Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4218/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDVnin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinədair iddiası üzrə inzibati işə 16 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ədv məbləğindən qaytarılacaq olan 2.509,17 manat məbləğin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ədv məbləğindən qaytarılacaq olan 2.509,17 manat məbləğin qaytarılması barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cüil tarixdə "xxxx" MMC ilə iddiaçı arasında 08-3M-1H nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləğ 46466,10 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 8363,90 manat ƏDV məbləği ümumi sahəsi 54,83 kv.m. olan 1H bloklu, 3-cü mərtəbə 08 saylı mənzilə görə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməmişdir. Həmin məktubu aldıqdan sonra Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına müraciət etmişdir. Bank elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərildiyi məktubla cavabdehə müraciət etsə də, imtina təkrarlanmışdır. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd olunmalı halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Həmin məlumatların göstərilməsi Qaydaya əsasən ƏDVnin qaytarılması barədə müraciətin məcburi rekvizitlərindəndir. Həmin eyniləşdirmə məlumatları olmadıqda ƏDV-nin qaytarılması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ƏDV-nin qaytarılması qayda və şərtlərinə zidd müraciətin olması isə ƏDV qaytarılmasını istisna edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə vurğulayır ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtina qərarının ləğvi ilə bağlı tələbin irəli sürülməsi zəruri deyil və həmin qərarın mövcudluğu iddia təmin olunacağı halda qərarın icrasına maneə təşkil etmir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cüil tarixdə "xxxx" MMC ilə iddiaçı arasında 08-3M-1H nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləğ 46466,10 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 8363,90 manat ƏDV məbləği ümumi sahəsi 54,83 kv.m. olan 1H bloklu, 3-cü mərtəbə 08 saylı mənzilə görə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçının nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə etdiyi müraciət bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra “Qaydalar”): 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.2-ci bəndinin tələblərinin pozulmasına, yəni bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu hal, iddiaçının məsuliyyət sferasına aid olmamaqla imtina üçün əsas deyildir. Məhkəmə vurğulayır ki, bank tərəfindən həmin məlumatlar (elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi) sonradan da olsa cavabdehə təqdim edilsə də, cavabdeh xx.xx.2023-cü il tarixli imtina qərarında ona münasibət bildirməmiş, eyni əsaslandırmanı təkrarlamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDVnin yekun məbləği (2.509,17 manat) barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Nağdsız qaydada alınmış yaşayış sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği (2.509,17 manat) barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4218/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4218/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver