Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4213/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 60 yaşının tamam olduğu 13 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Yaycı kəndində anadan olmuşdur. Qanunvericiliyin tələb etdiyi 25 ildən çox ümumi iş stajı və 13 il 04 ay 08 gün güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iş materiallarına əlavə edilən Şərur rayon Dövlət Arxivinin 06 oktyabr 2022-ci il tarixli 10/362 №li arayışında iddiaçı S.Məmmədovun 1977-1978-ci illər ərzində “Səməd Vurğun kolxozunda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən arayışda yuxarıda qeyd edilən illər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq “il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu” barədə hər hansı məlumat göstərilməmişdir. Belə olan halda iddiaçı S.Məmmədovun ümumi is stajı 25 ildən azdır (24 il 01 ay 16 gün (xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982xx.xx.1983, xx.xx.1983-xx.xx.1994 və xx.xx.2006-cı il tarixdən bugünədək olan 7 il)). Eyni zamanda iddiaçı S.Məmmədovun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq S.Məmmədova münasibətdə hazırda 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 34258,08 manat təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunla tələb edilən 25 il ümumi sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1978-cı ildə hərbi xidmətə çağrılmış, 19 may 1980-cı il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1980-cı il tarixdə hərbi qeydiyyata götürülmüşdür. ИТ-İ № ******* nömrəli, 26 iyul 1977-ci il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Arpaçay Gidrostroy Tikinti İdarəsində 1 - ci dərəcəli işçi kimiçalışmış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək 26 Bakı komissarları adına neftqazçıxarma idarəsinin hasilat-xidmət bazasında quyuların əsaslı yeraltı təmiri sexində 4-cü kateqoriya yeraltı quyu təmiri operatoru kimi, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək İliçevski Rayon Daxili İşlər İdarəsində Əlahiddə Silahlı Qüvvələrində hərbiləşdirilmiş mühafizəsinin atıcı kimi, xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək 26 Bakı komissarları adına neft-qazçıxarma idarəsinin hasilat-xidmət bazasında quyuların əsaslı yeraltı təmiri sexində 4-cü kateqoriya yeraltı quyu təmiri operatoru kimi, həmin müəssisədə xx.xx.1987ci il tarixdə təşkilat strukturunu təkmilləşdirmək məqsədilə 1 saylı neft-qazçıxarma sexinə 4-cü dərəcəli yeraltı quyuların təmiri üzrə operator kimi, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək əməyin ödənilməsi üçün yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq 4-cü kateqoriyalı quyuların yeraltı təmiri üzrə operator kimi işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Bibi-Heybətneft” Neft və Qazçıxarma İdarəsində 4-cü kateqoriyalı quyuların yeraltı təmiri üzrə operatoru kimi, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək işəgötürən sahibkar X2 yanında çilingər-santexnik kimi, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək həmin sahibkarın yanında çilingər-santexnik kimi işləmiş, xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin sanitar qovşağı üzrə mütəxəssis kimi, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də santexnik-çilingəri kimi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-də Mexanika şöbəsində santexnik-çilingəri kimi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-də Elektromexanika Departamentinə mexaniki usta kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də İstismar xidmətləri üzrə texnik kimi, xx.xx.2022-ci ildən hal-hazırkı günədək "xxxx" MMC-də İstismar Xidmətləri üzrə texnik kimi işləyir. Cavabdehin 06 noyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Şərur rayon Dövlət Arxivinin 68 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şərur rayonunda 1977-1978-ci illərdə fəaliyyət göstərmiş hər hansı bir kolxozun illik minimum əmək iştirakı norması barədə Şərur Rayon Dövlət Arxivində məlumata rast gəlinməmişdir. Şərur rayon Dövlət Arxivinin 02/06 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şərur rayon keçmiş S.Vurğun adına kolxozunun 1977-1978-ci illərə aid əmr kitabları və adam günü normasının təyin olunmasına aid sənədlər Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçı 1977-1978-ci illərdə Şərur rayon keçmiş S.Vurğun adına kolxozunda işləmiş və göstərilən qaydada əməkhaqqı alması arxiv sənədlərində göstərilmişdir: 1977-ci il üzrə adam günü 156, əməkhaqqı 385, saxlama vahidi 46, şəxsi hesab 428, 1978-ci il üzrə adam günü 120, əməkhaqqı 370, saxlama vahidi 47, şəxsi hesab 310. “Azneft” İB ’’Bibiheybətneft” NQÇİ-nin 24 aprel 2024-cü il tarixli arayışında göstərilmişdir ki, ’’Bibiheybətneft” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1980-ci ildə (Əmr N-181/p, xx.xx.1980-ci il) 26 Bakı komissarları adına (indiki ’’Bibiheybətneft” NQÇİ-nin) Quyuların əsaslı yeraltı təmir sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator peşəsinə işə qəbul edilib. xx.xx.1982-ci ildə (Əmr N-460/p, xx.xx.1982-ci il) Azərbaycan SSR X3 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1983-cü ildə (Əmr N-417/p, xx.xx.1983-cü il) Quyuların əsaslı yeraltı təmir sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator peşəsinə işə qəbul edilib. xx.xx.1987-ci ildə (Əmr N-121, xx.xx.1987-ci il) 1 saylı NQÇS-nə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator peşəsinə keçirilib. xx.xx.1994-cü ildə (Əmr N-48/k, xx.xx.1994-ci il) Azərbaycan Respublikası Əmək Məsəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. Güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün iş stajı: 13 (on üç) il, 04 (dörd) ay, 08 (səkkiz) gün müddəti ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli qərarının 10.2 hissəsinin “a” bəndində uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Həmin Qanunun 9.1.-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə redaksiyasında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı onun 60 yaşının tamam olduğu 13 oktyabr 2019-cu il tarixdən il tarixdın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda onun həmin tarixədək 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Göründüyü kimi iddiaçının güzəştli stajl iş materiallarında olan sübutlarla təsdiq olunur. Cavabdeh tərəfindən iddiaçının 13 oktyabr 2019-cu il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajının mövcud olmasını mübahisələndirmir. Cavabdehin mübahisə predmeti iddiaçının ümumi stajıdır. Belə ki, cavabdeh iddiaçının ümumi stajının 1977-1978-ci illərdə “Səməd Vurğun kolxozunda işlədiyi hissəsini mübahisələndirir və həmin dövr çıxılmaqla iddiaçının ümumi stajının 24 il 01 ay 16 gün olduğunu iddia edir. Həmin dövrün iddiaçının əmək stajı kimi nəzərə alınmamasını cavabdeh onunla əsaslandırır ki, verilmiş arayışda il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu” barədə hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təstiq edilmiş və xx.xx.2023-cü ilə qədər qüvvədə olmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nda göstərilmişdir ki, Əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən müəyyən edilir (4.1.1.5). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanununun 67.1-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı norması minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göründüyü kimi arxiv aryışına əsasən iddiaçı 1977-1978-ci illərdə Şərur rayon keçmiş S.Vurğun adına kolxozunda işləmiş 1977-ci il üzrə adam günü 156, 1978-ci il üzrə adam günü 120 gün olmuşdur. Məhkəmə sorğusu əsasında Şərur rayon Dövlət Arxivi tərəfindən həmin rayon üzrə hər hansı kolxozla bağlı minimum əmək iştirakı norması barədə məlumat olmadığı bildirirlmişdir. Məhkəmə hesab edir ki, 1977-1978-ci illər üzrə Şərur rayonu üzrə hər hansı kolxozla bağlı minimum əmək iştirakı norması barədə hər hansı məlumat mövcud olmaması halı iddiaçının ziyanına deyil, xeyrinə şərh edilməlidir. Bu səbəbdən onun həmin kolxozda işləməsi dövrü də əmək stajı kimi nəzərə alınmalıdır. Həmin dövr nəzərə alınarsa iddiaçının 13 oktyabr 2019-cu il tarixinə ümumi stajı 25 ildən artıq olur ki, bu da ona həmin dövrdən güzəştli şərtlərlə pensiya təyini üçün əsasdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 13 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4213/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4213/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver