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsi isə iddiaçı tərəfindən həmin müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklər yerinə yetirilmədiyi üçün mübahisələndirilən qərara əsasən torpaq vergisi hesablamışdır. Həmin qərarın əsaslandırıcı hissəsində də vergidən yayınma hallarının olması, vergi ödəmələrini gecikdirən şəxslərə xəbərdarlıqların göndərilməsi və onlardan vergiləri vaxtında ödəmələrinin tələb edilməsi, vergi borcunu ödəməyən şəxslər barəsində tədbirlərin görülməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik münasibətləri olduğu üçün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mübahisələr (icarə haqqının ödənilməsi və s.) mülki qanunvericiliyin tələblərinə əsasən həll edilməli idi. Lakin cavabdeh iddiaçı tərəfindən aralarında imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə əsaslanaraq müqavilə üzrə cavabdehin öhdəliyi kimi müəyyən edilmiş icarə haqqının (əsas və faiz borcu hesablanmaqla) məcburi qaydada ödənilməsi barədə mübahisələndirilən qərarı qəbul etmişdir. Beləliklə, tərəflər arasında müqavilə münasibətləri olduğu üçün və tələb edilən ödəniş də həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərdən irəli gəldiyi üçün belə bir qərarın qəbul edilməsinə cavabdehin səlahiyyəti olmamışdır. Həmin qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab edilir. Bu isə həmin qərarın etibarsız sayılmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.01.2019-cu il tarixli 9/392 nömrəli qərarı etibarsız sayılsın və həmin qərara əsasən İddiaçı tutulmuş pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar