Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-422/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ 12 avqust 2022-ci il tarixli, **********74095 saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə, fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtıvaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. X6 üzrə Baş İdarə tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında keçirilmiş X5nin nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 003667 nömrəli akta əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4095 nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikası VM-nin 58.13-cü maddəsi ilə iddiaçıya 280303,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı hesab etmişdir ki, elektron qaimə ilə 2678217,60 manat məbləğində mal alıb 10 faiz ticarət əlavəsi tətbiq edərək 2803039,36 manat hissədə topdan satışını həyata keçirmişdir. Halbuki, onun fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuş, topdansatışı heç vaxt həyata keçirməmişdir. İddia ərizəsinə əlavə etdiyi bank çıxarışları da xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il dövrədək olan ticarət dövriyyəsini tam təsdiq edir. xx.xx.2022 tarixlə Vergilərin hesablanması barədə **********173500 saylı Qərarla bəyannamə dövrü 4cü rüb 2021 üçün Qərarın hazırlandığı tarixə vergi və sığorta haqqları üzrə öhdəlik 280 385.72 manat vergi məbləğinin müəyyən edildiyi əksini tapmışdır. Şəxsi hesab vərəqəsində isə yəni X5 əsasında tətbiq olunan sanksiya kimi əks olunmuşdur. X5 tədbirləri çərçivəsində vergi ödəyicisinə fəaliyyət göstərdiyi bütün dövlər ərzində (AVİS avtomatlaşdırılmış vergi informasiya sistemi) elektron kargüzarlıq sistemi üzərindən ümumilikdə 2678217.60 manatlıq elektron qaimə daxil olduğu əsas götürülərək topdan satış üzrə 10 faiz ticarət əlavəsi tətbiq etməklə 2 803 039.36 manat satış dövriyyəsi müəyyən edilərək 58.13-cü maddəsinə əsasən 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilərkən VM-nin 3.2ci maddəsinin tələbi nəzərə alınmamışdır (Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.) Vergi orqanı tərəfindən yalnız və yalnız sahibkarın elektron kargüzarlıq ünvanına (kabinetinə) daxil olan elektron qaimələrin kəmiyyət göstəriciləri əsas götürülmüşdür. Belə ki, siqaretlərin topdan satışı ilə məşğul olan tütün məhsullarının istehsalçıları (inhisarçıları) və topdan satışını həyata keçirən hüquqi şəxslər bir qayda olaraq siqaret almaq üçün yalnız qarşı tərəfi “PAŞA BANK" ASC-də müvafiq hesablar (hesablaşma-hesabı və kart hesabı) üzərindən əməliyyatlar aparmaqla hesablaşmaları təmin edirlər. Tütün məmulatları və onların alqı-satqısı təbii monopoliyadadır və yalnız fabrikin (firmaların) müəyyən etdiyi qaydalar əsasında həyata keçirilə bilər. Burada digər əsas tələblərdən biri isə alıcı sahibkarların aldıqları tütün məhsullarının dəyərini yalnız əvvəlcədən və tam şəkildə ödənildikdən bir neçə gün sonra əldə edə bilmələridir. Yəni sahibkar (pərakəndə satış subyekti) siqaret almaq üçün fabrikin və ya firmanın müəyyən etdiyi dəyəri (Elektron qaimə əsasında) ödəniş sənədi əlavə edilməklə əvvəlcədən ödəməli, malı isə sonradan almalıdır. Bu prosedur bir qayda olaraq tətbiq olunur. Belə əməliyyatlarda kreditor borc qalıqlarına yol verilmir. Məsələ ondadır ki, sahibkarın belə əməliyyatlarla bağlı ümumi fəaliyyət göstərdiyi (2020-2022) dövr ərzində elektron kabenetinə 2678217.60 manat dəyərində elektron qaimə daxil olsa da, rəsmi bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1.259.412,76 manat, məxaric isə 1.303.311,20 manat dövriyyə məbləği olduğu təsdiqini tapır. Yəni cəmisi 1303311.20 manat dəyərində mal aldığı əksini tapır. EQ ödəniş sənədi deyil, bu yalnız öhdəlik sənədidir. Ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. Beləliklə, vergi orqanı əməkdaşı tərəfindən sahibkarın dövriyyə məbləği düzgün müəyyən edilməmiş, yalnız daxil olan EQ-in dəyəri əsas götürülərək maliyyə sanksiyası tətbiq olunmuşdur. Digər uyğunsuzluq: Vergi orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının həyata keçirilməsi proseduru müvafıq hüquq normasının davranış xarakterinin xüsusiyyətlərinə görə düzgün müəyyən olunmamasıdır. Belə ki, vergi orqanı əməkdaşı tərəfindən təxmin edilən fakt guya ki, 3 il ərzində belə iri həcmli ticarət dövriyyəsi yalnız topdan satış qaydasında ola bilməsidir. VM-nin 58.13-cü maddəsin əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Heç bir fakt siqaret köşkünün topdan satış fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Bunun üçün hər-hansı nəzarət tədbiri nəticəsində faktlar aşkarlanmamış topdan satışın həyata keçirildiyi barədə xəbərdarlıq, mənbəyi bəlli olan məlumat və heç bir əlavə uyğun tədbirlər görülməmişdir. Sahibkarın həmin tütün məhsullarını pərakəndə qeyri-sahibkarlara satmaq hüququ məhdud deyil. İddiaçı hesab etmişdir ki, tərəfindən həmin malları topdan satışına dair EQ və ya hər-hansı öhdəliklər yaradan, faktlar olmadan yalnız təxminlər üzərindən qərar qəbul edilmişdir. Yəni tətbiq olunan müddəa fərdi sahibkarın fəaliyyətində qanun pozuntusu hallarının xüsusiyyətlərinə uyğun deyil. Yuxarıdakılardan göründüyü kimi vergi orqanı tərəfindən qərar qəbul edilərkən iqtisadi hadisələr düzgün araşdırılmamış, VM-nin 3.1-ci, 24-cü maddələrinin tələblərini gözləməmişdir. Qərar üzrə göstəricilərlə İddiaçı Bank kart hesabındakı dövriyyə ilə də uyğunsuzluq təşkil etmişdir. Ümumiyyətlə 3 il müddətində 1 303 311.20 manat dəyərində mal (siqaret) almış sahibkar yalnız topdan satış obyekti kimi qiymətləndirilə bilməz. Topdan satış təsərrüfat subyektlərinin analoji dövr üçün satış dövriyyələri yüz milyonlarla manat həcmində yalnız EQ təqdim etməklə həyata keçirilə bilər. Digər məsələ isə ondan ibarətdir ki, tütün məhsulları topdan satış təsərrüfat subyekti (fabrik və ya firma) başqa şəxslərə təqdim etdiyi məhsullara görə də EQ-i İddiaçı adına göndərmiş və satışı onun adı ilə rəsmiləşdirmişdir. Yəni topdan satış təsərrüfat subyektləri tərəfindən İddiaçı göndərilən EQ üzrə malları hamısı heç də İddiaçı Təqdim edilməmişdir. Bütün yuxarıdakılardan aydın olur ki, həm topdan satış subyekti, həm də vergi orqanı tərəfindən hüquqları pozulmuş fərdi sahibkar İddiaçı tətbiq olunmuş maliyyə sanksiyası barədə qərar ləğv olunmalıdır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1539 nömrəli “X5nin həyata keçirilməsi haqqında” Qərarına əsasən kiçik vergi xidməti müşaviri X2 və kiçik vergi xidməti müşaviri X3 tərəfindən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN:**********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən mağazasında keçirilmiş X5 tədbiri zamanı elektron qaimə əsasında aldığı 2678217,60 manat məbləğində malların elektron qaimə təqdim etmədən 10 faiz ticarət əlavəsi tətbiq edilməklə 2803038,30 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 003667 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş X5nin nəticəsi haqqında" aktın tərtib edildiyi və aktın vergi ödəyicisı tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********4095 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 280303,94 (iki yüz səksən min üç yüz üç, 94 qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli, **********838100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:05-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ümumi fəaliyyət göstərdiyi dövr ərzində (2020-2022) elektron kabinetinə 2678217,60 manat dəyərində elektron-qaimə faktura daxil olsa da, rəsmi Bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1259412,76 manat, məxaric isə 1303311,20 manat dövriyyə məbləği təsdiqini tapır. Yəni cəmi 1303311,20 manat dəyərində mal aldığı əksini tapır. Məsələ ondadır ki, elektron-qaimə faktura ödəniş sənədi deyildir. Bu yalnız öhdəlik sənədidir, ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. İddiaçının ərizəsində qeyd etdiklərinin əksinə bildirilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında ünvan 2 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirlci içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları "xxxx" QSC, “Sarvan" QSC, "xxxx" QSC, "X9 LTD" MMC, “Azerbaijan Coca-Cola Bottiers" MMC, “Şah-96" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında 1.335.238 manat (bir milyon üç yüz otuz beş mln iki yüz otuz səkkiz), 2022-ci ildə 1.384.981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır, iki il ərzində 2.678.217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Yoxlama ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını qeyd etmişdir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt verilir. Yəni, ödənişin olubolmamasından asılı olmayaraq, elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim olunur. Beləliklə X5 tədbiri zamanı İddiaçı xx.xx.2022-ci il tarixli izahatına əsasən 2021- 2022-ci il ərzində elektron qaimə-faktura əsasında aldığı 2678217,60 manat dəyərində malın 130000,0 manat dəyərində olan hissəsini 10% ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq edilməklə 2803039,36 manat dəyərində topdan satdığı aşkar olunmuş, 42001,30 manat dəyərində malın obyektdə olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X5 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4095 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi əsasilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə 280303.94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -“X5nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə” xx.xx.2022-ci il tarixli **********1542 nömrəli tələbnamədən görünür ki, İddiaçı oğlundan vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir. -“X5nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1539 nömrəli qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı oğluna (VÖEN: **********) məxsus mağazada malların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturaların tərtib edilməsinə nəzarət edilməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X5 keçirilməsi nəzərdə tutulmuşdur. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY221760627 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı oğlunun cari fəaliyyətinin X5 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 02 avqust 2022-ci il tarixli, **********1544 nömrəli Qərardan görünür ki, İddiaçı “Nəzarət kitabçası”, Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər, elektron qaimə-fakturalar, təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturaları, Vergi Məcəlləsinin 71-1.1ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-fakturalar, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə mallıarın təhvil-qəbul aktları, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-fakturalar (invoyslar), malların alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktları, qaytarılmış mallara dair malların qaytarılması aktı, malların alışını və ya mədaxilini təsdiq edən Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturalar, elektron qaimə-fakturalar, elektron daşıyıcıyıcı vasitələrindəki bütün zəruri sənədlər, X5nin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsi qərara alınmışdır. -Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yuxarıda göstərilən qərara əsasən, fərdi sahibkar İddiaçı OVN tədbiri üçün zəruri olan sənədlərin təqdim edilməsi təklif edilmiş və kağız daşıyıcı götürülmüşdür. -DVX seriyalı 003667 nömrəli, 03 avqust 2022-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş X5nin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı oğluna (VÖEN: **********) məxsus ünvan 3 ünvanda yerləşən qəzet köşkündə fərdi sahibkar İddiaçı iştirakı ilə keçirilmiş vergi ödəyicisinə məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında alınması halı araşdırılarkən İddiaçı təqdim etdiyi izahata əsasən 2021 və 2022-ci il ərzində elektron qaimə əsasında aldığı 2678217,60 manat dəyərində malın 130000,0 manat dəyərində olan hissəsinin 10% ticarət əlavəsi tətbiq etməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq etməklə 2803039,36 dəyərində topdan satdığı aşkar olunması, 42001,30 manat dəyərində malın obyektdə olmasının müəyyən edilməsi əsası ilə İddiaçı VM-in 58.13-cü maddəsinə əsasən 280303,94 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. -Malların Vergi Məcəlləsi İlə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına va elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən X5 zamanı malların DVX seriyalı 001539 nömrəli, xx.xx.2022-ci il tarixli Siyahısından görünür ki, ünvan 3 ünvanda yerləşən qəzet köşkündə 817,8 manat məbləğində elektron qaimə-faktura idxal gömrük bəyənnaməsi əsasında alınmayan, 42819,1 manat məbləğində alış üzrə, 47163,48 manat məbləğində satış üzrə mövcud olan mallarin siyahısı tərtib edilmişdir. -xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X6 Üzrə Baş İdarəsinə verdiyi yazılı izahatda İddiaçı bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən sahəsi 3,5 kv.metr olan ticarət köşkünü icarəyə götürmüş və sahibkarlıq fəliyyəti ilə məşğul olur. Obyektin vergi orqanında qeydiyyatının olmamasının səbəbi mülkiyyət sənədinin olmamasıdır. Qısa müddət ərzində obyektin uçotu olması üçün vergi orqanına müraciət edəcək. həmin obyektin tütün məmulatlarının, su və sərinləşdirici içkilərin satışını həyata keçirir. Qeyd olunan malları Vektor QSC, Sarvan QSC, Sədəf trade QSC, "X9 LTD" MMC, “Azerbaijan Coca-Cola Bottiers" MMC, “Şah-96" MMC-dən elektron qaimə əsasında köçürmə yolu ilə alır. 2021-ci ildə elektron-qaimə faktura əsasında ******* manat (bir milyon üç yüz otuz beş mln iki yüz otuz səkkiz) 2022-ci ildə ******* manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) ƏDV daxil dəyərində mal almışdır. xx.xx.2022-ci il tarixdə keçirilən yoxlama zamanı köşkdə qalıq kimi qalan, 42819,20 manat, 817,80 manat dəyərində sənədsiz alınmış mallar təşkil etmişdir. Ümumilikdə iki il ərzində 2678217,60 manat dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satmışdır. Yuxarıda qeyd olunan məbləğin təqribən 130000 manatı (yüz otuz min) vətəndaşlara satılmışdır. Yoxlama ilə aşkar edilmiş sənədsiz mallar onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada alınmışdır. Fəaliyyət göstərdiyi ünvandan başqa ona məxsus köşk, mağaza, anbar və hər hansı ünvanda məhsul saxlamada olan mal mövcud deyil. İşin hallarından müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən ünvan 4 ünvanda yerləşən qəzet köşkündə xx.xx.2022-ci il tarixli qərar əsasında operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində xx.xx.2022-ci il tarixli **********4095 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçı barəsində 280303.94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı sözügedən qərarı mübahisələndirərək ləğv edilməsini tələb edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. -24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -50.1-ci maddəsinə əsasən X5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ...50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. -50.2-ci maddəsinə görə, X5nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. -58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -58.8. Səyyar vergi yoxlaması və X5 zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. -58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının X5 tədbirinə qədər olan müddətdə satdığı mallardan tədbir zamanı müəyyən olunan mal qalığı hissəsi çıxılaraq qalan məbləğə Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə ilk növbədə bildirir ki, X5 tədbiri Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilibedilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət formasıdır. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, X5 tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.). Lakin hazırkı işdə X5 tədbiri xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 2021-2022-ci il tarixlərdə olan və vergi nəzarəti dövrünə təsadüf etməyən (cavabdeh bu halın əksini sübut edən dəlil təqdim etməmişdir) əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı X5nin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və məqsədlərinə uyğun deyildir. Belə olan halda isə, hüquqmüəyyənedici rəsmi sənəd olmadan cavabdehin X5 tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə desək, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Birbaşa qüvvədə olan həmin normaya əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları,həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Məhkəmə həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi, vergi orqanının həmin dövrləri (2021-2022-ci illər) başqa növ yoxlama tədbiri üzrə yoxlamaq imkanı olmuşdur. Sadalanan əhəmiyyətli prosessual pozuntular inzibati aktın ləğv olunmasına kifayət etsə də, məhkəmə həmçinin tətbiq olunan maliyyə sanksiyasının mahiyyətinə də münasibət bildirməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus ticarət köşkündə keçirilən X5 tədbiri ilə alınmış mallar ümumilikdə 2678217,60 manat məbləğində elektron qaiməfaktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 280303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh 2021-2022-ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satdığı təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Lakin cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olduğu üçün VM-in 16.1.3-cü maddəsinə əsasən malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında həyata keçirməlidir. Bu səbəbdən də iddiaçının həmin hissədə apardığı ticarətin vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim edilməsi kimi qiymətləndirilmişdir. Bir halda ki, cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Nəzərə alınmalıdır ki, pərakəndə ticarət qaydasında malların satışını həyata keçirərkən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi, iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edən dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olmasına dair məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Cavabdehin istinad etdiyi yeganə dəlil iddiaçının yoxlama zamanı vergi orqanına verdiyi izahatdan ibarətdir. Lakin qeyd olunan izahatda iddiaçı 130 min manat dəyərində malı vətəndaşlara satdığını qeyd etsə də, malın qalan hissəsinin hansı qaydada, yəni topdan, yaxud pərakəndə qaydada satıldığı dəqiqləşdirilməmişdir. Başqa sözlə, vergi orqanı malın 130.000 manat dəyərində hissəsinin pərakəndə qaydada satılmasını müəyyən edərək, bununla işini bitmiş hesab etmiş, qalan hissəsinin topdan satıldığı qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı heç vaxt topdansatış həyata keçirmədiyini bildirmiş, vergi orqanı tərəfindən də əksini sübut edən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini şərtləndirən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, daha çox ehtimallar əsasında iddiaçı üçün əlverişsiz nəticələr yaradan inzibati akt qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının vergi orqanına verdiyi izahat etiraf kimi qəbul edilsə belə, bu hal məsələni cavabdeh vergi orqanının xeyrinə dəyişmir. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə yeganə mövqeyi olan (yəni iddiaçının topdan satışla məşğul olmasını təsdiq edilməsinə dəlalət edən əsas dəlili)- iddiaçının izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman isə konkret sübutlara, dəlillərə istinad olunmalı, vergi ödəyicisinin məsuliyyətə cəlb olunması ehtimallara əsaslanmamalıdır. Həmçinin, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş Qaydalar bir təsərrüfat subyektində malların topdansatış və pərakəndə ticarət qaydasında satılmasını istisna etmir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli **********74095 saylı Qərarı yuxarıda sadalanan pozuntulara yol verilməklə qəbul edildiyindən, həmçinin inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən ləğv edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ 12 avqust 2022-ci il tarixli **********74095 saylı qərar ləğv edilsin. Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-422/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-422/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver