Məhkəmə qərarları › İş №2-1(112)-4215/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4215/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4215/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı) qarşı “sərəncamın və orderin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nağıyeva (Məmmədova) Kifayət İsa qızının adına verilmiş Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamının və xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Nağıyeva (Məmmədova) Kifayət İsa qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 06 oktyabr 2017-ci il tarixli 255 nömrəli sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülməsi və yeni binaların tikilməsi İddiaçı MMM-ə icazə verilmişdir. Sərəncamın icrası ilə bağlı İddiaçı МММ tərəfindən həmin ünvandakı sakinlərlə razılıqlar əldə olunmuş və qeyd olunan ünvanda söküntü-tikinti işləri aparılmışdır. Vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı İddiaçı MMM-ə qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzilin əvəzi olaraq həmin mənzilin dəyərinin ona ödənilməsini məhkəmədən xahiş etmiş, iddia ərizəsinin əsası kimi Cavabdeh başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına istinad etmiş və həmin sərəncamla 17 nömrəli MİS-də dalandar vəzifəsində işləməsi nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin xidməti olaraq ona verildiyini qeyd etmişdir. Eyni zamanda Cavabdeh tərəfindən verilmiş 004048 nömrəli, xx.xx.1996-cı il tarixli xidməti orderə istinad etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunumuşdur ki, Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzildə Məmmədova (Nağıyeva) Kifayət İsa qızı və onun ailə üzvləri ümumiyyətlə 1 gün belə yaşamamış, həmin mənzil 1 mərtəbəli köhnə tikili olmaqla qeyd olunan ünvan yerləşən X7 Bakı və Azərbaycan Yeparxiyasının Bakı şəhəri “Rojdestva Boqoroditsi” Kilsəsinin istifadəsində və sərəncamında olmuş, həmin mənzildən Kilsə kimi istifadə etmişdir və vətəndaşa xidməti mənzillə bağlı order verilən vaxt həmin yaşayış sahəsi boş olmamışdır (bu faktlar ərizəyə əlavə olunmuş MİS-in arayışı və məktubu, İcra Hakimiyyətinin məktubu və Nəsimi Rayon Prokurorluğunun qərarı ilə təsdiq olunur). Eyni zamanda müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 607 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamının 5-ci bəndində Cavabdehnə tapşırılmışdır ki, X2 kilsəsinə (M.Qaşqay küçəsi, 9) aid olan mənzilin kənar şəxsə verilmiş orderin ləğv edilməsi məsələsinə baxılsın. Həmçinin həmin Sərəncamın 6-cı bəndində Cavabdehnə tapşırılmışdır ki, X2 kilsələri ərazilərində yaşayan ailələrin oradan köçürülməsini təmin edib, həmin otaqları Pravoslav kilsəsinə qaytarsınlar. Nəsimi RİH başçısının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 9 nömrəli evin 6 nömrəli mənzilinin vətəndaş X6 dair tərtib olunmuş Nəsimi RİH başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının və sərəncama əsasən verilmiş 004048 nömrəli xidməti orderin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 607 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamının 5-ci bəndi icra edilməmişdir. Həmçinin, Məmmədova (Nağıyeva) Kifayət İsa qızına məxsus əmək kitabçası ilə də müəyyən olunur ki, o, xx.xx.2003-cü il tarixində Nəsimi rayon 17 saylı MKİS-də tutduğu vəzifədən azad edilmişdir. Belə ki, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Hazırki halda isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədovaya xidməti order verilərkən həmin yaşayış sahəsi boş olmamışdır. Eyni zamanda ona verilmiş orderin ləğvi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı vardır. Bundan başqa, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu halla bağlı isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədova xx.xx.2003-cü il tarixində Nəsimi rayon 17 saylı MKİS-də tutduğu vəzifədən azad edilmiş, yəni onun xidməti mənzildən çıxarılması üçün qanunla müəyyən olunmuş əsas da mövcud olmuşdur. Qeyd olunanlardan da göründüyü kimi vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı Cavabdeh başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamına və Cavabdeh tərəfindən verilmiş 004048 nömrəli, xx.xx.1996-cı il tarixli xidməti orderə istinad edərək hazırda MMM-ə qarşı qanunsuz tələblə məhkəməyə müraciət etməklə müəssisənin hüquqlarını kobud şəkildə pozur və sərəncamın icrasına maneə yaradır. xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq Məmmədova (Nağıyeva) Kifayət İsa qızının adına verilmiş Cavabdeh Başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının və 004048 nömrəli, xx.xx.1996-cı il tarixli xidməti orderin ləğv edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla cavab yazaraq bildirmişdir ki, sərəncamın mübahisələndirilməsi məhkəmə qaydasında həll edilir. Cavabdeh və üçüncü şəxs iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin eməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarında olan Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamından görünür ki, vətəndaş X5 2 otaq yaşayış sahəsi, 24 kv.m olan M.Qaşqay küçəsi 9 nömrəli evdə k/k Vartanovun 6 nömrəli mənzilinə xidməti order verilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti orderin surətindən görünür ki, M.Qaşqay küçəsində yerləşən, 2 otaqlı, 24,0 kv.m sahədən ibarət ev 9 ünvanında yerləşən 6 saylı mənzil X4 istifadəsinə verilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 255 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx- 1294 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və xx/xx-1326 saylı, xx.xx.2017-ci il tarixli memarlıq eskizini nəzərə alaraq Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş “tikintiyə icazə barədə” xx.xx.2018-ci il tarixli, 016 nömrəli xüsusi nişandan görünür ki, yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı şimaldan Salatın Əsgərova küçəsi, şərqdən Mirəli Qaşqay küçəsi, cənubdan Şamil Əzizbəyov küçəsi ilə qərbdən Azadlıq prospekti məhəllədaxili ərazi ilə əhatə olunan S-8800,0 sahəyə dair İddiaçı MMM-ə tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsində yerləşən M.Qaşqay küçəsi, ev 9 ünvanındakı 6 saylı mənzilin üçüncü şəxsin istifadəsinə verilməsi barədə sərəncamı və orderi həmin sənədlər qəbul edilərkən qanunvericiliyin tələblərinə uyğun olmaması əsasına görə mübahisələndirir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin yuxarıda istinad olunan hallarından görünür ki, mübahisəli sərəncam 1996-cı ildə qəbul edilmiş, həmin dövrdə hüquqi şəxs kimi iddiaçının özü belə mövcud olmamış (xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır), bununla da qəbul edilən sərəncam onun hüquqlarına təsir etməmişdir. İddiaçının 6 saylı mənzilin yerləşdiyi torpaq sahəsinə hüququ 2017-ci ildə yaranmışdır ki, bu hal ona həmin ərazidə yerləşən əmlaklarla bağlı daha əvvəl qəbul edilmiş inzibati aktları mübahisələndirmək hüququ vermir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı, hüquqi mübahisənin məhkəmə tərəfindən həll edilməsinə olan maraqdır və o, aşağıdakı hallarda mövcud olmur: – iddiaçı öz istəyinə başqa yolla daha sadə və daha məqsədəuyğun şəkildə çata bilərsə; – iddiaçının öz hüquqi mövqeyini yaxşılaşdırmaq üçün imkanı yoxdursa; – və ya hüquqi qaydada hərəkət etmə açıq-aşkar hüquqdan sui-istifadə anlamına gələrsə. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticə 6 saylı mənzilin sökülməsi zamanı üçüncü şəxsə kompensasiyanın ödənilməməsinə nail olmaqdır. Lakin iddiaçının həmin nəticəyə nail olmaq üçün belə bir iddia qaldırması açıq-aşkar hüquqdan sui-istifadə deməkdir. Çünki şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Buna görə də məhkəmə hesab edir hansı ki, onun arzu etdiyi bu nəticəyə hazırkı iddia vasitəsilə nail olması mümkünsüzdür. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı iş üzrə qeyd edilən şərtlər ödənilmədiyindən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar