Məhkəmə qərarları › İş №2-1(112)-4219/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4219/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4219/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsi” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü 2-ci qrup əlil olan İddiaçı xx.xx.19745-ci il tarixdə Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində 1-ci dərəcə fəhlə kimi işə qəbul olmuş, xx.xx.1989-cu il tarixdə 73 saylı əmrlə həmin işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsində fəhlə işinə qəbul olmuş və xx.xx.2020-ci il tarixdə həmin işdən azad olunmuşdur. Onun əmək kitabçası itirilmiş, lakin həmin dövrlər ərzində qeyd olunan sahələr üzrə işlədiyinə dair arxiv arayışı və arayış mövcuddur. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubda iddiaçının həmin dövlər ərzində qeyd ediən sahələr üzrə işlədiyinə dair hüquqmüəyyənedici sənədin olmadığı bildirilmiş və iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, ona iş stajı müəyyən edilərək pensiya təyin edilməlidir. Belə ki, əmək kitabçası mövcud olmasa da, onun iş stajının olması faktı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı məhkəməyə müraciət edərək iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsini xahiş etmişdir.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 13/203 nömrəli arayışına əsasən, iddiaçı Axundov X2 Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində xx.xx.1975-ci il tarixdə 1-ci dərəcə fəhlə kimi işə qəbul olmuş, xx.xx.1989-cu il tarixdə (13 il 8 ay 14 gün) 73 saylı əmrlə həmin işdən azad olunmuşdur (Məhkəmə iclasında əsli təqdim edilmişdir).

4. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli 08 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (7 il 11 ay 21 gün) Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində fəhlə işində işlədiyi barədə məlumat qeyd edilmişdir (Məhkəmə iclasında əsli təqdim edilmişdir).

5. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və iş stajlnın müəyyən edilərək əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında əks olunmadığından nəzərə alınmamışdır, xx.xx.2006-cı il tarixdən sonrakı dövr isə nəzərə alınmış və iddiaçının subhesabından çıxarışa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6136,76 manat təşkil edir. İddiaçının tələb olunan pensiya kapitalının minimum məbləği 28200 manat təşkil edir. Odur ki, İddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövr nəzərə alınsa belə, aparılmış hesablamaya uyğun olaraq İİ qrup əlil kimi pensiya təyin edilməsi üçün yetərsizdir. Belə ki, iddiaçıya münasibətdə qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir. Lakin müvafiq müraciəti olduğu təqdirdə iddiaçıya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununa əsasən aylıq müavinət təyin edilə bilər.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddianın növü “iş stajının müəyyən edilməsi” hissəsində müəyyən etmə və tanınma, “pensiyanın təyin edilməsi” hissəsində öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.5 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında: (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və (2.2.3.) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

8. Pensiyanın təyin edilməsi tələbi zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

15. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. İddiaçı tələbini yaşa görə və ya əlilliyə görə pensiya təyini ilə bağlı tələbini dəqiqləşdirmədiyinə görə məhkəmə hər iki növdə əmək pensiyasının iddiaçıya münasibətdə təyini şərtlərini araşdıracaqdır.

16. Məhkəmənin bu qərardakı stajin müəyyən edilməsinə dair dair hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1683/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarına əsaslanır.

Əllilliyə görə pensiya təyini ilə bağlı məhkəmənin mövqeyi:

17. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

18. İddiaçıya xx xxxxxxx 2020-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki 4 şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

19. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. İddiaçıya tələb olunan stajın hesablanması (62-15)*4/12=188 ay (15 il 8 ay). İddiaçının stajı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 13/203 nömrəli arayışına əsasən, 13 il 8 ay 14 gün və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli 08 nömrəli arayışına əsasən 7 il 11 ay 21 gün cəmi 21 il 8 ay 5 gün olmaqla təsdiq edilir (bax 3 və 4-cü bəndlər). İddiaçı hesab edir ki, həmin illər nəzərə alındığında iddiaçının ona əmək pensiyası təyin edilə bilməsi üçün sığorta stajını topladığı təsdiq olunur.

20. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun işlədiyi dövrlər əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

21. İddiaçı Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər (13 il 8 ay 14 gün) işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1981-2000-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 13/203 nömrəli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışı göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

22. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1975-1989-cu illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 13/203 nömrəli arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1975-1989-cu illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 13/203 nömrəli arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur.

23. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia tələbinin həmin hissədə təmin olunmasına hüquqi maraq onda ifadə olunub ki, cavabdehin etirazda qeyd etdiyi kimi xx xxxx 2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 29.1-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçının xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4182 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (xx xxxxxxx 2019-cu il tarixə) indeksləşdirilmiş məbləği 11513 manat təşkil edir.

24. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində işlədiyi 7 il 11 ay 21 gün cavabdeh qurum tərəfindən nəzərə alınmışdır (Bununla əlaqədar qeyd edilən hissədə məhkəmə tərəfindən ayrıca akt şəklində qərardad qəbul edilir).

25. İkinci şərtlə bağlı məhkəmə qeyd edir ki, İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi yoxlanmalıdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. İddiaçıya tələb olunan stajın hesablanması (62-15)*4/12=188 ay (15 il 8 ay). Tələb olunan pensiya kapitalının hesablanması (15 il*12+8 ay)*144/192=141; 141*200=28200 manat.

26. Beləliklə, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan minimum məbləği 28200 manat təşkil edir.

27. İddiaçının 13 il 8 ay 14 gün (xx.xx.2006-cı ilədək olan dövr) və 7 il 11 ay 21 gün (xx.xx.2006-cı ildən sonrakı dövr) olmaqla cəmi 21 il 8 ay 5 gün iş stajı var.

28. İş stajı illərinin sığorta kapitalına çevrilməsi: 2006-cı il 1 yanvaradək olan dövrə münasibətdə ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı saylarına mütənasib hesablanmaqla) pensiya kapitalı hesablanmalıdır. (13 il tam il stajı * 306 manat) + (306 / 12 ay * 08 ay) = 4182 manat. Həmin vəsaitin 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 11513 manat təşkil edir. 2006-cı ilin 1 yanvarından sonrakı dövr üçün pensiya kapitalının məbləği iddiaçının subhesabından çıxarışa əsasən 6136,76 manat təşkil edir. Beləliklə, iddiaçıya münasibətdə qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir (11513 manat (xx.xx.2006-cı ilədək olan dövr üçün) + 6136,76 manat (xx.xx.2006-cı ildən sonrakı dövr üçün)

29. Odur ki, 28200 manat pensiya kapitalının minimum məbləğinin qarşılığında qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir ki, bu da İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün yetərsizdir.

30. İddiaçıya İİ qrup əlil kimi sosial müavinət almaq hüququ izah olunsun.

31. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 4.0.1.3-cü maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə aylıq müavinət təyin edilir.

Yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmənin mövqeyi:

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

33. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. x xxxx 2020 – xx xxxx 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 62-dir (iddia qaldırdığı vaxt 63). İddiaçının məhkəmə tərəfindən müəyyən olunan stajı 21 il 8 ay 5 gündür (bax 27-ci bənd). İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına malik deyil (bax 28-ci bənd). Odur ki, iddiaçının iddia qaldırdığı baxta yaşa görə pensiya təyin edilməsi hüququ yaranmamışdır.

34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

35. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal aşkar edilmir (bax 25-29-cu və 33-cü bəndlər).

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər 1-ci dərəcə fəhlə kimi 13 il 8 ay 14 gün iş stajı müəyyən olunsun. Cavabdehin imtinası həmin hissədə qanunsuz hesab edilsin. İddia tələbi pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar