Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4221/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) təqdim edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 478 saylı sahədə yerləşən, sahəsi 875 kv.metr olan torpaq sahəsinə cizgi (yerləşmə sxemi) və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 875 kv. metr olan torpaq sahəsi Əzizbəyov XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 17 saylı qərarı ilə Sona Mirzə qızına ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan ailənin daimi istifadəsindədir. Torpaq sahəsi hasara alınmışdır. Sona Mirzə qızı iddiaçının anasıdır. O, 2002-ci il tarixdə vəfat etmişdir. Etibarnamə əsasında iddiaçının nümayəndəsi X1 aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh ərizəni təmin etməmiş və bu barədə rəsmi məlumat verməmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, torpaq sahəsi 875 kv. metr təşkil edir və heç bir uyğunsuzluq yoxdur. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçının müraciəti cavabdehə daxil olmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmamış, bununla da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddia ərizəsi işi ilə əlaqədar Elektron Məhkəmə Sistemində (kabinetdə) olan mütəxəssis rəyində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. (“Azneft” İstehsalat Birliyi) Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 175 saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İddiaçı və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1948-ci ildə anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 noyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) 1990-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin 10 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK tərəfindən 1990-cı il üzrə verilmiş qərarlar və ona aid digər sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyindən, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 nömrəli qərarının və ona aid digər sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 28 noyabr 2024-cü il tarixli məktubuna əsasən keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) 1990-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubu ilə iddiaçıya təqdim edilmiş Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 №li qərarının təsdiqlənmiş surətinə əsasən Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 110 nömrəli evdə yaşayan, heç bir yerdə işləməyən, mənzil növbəsində olmayan, amma ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi bir nəfərdən ibarət Sona Mirzə qızına Buzovna qəsəbəsində 478 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.metr torpaq sahəsi ayrılmışdır. AZ-İ seriyalı, 636302 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Sona Mirzə qızı 09 dekabr 2002-ci ildə ölmüşdür. ИЕ seriyalı 011167 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1948-ci il tarixdə anadan olmuş, atası Əjdər Silid oğlu, anası Sona Mirzə qızıdır. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 875 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Azneft İB, H.Z.Tağıyev adına NQÇİ). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahəyə dair yerləşmə cizgisi müraciətə əlavə olunmadığından araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 478 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmişdir. Bunu təsdiq edən poçt qəbzi iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşdən göründüyü kimi iddiaçıya onun istifadəsində olan torpaq sahəsi Əzizbəyov rayon X2 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı ildə iddiaçının anasına ayrılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya 1990-cı ildə torpaq ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da X2 icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. Yeni Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün X2 torpaq komissiyası yaradır (7). Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün (10). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Əzizbəyov rayon X2 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı ildə iddiaçının anasına ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bunu etməmişdir. Cavabdeh yazılı etirazında iddiaçının müraciətinin ümumiyyətlə idarəyə daxil olmadığını bildirmiş və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən müraciət ərizəsi cavabdehə göndərilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yerləşmə sxeminin tərtib edilməsini xahiş etdiyi torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudlarında yerləşməsi həmin torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsinə maneə deyildir. Belə ki, iddiaçı onun ailəsinə rəsmi sənəd üzrə ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini xahiş edir. Həmçinin, “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 saylı sərəncamına əsasən verilmiş Buzovna qəsəbəsində 478 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4221/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4221/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver