Məhkəmə qərarları › İş №2-1(112)-4214/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4214/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4214/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin, 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Baki şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin, 3 saylı mənzili dövlət mənzil fonduna məxsus yaşayış sahəsinə daxildir. Buna baxmayaraq Cavabdeh heç bir hüquq müəyyənedici sənəd olmadan dövlət mənzil fondunda olan və əvvəllər 260455 nömrəli xx.xx.1987-il tarixli orderlə rus millətindən olan X3 məxsus olmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin, 3 saylı mənzilinə 2018-ci ildən qeyri qanuni qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunması, həmçinin bu əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti yerli İcra Hakimiyyətləri həyata keçirir. Eyni zamanda Mənzil məcəlləsinin 18-ci maddəsinə əsasən Yaşayış fondunun istifadəsi və saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Qeyd olunabnlara baxmayaraq balanssaxlayığı qurumun müvafiq sərəncamı və ya razılığı olmadan Cavabdeh heç bir hüquq müəyyənedici sənəd olmadan dövlət mənzil fonduna məxsus mənzilə qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, dövlət mənzil fonduna məxsus Baki şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin, 3 saylı mənzildə hal-hazırda yaşamayan və həmin mənzildə qeydiyyatı formal xarakter daşıyan Cavabdehın mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz və ərizə iş materiallarına əlavə olunmuşdur.

4. Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın Cavabdeh qarşı Serebrovski qəsəbəsi 4048/49cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “Cavabdeh mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.”

5. Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-4667/2013 nömrəli Qətnaməsi ilə iddiaçı Qədirova Vəfa Ağalar qızının Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 1 otaqdan ibarət 3 saylı mənzilinə istifadə hüququnun tanınması faktı müəyyən edilməsi və kirayə müqaviləsi bağlanması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4556/2015-ci il nömrəli Qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilə maraqlarına toxunan şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilmişdir. Suraxanı rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Qədirova Vəfa Ağalar qızının cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı, maraqlı şəxs suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə “istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması tələbinə dair” iddiası üzrə icraata xitam verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 537/2016-cı il nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli 2(010)-4667/2013 saylı qətnaməsi ləğv edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-6491/17 nömrəli Qərarı ilə iddiaçı Qədirova Vəfa Ağalar qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 yanvar 2016cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-155/2017 saylı Qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Qədirova Vəfa Ağalar qızı və X2 üçüncü şəxs qismində cəlb olunmaqla “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamın ləğv edilməsi” iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ləğv edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8688/2017 nömrəli Qətnaməsi ilə iddiaçı Cavabdeh Qədirova Vəfa Ağalar qızına qarşı mənzilə köçürülmə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49, 10 saylı evin 3 saylı mənzilinə köçürülməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 1948/2018 nömrəli Qətnaməsi ilə cavabdeh Qədirova Vəfa Ağalar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4233/18 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 01 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2- 79/1988 saylı qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahsəli mənzilə istifadə hüququnun olmadığını, Cavabdeh isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8809/2022 nömrəli Qərardadı ilə iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Cavabdeh) “qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” iddiası mümkün sayılmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 669/2023 nömrəli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1011/2023 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)- 669/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5189/2023 nömrəli Qərardadı ilə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin cavabdeh X1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməmiş və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, Cavabdehq ızı xx.xx.1989-cu il tarixdəən hazıradək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

18. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, Cavabdeh (xx.xx.1944-cü il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

21. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir.

23. Məhkəmə qeyd edir ki, tələb mülki xarakterlidir.

24. Digər tərəfdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8809/2022 nömrəli Qərardadı ilə iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Cavabdeh) “qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” iddiası mümkün sayılmamış, Müvafiq qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-669/2023 nömrəli Qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-669/2023 nömrəli Qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1011/2023 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

25. Məhkəmə həmin işdə Cavabdeh mübahisələndirilən mənzilə dair hüquqlarının olmasını və iddiaçının həmin tələbi irəli sürməyə subyektiv hüququ olmadığını müəyyən etmişdir.

26. Odur ki, iddia mümkün sayılmamalıdır.

27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

28. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar