Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-422/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli evə dair onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən 1973-cü ildə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə aid pasport”a əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərilir ki, yaşayış evində rekonstruksiya işləri aparılaraq genişləndirilmişdir və artırılmış hissə texniki pasportda göstərilmiş sahədən kənarda yerləşir, həmçinin təqdim edilmiş texniki pasport idarənin arxivində aşkar edilmir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, qanunvericiliyə uyğun olaraq mülkiyyətçi daşınmaz əmlakla bağlı sərbəst surətdə sərəncam vermək ixtiyarına malikdir. Sadəcə tikinti işləri aparıldığı zaman qanunvericiliyin tələblərinə riayət olunması tələb olunur. İddiaçının evi Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməmişdən əvvəl də mövcud olmuşdur. Həmçinin həmin Məcəllədə fərdi yaşayış evində rekonstruksiya işləri ilə əlaqədar hər hansı qurumdan icazə alınması ilə bağlı tələb mövcud deyildir. Bundan başqa "xxxx" MMC tərəfindən hazırlanmış eskiz layihəsindən də görünür ki, layihə binaların və qurğuların təhlükəsizlik istismarını təmin edən və qüvvədə olan normalara və qanunlara əsaslanaraq işlənilib hazırlanmışdır. Hətta məlumatlandırılma icraatı qaydasında göndərilmiş xx.xx.2021-ci il tarixli ərizəyə Nəsimi Rayon İcra Hakimiyyətinən etiraz daxil olmamışdır. Texniki paportun İdarənin arxivində aşkar olunmaması ilə bağlı bildirilir ki, texniki pasportun əsli mövcuddur. Əgər cavabdeh öz fəaliyyətində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan sənədlərin saxlanması, mühafizəsi və arxiv fonduna təhvil verilməsi qaydalarını pozmuşdursa, buna görə vətəndaşın məsuliyyət daşımasının heç bir hüquqi əsası yoxdur. Əsasnaməsinə uyğun olaraq, qeyd olunan sahədə vəzifələrin icrası cavabdehin vəzifə öhdəliklərinə aiddir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarma əsasən fərdi yaşayış evində rekonstruksiya işləri aparılaraq genişləndirilmişdir və artırılmış hissə texniki pasportda yerləşən sahədən kənarda yerləşir. Həmçinin, təqdim edilən texniki pasport İdarənin arxivində aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində, eləcə də, həmin qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********03 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ölməsi səbəbi ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2375/2022 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisi X4 ilə əvəz edilmişdir. İddiaçı X4 iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli evə dair mülkiyyət hüquqlarının İddiaçı məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd olunan ünvanda 1965-ci ildən yaşadıqlarını, əvvəlcə orada köhnə tikili bir mərtəbəli ev olduğunu, sonradan 2-ci mərtəbəsinin tikildiyini, təqribən 80 kv.m sahədə genişləndirmə işləri aparıldığını bildirdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki inventarlaşmanın mərkəzi bürosu tərəfindən 1973-cü ilin mart ayında tərtib edilmiş 15-10 nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”a əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli evin 1969-cu ildə tikildiyi, torpağın sahəsinin 127,9 m2, tikinti sahəsinin 67,4 m2 olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, həminin İddiaçı adına 1972-cü ildə tərtib edilmi texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Lakin həmin ünvana dair 1998-ci ildə İddiaçı adına tərtib edilmiş texniki pasportun və Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1/227 nömrəli xx.xx.1998-ci il tarixli məktubun surəti göndərilmişdir. Həmin sənədlərə əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin MKTB-si xx.xx.1998-ci il tarixli məktubla Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edib,İddiaçı yaşadığı 3-cü Alatava 137 ünvanında özbaşına tikilmiş evin texniki pasportunun olmamasını nəzərə alıb, evə texniki pasport verilməsini xahiş etmişdir.xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən, evin ümumi sahəsinin 139,6 m2, tikinti sahəsinin 112,6 m2 olduğu, tikinti sahəsinin A və B tikililərindən ibarət olduğu, A tikilisinin birinci mərtəbədə 1968-ci ildə tikildiyi, B tikilisinin ikinci mərtəbədə 1986-cı ildə tikildiyi göstərilir. İddiaçı tərəfindən inzibati orqana edilmiş müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş **********03 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatlanrına əsasən fərdi yaşayış evində rekonstruksiya işləri aparılaraq genişləndirilmişdir və artırılmış hissə texniki pasportda yerləşən sahədən kənarda yerləşir. Həmçinin təqdim edilmiş texniki pasport idarənin arxivində aşkdar olunmamışdır. Qeyd olunan səbəbdən mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Göründüyü kimi, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İddiaçı adına da məhz həmin sənəd, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1973-cü il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Cavabdeh orqan imtinasında həmin sənədin idarənin arixivində aşkar olunmamasına istinad etsə də, bu hal imtina üçün əsas ola bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun “Mötəbərlik prezumpsiyası” adlanan 19cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Həmçinin cavabdehin imtinasında fərdi yaşayış evində rekonstruksiya işləri aparılaraq genişləndirildiyinə və artırılmış hissənin texniki pasportda yerləşən sahədən kənarda yerləşdiyinə istinad etməsi də əsassızdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli10/836 nömrəli və xx.xx.2023-cü il tarixli 10/1087 nömrəli rəylərə əsasən, ünvan 1 ünvanında İddiaçı istifadəsində olan fərdi yaşayış evində aparılmış yenidənqurma (rekonstruksiya) işlərinin 1973-cü ilin mart ayında tərtib edilmiş 15-10 nömrəli və xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 30/357 nömrəli texniki pasportlarda göstərilən sərhədlər daxilində aparıldığı, lakin həmin yenidənqurma işlərinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) tələblərinə riayət olunmadığı bildirilmişdir. Ekspert rəyində yenidənqurma işlərinin inşası zamanı məlumatlandırma icraatının tələblərinə riayət edilmədiyi qeyd olunsa da, iş materiallarından görünür ki, bina və qurğuların layihələndirilməsi fəaliyyətinə lisenziyası olan "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsinin memarlıqplanlaşdırma bölməsi tərtib edilmiş və İddiaçı apardığı inşaat işləri barədə Nəsimi Rayon İcra Hakimiyyətinə yazdığı ərizədə məlumat vermişdir. Bunu təsdiq edən xx.xx.2021-ci il tarixli poçt qəbzi iş materiallarına əlavə edilmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmamışdır. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli evə dair mülkiyyət hüquqlarının İddiaçı məxsus olması haqqında arayışın X3 verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 137 nömrəli evə dair mülkiyyət hüququnun İddiaçı məxsus olması haqqında arayışın X3 verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4dan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-422/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-422/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver