Məhkəmə qərarları › İş №2-1(112)-4220/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4220/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4220/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddia tələbinə görə, cavabdeh onun pensiya məbləğini səhv hesablamışdır. Pensiya məbləği 144 ay nəzərə alınmaqla yox, 90 ay nəzərə alınmaqla hesablanmalıdır. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-17-1/2-51556/2025 nömrəli məktubuna əlavə olunmuş yazılı etirazda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Əmr və Sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində drezinaların sürücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin 9 saylı yol distansiyasında kran drezina maşinistləri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahə yuxarıda göstərilən siyahı üzrə metropolitenlər sahəsinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yaranmamışdır. İddiaçı işlədiyi sahə yuxarıda qeyd olunan Qərar ilə təsdiq olunmuş siyahıda Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndi (21.4) kimi öz əksini tapmışdır. Lakin sözügedən bənddə onun işlədiyi vəzifə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir Daha sonra Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-177596/2024 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 2 gün təşkil etməkdədir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52.09 manat (24,51 il x 306 manat : 144 ay) hesablanaraq xx.xx.2024-cü il tarixə indeksləşdirilib 171,47 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60493,48 manat sığorta kapitalına uyğun 420,09 manat (60493,48 : 144 ay) əlavə edilərək 09 02.2024-cü il tarixinə əmək pensiyanızın məbləği 591,56 manat (171,47+420,09) məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və xx.xx.2024 tarixli 3-17-1/2-H-223130/2024 nömrəli məktubla ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının hesablanması haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85.185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilmişdir. Eyni zamanda sözügedən məktubda, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaitinin hesablandığı bildirilmişdir. Həmin vəsait cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulduğu qeyd edlmişdir. Son olaraq, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-252542/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının mümkün olmadığı bildirilmişdir. N.X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Qanunun 9.1 -ci maddəsinin tələblərinə uyğun qaydada 591,56 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM 2.2.3 və 34.1) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubla bildirilmişdir ki, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 85185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilib. Eyni zamanda, əmək pensiyanın üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 37.3.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 45.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. 45.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 №-li Fərmanının 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, iddiaçının bu iddia ilə məhkəməyə müraciətinin əsas məqsədi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasıdır. O, pensiyasının hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin 144 ay deyil, 90 ay nəzərə alınmasını tələb edir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddətini müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Qanunun həmin maddəsinin 13 may 2022ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, yaşa görə əmək pensiyası təyin edilən şəxslərin pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında əsas götürülən gözlənilən pensiya ödənişi müddəti (144 ay) güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş ümumi pensiya yaşı (kişilər üçün 65 yaş) arasındakı fərq qədər artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ 13 may 2022-ci il tarixindən sonra yarandığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85,185.15 manat pensiya sığorta kapitalı 144 aya bölünərək, aylıq pensiya məbləği 591.56 manat (85,185.15 : 144) müəyyən edilmişdir. Bununla belə, iddiaçının gözlənilən pensiya ödənişi müddətinin 90 ay olması ilə bağlı irəli sürdüyü tələb qanuni əsaslardan məhrumdur. Çünki onun pensiya hüququ 60 yaşında deyil, 64 yaşında yaranmışdır. Hazırda 64 yaşdan pensiya təyin edilməsi barədə qərar qüvvədədir və bu qərara uyğun olaraq pensiyanın hesablanması qanunvericiliyə tam uyğundur. Buna görə də pensiya məbləğinin hesablanması məsələsində 144 aylıq müddətin tətbiqi qanunla müəyyən olunmuş qaydalara əsasən düzgün aparılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar