Məhkəmə qərarları › İş №2-1(112)-4223/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4223/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4223/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17-də yerləşən 2 saylı evdən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, ev 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 17.09.2019-cu il tarixdə AN seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı evin paylı mülkiyyət hüququ ilə ona məxsus 1/2 hissəni 30.000 manata almışdır. Müqavilənin 11-ci və 13-cü bəndlərinə əsasən satıcı 18.09.2019-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi və 17.02.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı ev tam mülkiyyət hüququ üzrə onun adına 02.07.2020-ci ildə qeydiyyata alınmışdır. Sözügedən müqaviləyə əsasən X8 17.02.2020-ci il tarixədək qeydiyyatdan çıxmalı idi. Lakin müddətin başa çatmasına baxmayaraq, X8 qeydiyyatdan çıxmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Hazırda ev tam mülkiyyət hüququ üzrə ona məxsusdur və X4 onun mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı evə (ümumi sahəsi 36.60 kv.m) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına 02.07.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti MTKB 61 saylı MKİS-in 09.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus M.Fətəli küçəsi, dalan 17, 2 saylı evdə İddiaçı və X8 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.01.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Yasamal Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, Yasamal rayonu, X11 küçəsi dalan 17, ev 2 ünvanından X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.03.2021-ci il tarixli məktubdan görünür ki, X4 ünvan 5 ünvanına qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafıq qaydada məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(004)-5151/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh X6 qarşı “yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd olunur: Cavabdeh X8 mübahisəli mənzili özgəninkiləşdirmiş və həmin mənzilə dair onun adına aparılmış qeydiyyat yazısı ləğv edilmiş, bununla da onun həmin mənzildən istifadə hüququ itirilmişdir. Belə olan halda məhkəmə iddianı cavabdehin istifadə hüququnun olmasının müəyyən edilə bilməməsi səbəbindən rədd edilməsi qənaətinə gəlir. İş materiallarında olan reyestrdə 4Ə-780 nömrə ilə qeyd edilmiş notariat işində olan 17.09.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X8 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17-də yerləşən 2 saylı evin ümumi sahəsi 90.4 kv.m olan paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 1/2 hissəni alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 17.02.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18.06.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, ev 2 saylı ünvanı üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə hər hansı qeydiyyat aparılıbaparılmamsaı barədə məlumatın, həmçinin həmin ünvan üzrə X4 istifadə hüquqları üzrə qeydiyyat aparılması barədə, qeydiyyat mövcud olduğu halda müvafiq sənədlərin (çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin) surətlərinin verilməsinə barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı ünvanda yerləşən mənzil ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir 5 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 2V-103, 2V-104 reyestr nömrəli 24 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən sözügedən mənzilin ½ hissəsi X5 və X4 adlarına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4-780 reyestr nömrəli 17.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən məznilin X6 məxsus 1/2 hissəsini İddiaçı adına qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı mülkiyyətində olan hissə yeni poçt ünvanı alaraq Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı ünvanda yerləşən mənzil (ümumi sahəsi 36.6 kv.m) adı altında dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X5 mülkiyyətində olan hissə yeni poçt ünvanı alaraq Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı ünvanda yerləşən mənzil (ümumi sahəsi 53.8 kv.m) adı altında dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı ünvanda yerləşən mənzildə X4 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, 2 saylı evin 1/2 hissəsi paylı mülkiyyət hüququ üzrə X6 məxsus olmuş, 17.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 həmin 1/2 hissəni İddiaçı satmış, İddiaçı mülkiyyətində olan hissə yeni poçt ünvanı alaraq Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, ev 2 (ümumi sahəsi 36.6 kv.m) adı altında dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Mənzildə qeydiyyatda olan üçüncü şəxs X8 yaşayış yerini dəyişməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. Üçüncü şəxs hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmin ünvanında X4 istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iş üzrə üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, dalan 17, ev 2 ünvanından X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar