Məhkəmə qərarları › İş №2-1(112)-4218/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4218/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4218/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğunu, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11 mart 2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır və ümumi iş stajı 25 ildən çoxdur. 1996-cı ildən etibarən dəmir yolu nəqliyyatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Mincivan texniki xidmət məntəqəsində vaqon baxıcısı təmirçisi işləyir. Güzəştli iş stajı 24 il təşkil edir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında qeyd etmişdir ki, İddiaçının ИТ-1 ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2006 - xx.xx.2020-ci illər ərzində çilingər, vaqon baxıcısı-təmirçisi, vaqon müayinəçisi-təmirçisi peşələrində işləmişdir. Adıçəkilən peşələrdən yalnız vaqon baxıcısı-təmirçisi (xx.xx.2006 - xx.xx.2008; xx.xx.2020 - xx.xx.2020) peşəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmışdır. Belə olan halda, İddiaçı Qanun ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. Həmçinin hazırda iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 40 800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 28 204,22 manat təşkil etdiyini bildirmiş, buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ ******* nömrəli hərbi biletin, xx.xx.2020ci il tarixli, 240 nömrəli arayışın, ИТ-l ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək 123 saylı məktəbdə müəllim, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərində İmişli rayon Daxili İşlər şöbəsinin Müəssisədənkənar gözətçi mühafizə xidmətində gözətçi, xx.xx.1989-xx.xx.1993cü il tarixədək Nəsimi adına kolxozda traktor briqadiri, mexaniki təmir emalatxananın müdiri, texniki təhlükəsizlik üzrə mühəndis işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək Beyləqan konserv zavodunda vaqon bələdçisi işləmiş, xx.xx.1993-cü il tarixdə İmişli rayon Nəsimi adına kolxozda çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə həmin kolxozda təmir mexaniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-xx.xx.1996cı il tarixlərində İmişli rayon “İbrahimli” kəndli fermer təsərrüfatında mövsümü işlə əlaqədar işləmiş, xx.xx.1996-xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2001-xx.xx.2005-ci il tarixlərində Azərbaycan Dəmir yolu Saatlı yol xidməti distansiyasında yol montyoru, xx.xx.2006 - xx.xx.2018-ci illər ərzində İmişli istismar vaqon deposunda çilingər, vaqon baxıcısı-təmirçisi, vaqon müayinəçisi-təmirçisi peşələrində işləmişdir. xx.xx.2018-ci ildə X2 İmişli texniki xidmət məntəqəsinə çilingər qəbul edilmiş, xx.xx.2020-ci ildən X2 Mincivan Texniki xidmət Məntəqəsinə vaqon baxıcısı təmirçisi keçirilmişdir və hal-hazırda həmin vəzifədə işləyir. İddiaçı hazırda ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşın tamam olması;

2. azı 25 il sığorta stajının olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üzrə staj təşkil etməsi;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Göstərilən tələblərdən ilk üçü iddiaçı tərəfindən ödənilsə də, sonuncu tələb ödənilmir. Belə ki, iddiaçının 60 yaşı xx.xx.2020-ci ildə tamam olmuş, onun həmin tarixədək 38 il 9 ay 11 gün sığorta stajı olmuşdur. İddiaçının iş yeri olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X4 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışda (xx.xx.2020-ci il tarixli, 240 nömrəli) göstərilmişdir ki, İddiaçı İmişli istismar vaqon deposunun İmişli vaqonlara texniki xidmət məntəqəsində 3/Q №-li əmrlə xx.xx.2006-cı ildə dördüncü dərəcəli çilingər kimi işə qəbul edilmiş, 358/D №-li əmrlə 01,12.2006-cı ildə dördüncü dərəcəli vaqon baxıcısı təmirçisi, 398-D №-li əmrlə xx.xx.2008-ci ildə beşinci dərəcəli vaqon müayinəçisi təmirçisi, 24 №-li əmrlə xx.xx.2016-cı ildə təlimatçı vəzifəsinə keçirilmiş, 40 №-li əmrlə xx.xx.2018-ci ildə təlimatçı vəzifəsindən azad edilmişdir. X2 İmişli texniki xidmət məntəqəsinə 341 №-li əmrlə xx.xx.2018-ci ildə çilingər kimi işə qəbul edilmiş, 18 №-li əmrlə xx.xx.2020-ci ildən hal-hazıra kimi Mincivan texniki xidmət məntəqəsində vaqon baxıcısı təmirçisi vəzifəsində işləyir. Habelə iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 74182 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1996-xx.xx.1998, xx.xx.1998-xx.xx.2001 və xx.xx.2001-xx.xx.2005-ci il tarixlərində "xxxx" QSC-nin Saatlı yol xidməti distansiyasında yol montyoru, xx.xx.2006-xx.xx.2006-cı il tarixlərində İmişli istismar vaqon deposunda vaqonlara texniki xidmət məntəqəsinin çilingəri, xx.xx.2006-xx.xx.2008ci il tarixində vaqon baxıcısı-təmirçisi, xx.xx.2008-xx.xx.2016-cı il tarixlərində vaqon müayinəçisi-təmirçisi, xx.xx.2016-xx.xx.2018-ci il tarixində təlimatçı, xx.xx.2018xx.xx.2020-ci il tarixinədək X4nda texniki xidmət məntəqəsinin çilingəri peşələrində çalışmışdır. xx.xx.2020-ci il tarixindən hal-hazıra kimi Yük daşımaları departamentinin X4nda vaqon baxıcısı-təmirçisi peşəsində işləyir. Qeyd olunan peşələrdən yol montyoru, vaqon baxıcısı-təmirçisi və vaqonlara texniki xidmət məntəqəsinin çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd) və bu peşələr üzrə İddiaçı iş stajı 23 il 8 ay təşkil edir. Beləliklə aydın olur ki, iddiaçının xx.xx.2020-ci il tarixə 23 il 8 ay güzəştli iş stajı mövcuddur (cavabdeh bu halı mübahisələndirsə də, qanunvericiliyə əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışması iş yerinin arayışı ilə təsdiqlənir ki, belə bir arayış hazırkı işdə mövcuddur, həmçinin müvafiq peşənin adının siyahıda göstərilən adla eyni olmaması, onun zərərli əmək şəraiti kimi qəbul edilməməsi üçün əsas deyil, çünki bu zaman ad eyniliyi yox, həmin peşələr üzrə icra edilən işin (əmək funksiyasının) eyniliyi əsas götürülür). İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olunan dördüncü tələbə gəldikdə isə işdən aydın olur ki, bu tələb ödənilmir. Belə ki, iş materiallarında olan 16 mart 2021-ci il tarixli, **********6 nömrəli məktuba əsasən İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16636,01 manat, 2006- cı ildən sonrakı dövr üçün isə 12568,21 manat olmaqla cəmi pensiya kapitalı 28204,22 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı kimi 40800 manat tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2021-ci il tarixə 28204,22 manat olmuşdur. Belə olan halda Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 4 şərtin hamısı mövcud olmadığında onun hazırkı tələbi təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qanunvericiliyi şərti olaraq 3 dövrə bölmək olar: 1) xx.xx.2006-cı il tarixədək olan dövr; 2) xx.xx.2017-ci il tarixədək olan dövr və 3) xx.xx.2017-ci ildən sonrakı dövr. Yuxarıda hazırkı iddia tələbinin 3-cü dövrün qanunvericiliyinə uyğunluğu yoxlanılmış və pensiya təyini üçün tələb olunan şərtlərin olmadığı müəyyən edilmişdir. Lakin iddia tələbi digər iki dövr qanunvericilik üzrə yoxlanıldıqda da həmin tələblərin ödənilmədiyi müəyyən edilir. Belə ki, iddiaçıya Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək ümumi stajı 25 ildən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nıda göstərilən işlər üzrə güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. Lakin iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 9 il 6 ay 9 gün, ümumi iş stajı isə 21 il 10 ay 12 gün olmuşdur. Eyni zamanda iddiaçıya Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. Lakin iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən konkret faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar