Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4221/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı «iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «pozulmuş hüquqların bərpası» tələbini irəli sürülməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2011 – 2006-cı illərdə Azərbaycan Tibb Universitetinin “stomotologiya” fakültəsində təhsil almış və həmin fakültəni dövlət sifarişli formada müvəffəqiyyətlə bitirmişdir. O, həmin ildə yüksək balla rezidenturaya qəbul olunmuşdur. 3 illik rezidentura təhsilini bitirdikdən sonra xx xxxxxx 2016-cı il tarixli müqavilədə və 39 nömrəli qərarda qeyd edildiyi kimi, dövlət müəssisəsində təyinata uyğun işlə təmin olunmalı idi. «Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları»na əməl edilməmişdir. O, AR Səhiyyə Nazirliyinə dəfələrlə ərizə ilə müraciət etsə də, müxtəlif bəhanə gətirilməklə, yəni Bakı şəhərində vakansiyanın olmaması, xx xxxxxx 2019-cu il tarixdə stomotoloqlara azad təyinat verilməsi və s. məlumatlar bildirilməklə ona təyinat verilməsindən imtina olunmuşdur. Sonuncu ərizəyə x xxxx 2020-ci il tarixli cavab məktubu xx xxxx 2020-ci il tarixdə ona poçt vasitəsilə çatdırılmışdır. Cavab məktubu ilə onun hüquqları bir daha pozulmuşdur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İşin məhkəmə icraatında iddiaçı yazılı ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdehin nümayəndəsi İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əksər tibb müəssisələri TƏBİB-in tabeliyinə verildiyindən, X5 ilə AR Səhiyyə Nazirliyi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə Səhiyyə Nazirliyinin götürdüyü öhdəliklərin icrası qeyri-mümkündür. Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri əsasən psixiatrik və narkoloji təyinatlı müəssisələrdir ki, həmin müəssisələrdə də stomatoloq təyinatı mövcud deyildir. Eyni zamanda, stomotoloq ştatı mövcud olan müəssisələrdə isə vakant deyildir. Qeyd olunanlardan da göründüyü kimi, dövlət hakimiyyəti orqanının qərarına əsasən X5 ilə Səhiyyə Nazirliyi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin icrası qeyri-mümkün hala gəlmişdir. Buna görə də hesab olunur ki, iddia rədd edilməlidir. Bundan başqa qeyd olunur ki, Səhiyyə Nazirliyi inzibati orqan olsmasına baxmayaraq, onunla iddiaçı arasında bağlanmış xx xxxxxx 2016cı il tarixli müqavilə mülki hüquqi əqddir. Yəni, sözügedən müqavilədə Səhiyyə Nazirliyi mülki münasibətlərin subyektidir. Buna görə də hazırkı iddiaya inzibati məhkəmədə baxıla bilməz. Göstərilənlərə əsasən X4 iddiası tamamilə qanunsuz və əsassızdır, qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. İşin məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən X3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasənm inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 9-cu bəndinə görə Nazirliyin öz vəzifələrini yerinə yetirmək üçün malik olduğu hüquqlar sırasına tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmipedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək daxildir. «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 418 nömrəli xx xxxxxx 2018-ci il tarixli Fərmanı ilə aşağıdakılar qərara alınmışdır: - 1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin «Publik hüquqi şəxslər haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin; - 2. AR Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və X9 və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, X11 adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇSlə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, AR Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, X8, “xxxx” MMC, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, X6 Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, X2, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.4-cü bəndinə görə dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Qaydaların 4-cü bəndinə görə təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır (4.7-ci bənd). Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual vərəqəsi üzrə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar (4.8-ci bənd). İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması kimi aspektlər aiddir. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir (4.9-cu bənd). Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər (4.10-cu bənd). Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir (4.11-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.4cü bəndinə əsasən hazırlanmışdır və dövlət sifarişi əsasında rezidenturanı bitirən həkimmütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə görə həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” (Komissiya) tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir. Həmin Qaydaların 2.4-cü bəndinə görə Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkim-mütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (www.health.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə vakansiyaların seçimi zamanı həkimmütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir. Həmin Qaydaların 2.6-cı bəndinə görə təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na uyğun olaraq keçirilmiş Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır. Sözügedən Qaydaların 2.7-ci bəndinə görə Nazirliyin tabeliyində olmayan tibb müəssisəsinə həkim-mütəxəssislərin təyinatı həmin tibb müəssisəsinin tabe olduğu qurumun Nazirliyə göndərdiyi müraciətinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.8-ci bəndinə görə Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır: müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olması, rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti. Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır. Həmin Qaydaların 2.11-ci bəndinə görə Komissiya açıq səsvermə yolu ilə sadə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Həmin Qaydaların 2.12-ci bəndinə görə həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Məhkəmə qeyd edir ki, dövlət sifarişi əsasında rezidenturaya qəbul olunan həkimmütəxəssislə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında müqavilə bağansa da, onun attestasiyadan keçirilməsi və müvafiq tibb müəssisəsində həkim vəzifəsinə seçilməsi Nazirliyə müraciəti əsasında ayrıca icraat çərçivəsində həyata keçirildiyindən, tərəflər arasındakı bu münasibət və yaranmış hazırkı mübahisə publik xarakterlidir. Mübahisənin həllində gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərində olduğundan, habelə həkim-mütəxəssisin seçimi inzibati orqan AR Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinə mövcud vakansiyalar, digər tibb müəssisələrinə isə həmin qurumun müraciəti əsasında həyata keçirildiyindən, İPM-in 73.3.1 və 73.3.3-cü maddələrinin tələbləriə görə iddiaçının arzuladığı hal kimi onun həkim-mütəxəssis kimi işlə təmin olunması öhdəliyi hazırkı cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Həmçinin məhkəmə vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyənm edilmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə məhkəmə hesab edir ki, X1 cavabdeh AR Səhiyyə Nazirliyinə qarşı «iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı sayılmır və bu səbəbdən də təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 68 – 69, 73.1, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdeh AR Səhiyyə Nazirliyinə qarşı «iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4221/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4221/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver