Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4217/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsini xahiş etmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına əsasən torpaq sahələri üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri (torpaqayırma sərəncamı və ya qərar, torpaq sahələrinin bölgüsünə dair ayrıc aktı) təqdim etməklə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə qeyd edilən məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.
3. Bundan sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda istifadəsində olan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 175 saylı qərarına əsasən Hövsan Südçülük sovxozunun X3 kollektivi şurasının birgə yığıncağının xx.xx.1991-ci il tarixli 68 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0.08 ha torpaq sahəsinin yerquruluşu planının (yerləşmə cizgisinin) tərtib edilərək ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hazırda istifadəsində olan 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 175 saylı qərarına əsasən Hövsan südçülük sovxozunun X3 kollektivi şurasının birgə yığıncağının xx.xx.1991-ci il tarixli 68 nömrəli qərarı ilə ona ayrılmışdır. Lakin torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək ona təqdim edilməmişdir. Bu səbəbdən də, o, müvafiq sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim edərək, istifadəsində olan sözügedən torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona cavab olaraq bildirilmişdir ki, torpaqayırma sərəncamı və ya qərar, torpaq sahəsinin bölgüsünə dair ayrıc aktı təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. Halbuki o, qeyd olunan torpaqayırma qərarını təqdim edərək torpaq sahəsinin bölgüsünə dair ayrıc aktını (torpaq sahəsinin yerləşmə cizgisini) istəmişdir. O, eyni məzmunlu ərizə ilə Abşeron və torpaq sahəsinin faktiki yerləşdiyi Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət etmiş, cavab olaraq ona Xəzər RİH tərəfindən bildirilmişdir ki, bu barədə Suraxanı RİH-də heç bir məlumat yoxdur. Abşeron RİH-dən isə bildirilmişdir ki, onun istədiyi sənəd “Torpaq sahəsinin yerquruluşu planı” adlanır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bu səbəbdən də, ona aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi torpaq sahəsinin yerquruluşu planı onun müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilməli idi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. İddiaçının vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək əlavə təqdim edə biləcəyi sübutların olmadığını, iştirakı olmadan iş üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.
8. Belə ki, Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
9. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil.
10. Belə ki, iş materiallarında olan Abşeron rayon Hövsan südçülük sovxozunun X3 Kollektivi Şurasının birgə yığıncağının xx.xx.1991-ci il tarixli, 68 nömrəli protokolundan çıxarışa əsasən sovxozda işləyən fəhlələrin mənzil sahəsi darısqal olduğu nəzərə alınaraq və onların bəzilərinin evi olmadığı üçün Abşeron rayon X4 İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarına əsasən sovxoz işçisi İddiaçı fərdi ev tikmək məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır.
11. Göründüyü kimi, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir.
12. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehliyi yaranmamışdır.
13. Belə ki, Hövsan südçülük sovxozunun ayrılmış torpaq sahələrindən iddiaçıya xx.xx.1991-ci il tarixli qərarla torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X4 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır.
14. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.0-ci bəndinə görə DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Nizamnamənin (.....) 3.1.2-ci bəndinə görə dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16-cı bəndinə görə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (.......) DƏDKR-nin vəzifələrinə aid edilmişdir.
17. Beləliklə, müəyyən olunur ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri arasında, fəaliyyət istiqamətlərində fərdi şəkildə torpaq sahasinin naturada sərhədlərinin yerində müəyyən edilməsi, buna dair cizgisinin tərtib və təsdiq edilməsi nəzərdə tutulmamışdır.
18. Cavabdeh orqan torpaq sahəsinin planı və ölçüsünü tərtib etməkdə səlahiyyətlidir ki, bu səlahiyyəti inzibati orqan yuxarıda qeyd edildiyi kimi torpaqayıran qurum tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər - torpaqayırma barədə inzibati akt və onun tərkib hissəsi olan torpaq sahəsinin yerləşdiyi yeri göstərən cizgi (sxem) əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı həyata keçirir.
19. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd).
22. Beləliklə, hazırkı halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı məzmunda iddia tələbinə cavab verməli orqan deyil, bu əsasdan iddia tələbi mümkün hesab edilə bilməz.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Səlma Salahova