Məhkəmə qərarları › İş №2-1(112)-421/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-421/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-421/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşüna), üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Bakı İslam Universiteti və Qafqaz Müsəlmanlar İdarəsi üçüncü şəxslər qismində göstərilməklə “İddiaçı müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı İddiaçı müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə daxili test imthanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olmuş, 5 il təhsil alaraq 2012-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməyini təsdiq edən diplom aidiyyatı üzrə Bakı İslam Universiteti tərəfindən ona təqdim edilmişdir. Adı çəkilən universitetin ona verdiyi diplomla hara müraciət edirsə bu təhsil sənədi müraciət etdiyi qururmlar tərəfindən ciddi qəbul olunmur. İddiaçı mövcud vəziyyətlə razılaşmır, hesab edir ki, qanunvericiliklə müəyyən olunmuş hüquqi prosedurları keçərək dövlət tərəfindən qeydiyyata alınmış Bakı İslam Universitetini bitirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbəbdən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsədə, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədininsertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. İddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi isə BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə qeyd olunmuşdur ki, Ali dini təhsil müəssisəsi olan hazırki Bakı İslam Universiteti (BİU) keçmiş SSRİ Nazirlər Soveti yanında X7 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı islam institutu yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01 mart 1994-cu il tarixli qərarı ilə Bakı İslam institutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmış və onun nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855 Ne li qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezitentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə verilmişdir. Komitənin 27 iyun 2002-ci il tarixli 163 Ne li Sərəncamına əsasən, Bakı islam Universiteti 135 saylı şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı İslam Universiteti yarandığı gündən bütün fəaliyyəti dövründə respublikada dini təhsillə bağlı mövcud olan qanunvericiliyə uygun olaraq müvafiq dövlət qurumlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərmişdir. Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq verilmişdir. BİU-nun təsisçisi QMİ-nin müraciəti əsasında universitetin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq Bakı islam Universitetinə tələbə qəbulu X5 (DİM) tərəfindən aparılır. Lisenziya verilənə qədər universitetə qəbul BİU-nin Nizamnaməsinə uygun olaraq aparılmışdır. 2002-ci ildə X10 üzrə Dövlət Komitəsində qeydiyyata alınan həmin Nizamnamənin 4.3 bəndinə əsasən "Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”. Bakı İslam Universiteti 2002-ci ildə X10 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən nizamnaməsinin təsdiqi zamanı mövcud qanunvericilikdə dini təhsilin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun TQDK (hazırkı DİM) tərəfindən test üsulu aparılması barədə heç bir tələb irəli sürülməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya dair cavabdehin etirazının məzmununa uyğun izahat və çıxış edərək, iddia əsassız olduğundan təmin olunmamasını xahış etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, qanunvericilikdə 2009-cu ildə dəyişiklik olunduqdan sonra, elə həmin ildə Universitetə aidiyyatı orqan tərəfindən müvafiq lisenziya verilmişdir və lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz, iddia təmin edilməlidir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Qafqaz Müsəlmanlrı İdarəsi Bakı İslam Universiteti 25.06.2012-ci il tarixli 2201 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətinə əsasən, iddiaçı 2007-ci ildə Bakı İslam Universitetinə daxil olmuş və 2012-ci ildə orda axund-imam, islamşünas, şəriət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. AZ-İ seryalı 018110 nömrəli Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, X3 21.11.2016-cı ildə soyadını İzzətli-yə dəyişdirdi. Bakı İslam Universitetinin 14.12.2018-ci il il tarixli 139 nömrəli qiymət kitabçasında İddiaçı təhsil aldığı müddətdə tədris olunan fənlər üzrə məqbulları, aralıq və yekun imtahanlarının, eləcədə təcrübə və diplom işinin qitmətləndirilmələri öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarından 02.03.1993-cü il tarixli çıxarışa əsasən, Qafqaz İslam Universitetinin nizamnaməsi qeydə alınaraq onun rəsmi fəaliyyətinə icazə verilmişdir. 12.09.1996-cı il tarixli AB seryalı 09808023 nömrəli Şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən tədris fəaliyyəti ilə məşğul olan Qafqaz İslam Universiteti həqiqətən vergi ödəyicisi kimi uçota alınmışdır. 135 nömrəli Dövlət qeydiyyat haqqında şəhadətnaməyə əsasən, Bakı İslam Universiteti 27.06.2002-ci ildə Ali ixtisas üzrə dini təhsil vermək üçün Ali dini tədris müəssisəsi formasında qeydiyyata alınmışdır. 87 qeydiyyat nömrəli 26.08.2009-cu il tarixli Lisenziyaya əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi ali təhsilin bakalavr və magistr pillələrində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığını həyata keçirməyə Bakı İslam Universitetinə icazə vermişdir. Lisenziya 5 il müddətinə qüvvədədir. Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsini 27.06.2002-ci il tarixli 163 nömrəli Sərəncamına əsasən, Bakı İslam Universitetinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08.04.1997-ci il tarixdə verilmiş Dövlət qeydiyyat haqqında şəhadətnamənin müddəti hüquqi qüvvəsi itirilmiş hesab edilərək, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı əlavə olaraq, iddia tələbinin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinə göndərilən məktubların surətini təqdim etmişdir Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 07.06.1996-cı il tarixədək qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçü dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamə) müvafiq surətdə fəaliyyət göstərirlər. Həmin maddənin 08.05.2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci hissəsinə görə, dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 07,06.1996-cı il tarixə qədər qüvvədə olan redaksiyasına uyğun olaraq dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, din tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (hazırda qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndində göstərilmişdir ki, bu Qaydalara əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) 1.1 bəndində qeyd olunan fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli 30 mart 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanı ilə "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə yeni məzmunda 17.4-cü və 17.5-ci bəndlər əlavə edilmişdir: 17.4-cü bənd fəaliyyət növü “dini orta ixtisas təhsil müəssisələri”, lisenziya verən orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, dövlət rüsumunun məbləği 4.000 manat; 17.5-ci bənd - fəaliyyət növü “ali dini təhsil müəssisələri”, lisenziya verən orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, dövlət rüsumunun məbləği 5.500 manat. Beləliklə iş materialları məcmu şəklində qiymətləndirildikdən sonra məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçının Bakı İslam Universitetinə qəbul olunduğu və təhsil aldığı 2007-2012-ci illərdə adıçəkilən Universitetin yuxarıda qeyd olunan Qaydalara əsasən müvafiq lisenziya olmadan lisenziyada göstərilən fəaliyyət növü ilə məşğul olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı İddiaçı müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı İddiaçı müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar