Məhkəmə qərarları › İş №2-1(112)-4215/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4215/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4215/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı «əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı «əvvəlki dövr üzrə sosial müavinətin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, xx xxxxxx 1968-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Hal-hazırda DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsindən müharibə veteranı kimi müavinət alır. Müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət hüququnun yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 311 nömrəli qərarının 1.3-cü bəndinə görə müraciət edilməzdən əvvəlki üç il çün ödənilməklə qanuna müvafiq olaraq xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək olan fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi mümkündür. Belə ki, digər şəxslər üçün məhkəmə qərarı əsasında həmin ödənişlər verilmişdir. İddiaçı həmin ödənişin alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstəriənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 311 nömrəli qərarının müddəalarına, İPM-in 4.1, 33-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) “müharibə veteranı”na verilən müavinətin ödənilməyən xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək olan dövr üçün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim etdiyi yazılı etirazda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiasına etiraz edilir. İddiaçı DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək olan 3 illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Şəxs veteran vəsiqəsini xx xxxxxxxx 2017-cu il tarixində almış və həmin tarixdən ona sosial müavinət təyin edilmişdir. Vətəndaşın iddiasını tamamilə əsassız hesab edilir. Belə ki, vətəndaşa sosial müavinət təyin edilməsinin mümkünsüzlüyünü təsdiq edən yuxarıdakı faktlardan başqa aşağıdakı əsaslar da onun belə bir hüququnun olmadığını bir daha təsdiqləyir və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. xx xxxx 1994-cü il tarixli «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində və AR Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Belə ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx xxxxxxxx 2017-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Bundan başqa, şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim üçün mübahisə predmeti deyildir, lakin şəxsin «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqəsisin təqdim olunmasıdır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-l(102)- 575/2018 saylı qərarında və digər qərarlarında qeyd olunmuşdur. Həmin qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016-cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir. 1) Hər iki kateqoriyadan olan şəxslərin xüsüsi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) Vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) Hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində – əlillik arayışı ilə, veteranlarda – veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu – qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq ,o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda – vəsiqənin verildiyi anda yaranmış olur. Qeyd olunanlardan əlavə, «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Sözügedən müavinətin və ya təqaüdün həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulan güzəşt olması məsələsinə gəldikdə isə bu Qanunun 12- ci maddəsinin ilkin versiyasında (dəyişikliklər edilməmiş) müharibə veteranları üçün mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi üçün güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsi üçün tətbiq edilən güzəştlər sonradan müavinətlərlə əvəz olunmuşdur. Bu fərmanda həmin müavinəti almaq hüququ olan şəxslərin dairəsi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteram adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərman ilə isə həmin müavinət 80 manat məbləğində müəyyənləşdirilmiş Prezident təqaüdü ilə əvəz edilmişdir. Burdan da görünür ki, adı dəyişməsinə baxmayaraq sözügedən müavinət mahiyyətcə veteran statusu olan şəxsə onun xüsusi statusuna görə verilən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində bəhs olunan güzəştlər anlayışı ilə əhatə olunur. Digər tərəfdən isə, müharibə veteranlarına verilən veteran vəsiqəsində qeyd edilir ki, “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.” Buradan da aydın olur ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu və bu sahədəki hər hansı digər normativ aktla müharibə veteranları üçün onların xüsusi statusuna görə sıravi vətəndaşlardan fərqli olaraq müəyyən edilən istənilən hüquq güzəşt hesab olunmalıdır. Yəni, veteranlar üçün təyin edilmiş kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsi üçün tətbiq edilən sosial müavinəti almağa hüquq da güzəşt hesab olunur. Göstərilənlərə və «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə, «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməsi məhkəmədən xahiş olunur İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbində göstərilən “birdəfəlik” sözünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona müavinət verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi xx xxxxxxxx 2017-ci il tarixdən əvvəlki üç il üzrə verilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx xxxxxxxx 2017-ci il tarixdə verilsə də, bu satusa o, əvvəllki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinətin vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən başlayaraq hesablanmalıdır. Həmin 3 illik ödənilmə müddəti ona “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi tarixlə məhdudlaşa bilməz. Odur ki, cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı oğluna müharibə veteranları üçün nəzərdə tutulan müavinətin xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il taarixədək olan 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı oğluna müharibə veteranları üçün nəzərdə tutulan müavinətin xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il taarixədək olan 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar