Məhkəmə qərarları › İş №2-1(112)-4216/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4216/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4216/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacın adına keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 3 Q saylı evə quraşdırılmış elektrik sayğacının mənim adıma keçirilməsinin cavabdeh Azərişıq ASC-yə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, qeyd olunan evdə qeydiyyatdadır və orada yaşayır. Özü şəhid atasıdır, iki oğlu Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Yaşadığı qeyd olunan evin elektrik sayğacı keçmiş gəlini X2 adınadır. Keçmiş gəlini həmin mənzildə qeydiyyatda yoxdur və orada yaşamır. Elektrik sayğacının onun adına keçirilməsi ilə bağlı o cavabdehə ərizə ilə müraciət etib, lakin ona imtina edilmişdir. Hesab edir ki, evin elektrik sayğacı onun adına keçirilməlidir. Ona görə də məhkəməyə müraciət edir. “Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar “Elektroenergetika haqqında” “Energetika haqqında” AR Qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerji istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəifndən bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə quraşdırılmış elektrik sayğacının adına keçirilməsi ilə bağlı bildirilmişdir ki, mənzildə quraşdırılmış "AMPY" tipli, A480969519 zavod nömrəli elektrik sayğacı "xxxx" ASC-nin informasiya məlumat bazasında, Sabunçu rayonu, ünvan 2 ünvanında (abunə kodu 090101602X30019) X2 adına qeydiyyatdadır. Odur ki, həmin mənzilin ona məxsus olması ilə bağlı mövcud təsdiqedici sənədlərlə “ASAN Kommunal" mərkəzlərinə müraciət etməyi tövsiyə olunmuşdur.

4. Məhkəmənin 07.02.2022-ci il tarixli qərardadı ilə X8 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı X9 ilə birlikdə öz vəsaitimiz hesabına 16 noyabr 2020-ci il tarixdə alqı-satqı (qeydiyyat yolu ilə) yolu ilə əldə edib. Həyat yoldaşı X9 04 dekabr 2020-ci il tarixində ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da Seyran Nüsrətovla birlikdə orada yaşamağa başladılar. Lakin həyat yoldaşı üzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi. 06 yanvar 2021-ci tarixdə onu xəstəxanaya yerləşdirdi. Orda məlum oldu ki, onun ürəyində problemlər var. Ona görə də o Bakı Sağlamlıq klinikasına köçürüldü. 17 yanvar 2021-ci il tarixdə o komaya düşdü. Bir ay komada qaldı. Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi səbəbi ilə o, 17 fevral 2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı evə dair müvafiq sənədləşmə işlərini həyata keçirib. Eyni zamanda Azərişıq ASC ilə arasında Abunə haqqında bağlanılmış müqaviləyə əsasən elektrik sayğacı onun adınadır. Lakin iddiaçı Nüsrətov X5 ASC-yə qarşı iddia qaldıraraq elektrik sayğacını heç bir əsas olmadan öz adına dəyişdirmək istəyir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata alınması barədə Məhkəmənin qərarı onun marağına toxunduğu ücün 3-cü şəxs qismində işə qoşulmağı barədə şikayət verdi. Apellyasiya məhkəməsi işə cəlb edilməyi barədə qərardad çıxarmışdır. Bununla da Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli qəararı ilə İddiaçı ünvan 8 ünvanında qeydiyyyata alınma barədə iddiası rədd edilmişdir. Həmçinin qeyd edir ki, İddiaçı evin giriş qapısının acarım dəyişdirərək məni evə buraxmadığı üçün məhkəmədə iddia qaldırdı. Sabunçu rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli Qətnaməsi ilə iddia tələbim təmin edilərək onu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürmüşdür. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsi ilə qüvvəsində qalmışdır. X3 vərəsəsi olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, həyat yoldaşı X9 ünvan 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin 21.10.2000-ci ildə verdiyi 024992 saylı vəsiqədən də görünür ki, X9 müharibə veteranıdır. Nikah haqqında şəhadətnamədən görünür ki, o, Nüsrətov Seyranla nikahdayam. 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsinə əsasən ünvan 9 saylı fərdi evi X1 Eyvaz Qasım oğlundan almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, 26.04.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, X8 Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şirvani küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK-180114RC5DJT). Azəriqaz İB ilə istehlakçı X8 arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski-0020-0003-ə dair 01.02.2021-ci il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Yenə həmin ünvana dair Azərsu ASC ilə X8 arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair Müqavilə bağlanılmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaq üçün sübyektiv hüququ yoxdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 ünvan 10 ünvanında yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsinə əsasən (iş 2(103)-11225/2021) həmin qətnamə iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək X8 ünvan 10 ünvanında yerləşən fərdi evə köçürülmüş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05.04.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 12.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 12 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və məhkəmənin 03 may 2021-ci il tarixli məktubu ilə icraya yönəldilmişdir. Bundan sonra, 16.08.2021-ci il tarixində X8 vəsatətlə məhkəməyə müraciət edərək, həmin qərar onun qanunla maraqlarına toxunduğunu nəzərə alaraq onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 ilə 2007-ci ildən ailə qurmuşl, nikahlarını rəsmi qaydada 21.02.2012-ci il tarixdə qeyd etdirmişlər. Seyran Nüsrətovla 2021-ci ilin fevral ayınadək, yəni onun ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 14 ünvanında yaşamışl, 2020-ci ilin axırlarına doğru yoldaşı ilə belə qərara gəlmişlər ki, Saray qəsəbəsindəki evlərini satıb başqa ev alsınlar. Həmin evlərini satıb 16 noyabr 2020- ci il tarixdə ünvan 5 ünvanında yerləşən ferdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixində əri X9 yeni evdə qeydiyyata alınmış və həmin vaxtdan da onunla birlikdə orada yaşamağa başlamışlar. İddiaçı isə təzə evlərinə onlarla birlikdə köçməmiş, qızıgilə getmiş və orada yaşamışdır. 2020-ci ilin dekabırında təzə evə köçdükdən sonra ərinin vəziyyəti pisləşmiş, 17 fevral 2021-ci ildə vəfat etmişdir. 2021-ci ilin iyul ayının 17-də işdən evə gəlib evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ona məlum olmuşdur ki, ərinin atası İddiaçı, qızı X10 və sonuncunun yoldaşı X11 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evinin giriş qapısını açaraq evə daxil olmuş, giriş qapısının açarları onlar tərəfindən dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Ərizəçi M.Bağırova apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2788/2021 nömrəli iş üzrə 29.10.2021-ci il tarixli qərarı ilə X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı ləğv edilmiş, X2 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunmuş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etdi.

9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, qeyd edilən fərdi yaşayış evinə dair sayğac X2 adına quraşdırılmış, sayğacın iddiaçının adına keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə iddiaçı müvafiq tələblə "xxxx" ASC-yə deyil, ASAN Kommunal xidmət mərkəzinə müraciət etməli idi.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

13. Məhkəmə hesab edir ki, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq qeydə alınmış müraciətlərinin olmaması səbəbindən iddianın mümkün sayılmaması həddən artıq formallıq hesab oluna bilər. Belə ki, istənilən halda cavabdeh qurum qeyd edilən müraciəti cavablandıraraq münasibətini bildirmişdir.

14. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 3 Q saylı ev özbaşına tikilidir. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 qüvvədə olan məhkəmə aktına əsasən qeyd edilən fərdi evə köçürülməsi qərara alınmışdır. Həmin evdə quraşdırılmış elektrik sayğacı da X2 adına qeydiyyatdadır. Qeyd edilən fərdi evə münasibətdə iddiaçının qanunla qorunan hüquqlarının olduğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmağa hüququ yoxdur. “Azəriqaz” İB ilə ilə iddiaçının arasında Şuşinski 0020-0003 ünvanına dair müqavilə bağlanmış olması (hərçənd qeyd edilən ünvanla iddia edilən ünvan üst-üstə düşmür) evin sahibi olmasını müəyyən etmir.

15. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, fərdi evə münasibətdə iddiaçının qanunla qorunan hüququ olmadığı üçün həmin hüququn inzibati məhkəmə icraatı qaydasında məhkəmə müdafiəsi yoxdur. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, hazırkı iddia istehlak münasibətlərindən irəli gəlir və tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətlərinin yaranması ilə bağlıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən: - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar