Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4222/2021 23.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 11.12.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək İddiaçıya ünvanlanmış **********0 nömrəli, 21.01.2021-ci il tarixli imtina məktubunda İddiaçının işlədiyi sahənin nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatına aid olmadığından güzəştli iş stajının olmadığını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 20 il 18 günü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçının 29.07.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun 16.04.1985-31.12.2005-ci illər ərzində “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyini, həmin peşələrin 2 nömrəli Siyahının 28-ci bölməsində mövcud olsa da, İddiaçının işlədiyi sahənin (kimya) 2 nömrəli Siyahının müvafiq bölməsindəki sahə (nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatı) ilə üst-üstə düşmədiyini, buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, hərbi biletin, təhsil haqqında arxiv arayışının, əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 01.09.1979-cu il tarixdən 17.07.1982-ci il tarixədək Sumqayıt şəhər 41 nömrəli peşə məktəbində təhsil almış, 02.08.1982-ci ildən 13.10.1982-ci ilədək təmir-mexaniki sexində tornaçı (tokar) işləmiş, 27.10.1982-24.11.1984-cü il tarixlərində hərbi xidmətdə olmuşdur. 01.01.1985-ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində tornaçı (tokar) vəzifəsinə qəbul edilmiş, 16.04.1985-ci il tarixdən həmin sexdə teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. 01.06.1985-ci il tarixdən 31.01.1986-cı il tarixədək həmin sexdə yol montyoru, 01.02.1986-22.08.1988-ci il tarixlərində teplovoz maşinistinin köməkçisi, 22.08.1988-ci il tarixdən 10.11.1994-cü il tarixədək teplovoz maşinistinin köməkçisi, 11.11.1994-cü ildən 18.01.2011-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda teplovoz maşinisti, 19.01.2011-12.08.2014-cü il tarixlərində “Azərkimya” İstehsalat Birliyinin “Nəqliyyat və Xüsusi Texnika İdarəsi”ndə teplovoz maşinisti vəzifəsində işləmişdir, 13.08.2014-cü ildən hazıradək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda teplovoz maşinisti vəzifəsində işləyir. Beləliklə, iş materiallarına əsasən 2006-cı ilin yanvarın 1-dək İddiaçı 26 il 1 ay 27 gün ümumi iş stajına malik olmuşdur (“Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda İddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, sənəd məzmunca İddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. İddiaçının iş yeri olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışlardan (18.11.2020-ci il tarixli, 174, 175, 176 nömrəli) görünür ki, İddiaçı: - 16 aprel 1985-ci il tarixdən 31 may 1985-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi vəzifəsində (kod- 23001000-16878; iş stajı 1 ay, 16 gün). - 01 fevral 1986-cı il tarixdən 10 noyabr 1994-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifəsində (kod – 23001000-14241; iş atajı 8 il 9 ay 10 gün); - 11 noyabr 1994-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinisti vəzifəsində (kod – 23001000-14241; iş stajı 11 il, 1 ay, 21 gün); Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 20 il 18 gün güzəştli iş stajı olmuşdur. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajı olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə (kod- 23001000-16878 və kod – 23001000-14241) işləməsi tam sübuta yetirildiyindən onun 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu müəssisənin nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatına deyil, kimya sahəsinə aid olması təşkil edir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmır və qeyd edir ki, İddiaçı “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunda kimya istehsalı sahəsində deyil, dəmiryolu sexində işləmiş, əmək funksiyası istehsal olunan məhsul və digər yüklərin teplovozun köməyi ilə Birliyin dəmiryol sərhədinə və oradan zavoda təhlükəsiz daşınması, teplovozların fasiləsiz işinin təmin edilməsi, dəmiryol xətlərinin daşımalar üçün daim hazır vəziyyətdə olmasının təmin edilməsindən ibarət olmuşdur. İddiaçı məhz teplovozun səs səviyyəsinə, titrəyişinə görə işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün aylıq tarif maaşının 4%-i miqdarında əlavə vəsaitlə və əlavə məzuniyyətlə, habelə xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Bunda başqa, işdən görünür ki, “xxxx” QSC-nin 02.03.2021-ci il tarixli 46624 saylı məktubunda göstərilən teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinin əmək funksiyaları “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisinin peşə təlimatında göstərilən əmək funksiyaları ilə eynilik təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşə 2 nömrəli Siyahıda göstərilən “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə bərabərdir, buna görə də onun 57 yaşdan, yəni hüququnun yarandığı 21.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (pensiyanın təyin edilməsi həmin pensiya növünə uyğun məbləğin ödənilməsini ehtiva edir). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 21.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4222/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4222/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver