Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4222/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı müraciətə baxılması tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3, X1 və qeyrilərinin onun mülkiyyətində olan əmlakları ələ keçirmək niyyəti ilə daha üstün hüquq görüntüsü yaratmaq üçün, bu əmlaklara hüquq verən sənədləri ondan əvvəlki tarixə saxtalaşdırılmaları faktına dair şikayət ərizələrinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-3167/2019 nömrəli 20.09.2019-cu il tarixli xüsusi qərardadına baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133,3 kv. metr olan 4 otaqdan ibarət 60 №li mənzilə dair 12 avqust 2010-cu il tarixli müqaviləyə əsasən həmin mənzilin müqvilə dəyərini tam ödəməklə; həmçinin onunla "xxxx" MMC arasında həmin yaşayış binasının 5-ci blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 113,52 kv. metr olan qeyri-yaşayış hissəsinin müqavilədəki dəyərini tam şəkildə ödəməklə almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1519\2018 saylı, 09.04.2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, həmin müqavilələrdə göstərilən əmlakları üzərində onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması, həmin 60 №li mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və 16.09.2021-ci ildə tam icra edilərək əmlakları ona təhvil verilmişdir. Lakin, X6 və X4 qanunsuz yolla əldə etdikləri saxta hüquqverici sənədlərin əsasında maraqlı şəxs qismində 2019-cu ilin iyun ayında həm Abşeron Rayon Məhkəməsinin 2 (012)-l519\2018 №li, 09.04.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər, həm də həmin saxta sənədlər əsasında güya əmlaka ondan daha əvvəl hüquq əldə etmələri bahanəsi ilə 1-ci instansiya məhkəməsində ona qarşı iddia qaldırmışdırlar. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3167/2019 №li mülki işlə tanış olduğu zaman tərəfindən müəyyən edilmişdir ki, X6 mübahisəli 60 №li mənzilə dair 21.05.2009-cu il tarixli müqaviləsini öz iradəsi ilə ləğv edərək, əvəzində həmin blokun 13-cü mərtəbəsində yerləşən 78 №li mənzilə dair 12.12.2015-ci il tarixli müqavilə bağlamış, daha sonra isə MTK ilə qarşılıqlı razılaşması əsasında həmin 78 №li mənzilə dair 12.12.2015-ci il tarixli müqaviləsini də ləğv edərək, həmin 78 №li mənzilə görə əlavə pul öhtəliyinə dair 08.01.2017-ci il tarixli yeni müqavilə bağlamış və 2018-ci ilin iyun ayınadək həmin 78 №li mənzilə görə hissə-hissə əlavə 2000 manatadək pul ödəmişdir. Lakin, Q.Qasımov mübahisəli 60 №li mənzilə dair 21.05.2009cu il tarixli müqaviləsini ləğv etməsi faktını məhkəmədən gizlədərək, həmin ləğv edilmiş müqavilə əsasında ona qarşı məhkəmədə iddia başlatmış, lakin, məhkəmə vaxtı o, onun müqaviləsinin ləğv edildiyini sbut etdikdə isə o "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTKnın bir qrup keçmiş və indiki vəzifəli şəxsləri ilə ona qarşı çirkin niyyətlə cinayət əlaqəsinə girərək, güya 18.04.2016-cı il tarixdə 78 №li mənzilə dair müqaviləsinin ləğv edilməsi və mübahisəli 60 №li mənzilə dair müqaviləsinin bərpa edilməsinə dair MTK-ya müraciət etməsi və güya MTK-nın da onun müraciətini təmin etməsi görüntüsü yaradan 16.05.2016cı il tarixli saxta məktublar təqdim etmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən həmin mülki işin hallarında cinayət əməlinin əlamətləri aşkar olunması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 2(012)-3167/2019 №li 20.09.2019-cu il tarixli xüsusi qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokuroruna rəsmi müraciət olunmuş, lakin, indiyədək nədənsə həmin qərardada baxılmamışdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3168/2019 №li mülki işlə tanış olduğu zaman tərəfindən müəyyən edilmişdir ki, X1 mübahisəli qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim etdiyi 20.03.2007-ci il tarixli müqaviləsi, eyni tarixli maliyyə arayışı və “cizgi sxemi” həqiqətə uyğun olmayıb, ona qarşı çirkin niyyətlə sonradan köhnə tarixə saxtalaşdırılmışdır. Belə ki, S.Məsimovun təqdim etdiyi “müqavilə və maliyyə arayışı blank”ları öz rekvizit və elektron format xüsusatlarına görə, 23.01.2012-ci il tarixdə tərtib edilmiş format qrupuna aid olub, heç bir halda 23.01.2012-ci ildən əvvəlki müddətə mövcud olmamışdırlar. Rekvizitlərində 442.61.23 telefon nömrəsi yazılmış maliyyə arayışı blankları, yalnız bu nömrənin 11.03.2008-ci il tarixdə MMC-nin işçisi X2 adına rəsmləşdirilməsindən sonra formadanmış qruplara aid olub, heç bir halda 11.03.2008-ci ildən əvvəlki müddətlərdə mövcud olmamışdır. İşdə olan məhkəmə xətşünaslıq ekspertizasının 11 dekabr 2019-cu il tarixli 28935 №li ekspert rəyinin 2-ci nəticəvi hissəsi ilə birbaşa sübut olunmuşdur ki, həqiqətən də S.Məsimovun 20.03.2007-ci il tarixli müqaviləsinin və eyni tarixli maliyyə arayışı 10.10.2011 -ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuş X7 tərəfindən yazılmışdır. R.Nəsirovun hazırkı etirafına görə isə, həqiqətən də həmin sənədlər onun tərəfindən 2014-cü ilin mart ayında E.Tağıyevin təkidi ilə köhnə tarixə yazılaraq tərtib edildikdən sonra E.Tağıyev tərəfindən imzalanmış və möhürlənmiş, lakin, həmin vaxt S.Məsimov tərəfindən MMC-yə heç bir ödəniş edilməmiş və ona heç bir halda “cizgi sxemi” verilməmişdir. Rekvizitlərində “Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A” hüquqi ünvanı göstərilmiş blanklar, hüquqi şəxsin 18.04.2007-ci il tarixdə qeydə alınmasından sonrakı yeni hüquqi ünvanı olduğundan, bu tarixdən əvvəlki dövrlərdə mövcud olmamışdır. “müqavilənin predmeti” hissəsinin 1.1-ci bəndinin rekvizitlərində “14 mərtəbəli yaşayış evi' göstərilmiş blank nümunələri heç bir halda 23.01.2012-ci il tarixdən əvvəl mövcud olmamış, əvvəlki nümunələrdə isə “12 mərtəbəli yaşayış evi” göstərilmişdir. Müqavilənin “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” hissəsinin “Payçı”a aid hissəsində göstərilmiş (050) 208.98.12 mobil telefon nömrəsi yalnız 25.05.2007-ci ildə S.Məsimovun adına aktivləşdirildiyi bir halda, bu telefon nömrəsinin digər yazılarla eyni bir vaxtda və eyni şəxs tərəfindən 20.03.2007-ci il tarixdə yazılması qeyri-mümkün olub, bu sənədin sonradan köhnə tarixə saxtalaşdırıldığını sübut edir. S.Məsimovun təqdim etdiyi “cizsi-planı blankı" əsl sənəd olmayıb, lazımi qaydada təsdiq edilməmiş kserosurət olmaqla, hüquqşünas A.Orucovun əlyazması ilə saxtalaşdırılmışdır. Bu cizgi-planı blankı”ndakı təsvir MTK-da mövcud olan “Eskiz Layihələri” ilə heç bir halda üst-üstə düşmür. Odur ki, o "xxxx" MMC-nin (hüquqi varisi "xxxx" MTK) bir qrup vəzifəli şəxslərinin S.Məsimov və Q.Qasımovla əvvəlcədən qrup şəklində törətdikləri cinayət əməlləri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna dəfələrlə, sonuncu dəfə isə 03 oktyabr 2020-ci il tarixli şikayət ərizəsi və 29 iyun 2021-ci il tarixli sorğu ilə rəsmi müraciət etsə də, indiyədək şikayətinə və sorğusuna baxılmamış, heç bir cavab verilməmiş, bununla da cavabdeh inzibati orqan-Baş Prokurorluğu inzibati akt qəbul etməməklə bağlı hərəkətsizliyi nəticəsində onun qanunla qorunan hüquq və azadlıqları pozulmaqda davam edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 15.02.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə İmişli rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. X6 "xxxx" MTK-ya və İddiaçı qarşı “mənzilin təhvil verilməsi tələbinə” dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin çıxartdığı 20 sentyabr 2019-cu il tarixli 2(012)- 3167/20219 saylı xüsusi qərardadının surətindən müəyyən olunur ki, "xxxx" MTK-nın sədri X7 ilə X6 arasında "xxxx" MMC ilə əvvələr bağlanmış 12.12.2015-ci il tarixli 15 saylı müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 08.01.2016-cı il tarixli, 204 saylı müqavilə ilə bağlı "xxxx" MTK-nın müqavilə bağlanarkən sədri olmuş X5 əməllərində cinayətin əlamətlərinin aşkar olunması ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Hazırda iddiaçı saxtakarlıq faktı ilə bağlı müraciətlərinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-3167/20219 №li iş üzrə çıxartdığı 20 sentyabr 2019-cu il tarixli xüsusi qərardadına baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. 21.10.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Göründüyü kimi inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış mübahisələrə inzibati icraat qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir və həmin qərardad üzrə görülmüş müvafiq tədbirlər barəsində məhz qərardadı çıxarmış məhkəməyə məlumat verilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 449.2.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Qanunvericiliyin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarətini həyata keçirən məhkəməyə verilə bilər (CPM 449.1) İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı müraciətə baxılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4222/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4222/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver