Məhkəmə qərarları › İş №2-1(112)-421/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-421/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-421/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızı katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması 2014-cü ildən fəaliyyət göstərmir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən firmaya göndərilən bildirişdə və şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 22699,14 manat (iyirmi iki min altı yüz doxsan doqquz manat on dörd qəpik) borcunun olduğu göstərilir. Hesab edir ki, borc əsassız olduğundan cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli “Əmlakın siyahıya alınması haqqında” qərarı ləğv edilməlidir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, "xxxx" Firmasının (VÖEN: **********) **********78 nömrəli icraat üzrə ümumilikdə, 22353,33 manat, o, cümlədən vergilər üzrə 15139,91 manat, faiz üzrə 6873,42 manat, maliyyə sanksiyası üzrə 340 manat, **********87 nömrəli icraat vərəqəsi üzrə ümumilikdə 597,27 manat, o, cümlədən sosial sığorta üzrə 437,50 manat, faiz üzrə 159,77 manat ödənilməmiş borcu olmuşdur. Vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********3 №-li borc bildirişi göndərilmiş (AVİS **********192800), borc məbləğinin Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Borcun göstərilən müddət ərzində ödənilmədiyi təqdirdə borclu vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması da daxil olmaqla, vergi orqanı tərəfindən həyata keçirilə biləcək tədbirlər sadalanmışdır. Vergi öhdəliyi vaxtında yerinə yetirilmədiyinə görə xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərara əsasən xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır. xx.xx.2023-cü il tarixə Firmanın 23112,79 manat (o cümlədən, əsas vergilər üzrə 15758,01 manat, maliyyə sanksiyası üzrə 340,00 manat və tətbiq edilmiş faizlər üzrə 7 014,78 manat) vergi borcu və 3471,21 manat isə (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 3432,33 manat və işsizlik sığortası üzrə isə 38,88 manat) sosial sığorta haqları üzrə borcu mövcud olduğu üçün əmlakın siyahıya alınması haqqında qərarın ləğv edilməsi məqsədə müvafiq deyil. ƏSASLANDİRMA HİSSƏSİ: 3.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlilik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Vergi ödəyicisinin borcuna görə əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş borcunun olunması təkzib olunmaz haldır. Göründüyü kimi vergi ödəyicisinin ödənilməmiş borcunun olması hazırkı mərhələdə həmin borcun iddiaçının əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar