Məhkəmə qərarları › İş №2-1(112)-4222/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4222/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4222/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı "qərarların ləğv edilməsi" tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı "qərarların ləğv edilməsi" tələbinə dair iddialarına dair birləşdirilmiş icraat üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC (satıcı) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında yerləşən ümumi sahəsi 0,517 ha olan torpaq sahəsini (tam hissə, 0,517 ha) İddiaçı satmışdır. 2.03.2023-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında yerləşən ümumi sahəsi 0,517 ha olan torpaq sahəsini X1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 04/23 №-li, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 53 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə görə yaranmış 6011,46 (altı min on bir manat, 46 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/30-17 №-li, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 53 ünvanında yerləşən, ona məxsus qeyriyaşayış təyinatlı torpaq sahəsinə görə yaranmış 1930,14 (bir min doqquz yüz otuz manat, 14 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: Birinci iddia üzrə icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 04/23 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmənin dəftərxanasında 2-1(112)-4223/2024 nömrəli iş olaraq qeydiyyata alınmışdır. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 04/23 saylı qərarının mətnindən ödəməli olan vergi borcunun hansı dövr üçün hesablandığı məlum olmur. Vergi borcunun niyə və hansı hesablamalara görə məhz 6011,46 manat olmasını qərardan müəyyən etmək olmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun. Qanunvericiliyin tələbində aşkar görünür ki, ödənilməli olan vergilərin hansı qaydada hesablanması və hansı dövrün əhatə edildiyi bildirilməlidir. Qanunun bu tələblərinə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04/23 saylı qərarında əməl edilməmişdir. AR Vergi Məcəlləsinin 206.3 maddəsində torpaq sahəsinin hər 100 kvadratmetrinə görə (10 000 kv.m-dək) müvafiq dərəcələr tətbiq olunur və bu dərəcə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üçün 10 manat məbləğində müəyyən edilmişdir. Mülkiyyətində olmuş torpaq sahəsi 0,517 ha-dır, yəni 5170 kv.m-dir. Belə olan halda bir il üçün ondan tutulmalı olan vergi borcu 517 (5170 kv m.=51 sot torpaq; 51 X 10 manat =517) manat təşkil edir. Digər tərəfdən məlumdur ki, göstərilən torpaq sahəsi onun mülkiyyətində (xx.xx.2019 il tarixindən xx.xx.2023-cü il tarixinədək) 3 il 80 gün, yəni cəmi 1175 gün olmuşdur. Belə olan halda ödənilməli olna vergi borcu 1175 gün üçün (517 manat: 365 gün = 1 manat 41 qəpik; həmin məbləği 1,41 manatı X1175 günə = 1656 manat 75 qəpik) 1656,75 manat təşkil edir. Beləliklə, müəyyən olunur ki, M.Ə.Rəsulzadə bələdiyyəsi xx.xx.2021-ci il tarixli 04/23 saylı qərarında naməlum səbəbdən borc rəqəmi əsassız olaraq böyükdür. Torpaq sahəsinə görə tərəfindən müxtəlif aylarda cəmi 800 (səkkiz yüz) manat ödənilmişdir. Yəni 1656,75 manat ümumi borcdan 800 manat çıxdıqda, 856,75 manat borc ödənilməmiş qalır. İkinci iddia üzrə icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 06/30-17 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmənin dəftərxanasında 2-1(112)-4222/2024 nömrəli iş olaraq qeydiyyata alınmışdır. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Vergi borcunun niyə və hansı hesablamalara görə məhz 1930,14 manat olmasını qərardan müəyyən etmək olmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun. Qanunvericiliyin tələbindən aşkar görünür ki, ödənilməli olan vergilərin hansı qaydada hesablanması bildirilməlidir. Qanunun bu tələblərinə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06/30-17 saylı qərarında əməl edilməmişdir. Bununla yanaşə cavabdeh tərəfindən 04/23 saylı xx.xx.2021-ci il tarixli digər qərar qəbul olunmuşdur və həmin qərar tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Həmin iddia ərizəsində torpaq sahəsinin onun mülkiyyətində olduğu dövr üçün (xx.xx.2019-xx.xx.2023 il) borcu düzgün hesablanmış və cavabdehin hazırda mübahisələndirilən xx.xx.2023 il tarixli 06/30-17 saylı qərarına heç bir zərurətin olmadığı sübut olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(112)-4223/2024 nömrəli (İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-4222 nömrəli (İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işə birləşdirilmiş, 2-1(112)-4223/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2- 1(112)-4222/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələblərinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı mübahisələndirilən qərarlardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Cavabdeh tərəfindən qəbul edilmiş 04/23 №-li, xx.xx.2021-ci il tarixli və 06/30-17 №-li, xx.xx.2023-cü il tarixli qərarların (inzibati aktların) təsdiq edilmiş surətlərinin, həmçinin qərarların qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişinin xəbərdarlıq məktubunun; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən qərarlar və tədiyyə bildirişi təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində müvafiq sanksiya tədbirlərin görülməsi, vergi borcunun məcburi qaydada tutulması, əmlakının üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdarlıq edilməsi barədə tədiyyə bildirişi tərtib edilmişdir. Fiziki şəxslərə əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. -5.0.3-cü maddəsinə əsasən vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. -8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. -196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1.1-ci maddəsinə əsasən,rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. -200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Fiziki şəxslərin əmlak vergisi yerli büdcələrə, müəssisələrin əmlak vergisi isə dövlət büdcəsinə ödənilir. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Cavabdeh tərəfindən qəbul edilmiş hər iki qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası. İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə qanuniliyi mübahisələndirilən Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, sorğu edilməsinə baxmayaraq M.Ə.Rəsulzadə bələdiyyəsinin əmlak vergisi ilə bağlı tədiyyə bildirişlərin, o cümlədən, mübahisələndirilən xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli inzibati aktların (qərarın) ünvanladığı fiziki şəxs - İddiaçı təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərarlardan yalnız icra mərhələsində məlum olduğunu, qərarların və tədiyyə bildirişlərin həmin vaxtda əldə etdiyini bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tədiyyə bildirişinin tərtib olunması şübhə doğurmur. Burada sübut edilməli hal odur ki, tədiyyə bildirişləri bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq olunsa da, tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarları qəbul edərkən Vergi Məcəlləsinin tələblərini pozmuş, eyni zamanda “İnzibati icraat haqqında” Qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, icraatın düzgün aparılmaması, həmçinin düzgün olmayan qərarların qəbul edilməsi ilkə nəticələnmişdir. Belə ki, iddiaçı tələbinin faktiki və hüquqi əsasını o hal təşkil edir ki, cavabdeh vergini düzgün hesablamamış, verginin məbləğinin hansı qaydada hesablanması əsaslandırılmamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin mübahisələndirilməyən halların görə, 0,517 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanana qədər iddiaçının mülkiyyətində olmuşdur. Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli qərar ilə 6011,46 manat vergi borcu hesablamışdır. Təqdim edilmiş inzibati icraat materiallarında görünür ki, 2021-ci il üçün 816,22 manat, ötən dövr üzrə 5713,54 manat, faiz məbləği 297,92 manat vergi borcu hesablamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli qərar ilə 1930,14 manat vergi borcu hesablamışdır. Tədiyyə bildirişdən görünür ki, 2023-cü il üzrə 816,22 manat, ötən dövr üzrə vergi borcu 6843,90 manat, faiz borcu 297,90 manat hesablanmışdır. Adi riyazi hesablama ilə müəyyən edilir ki, hər iki qərar üzrə hesablanmış ötən dövrlər üzrə vergi məbləğində və cari illər üzrə vergi məbləğində fərqlər mövcuddur. Həmçinin cavabdehin ikinci qərarı üzrə vergi məbləğinin bir hissəsi birinci qərar üzrə vergi məbləğinin bir hissəsini də əhatə edir. Vergi Məcəlləsi 203.1-ci maddsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 206.3-cü maddəsinə görə, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri - 10 000 m-dək olduqda - hər 100 kvadrat metrinə görə 10 manat vergi hesablanır. İddiaçının mülkyyətində olmuş torpaq sahəsi 5170 kv.m olmuşdur. Qanunvericliyin tələbinə görə, 5170 kv. m üçün hər il ödənilməli olan məbləğ 517 manatdır. İddiaçı torpaq sahəsini xx.xx.2019 il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2023-cü iltarixli müqaviləyə əsasən satmışdır. xx.xx.2019 ildən xx.xx.2022 ilə dək - 3 il, xx.xx.2022 ildən xx.xx.2023 ilə dək - 2 ay 17 gün, cəmi -1095 gün (365 gün X 3 il) + 60 gün (2 ay) +17 gün = 1172 gün. İllik ödəniş 517 manat : 365 günə = 1 manat 41 gəpik hər gün üçün. 1,41 manat X 1172 günə ( mülkiyyətdə olan dövr) - 1652 manat 52 gəpik. Cəmi borc - 1652,52 manat Bu borcdan 800 manat ödənilib. 1652,52 manat - 800 manat = 852,52 manat (ödənilməmiş qalıq borc) Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş 04/23 №-li, xx.xx.2021-ci il tarixli və 06/30-17 №li, xx.xx.2023-cü il tarixli qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar