Məhkəmə qərarları › İş №2-1(112)-4223/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4223/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4223/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya aid olan hissədə ləğv edilməsini, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini cavabdehə həvalə olunması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdehin etirazı Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofıziki inkişafının həmyaşıdlarından gen qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasi”nda “Ağır dərəcəli əqli gerilik, ifadəli psixiopatabənzər davranış ilə. Kənar şəxsləhn qulluğuna ehtiyacı var” diaqnozu ilə həmin müəssisədə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs İddiaçı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs İddiaçı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-331/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1976-cı il tarixdə doğulmuş İddiaçı fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 161 nömrəli əmrinə əsasən X1 xx.xx.1976-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19542/2023 nömrəli qərar əsasında “xx.xx.2017-ci il tarixindən diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, xx.xx.2017-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilmiş, xx.xx.2024-cü il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya “Ağır dərəcəli əqli gerilik, ifadəli psixopatobənzər davranış ilə” birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tanxdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə uyğun olaraq İddiaçı xx.xx.2017-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Araşdırma çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçı “İnzibati icraat haqqında”Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməniz üçün xx.xx.2024cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında barenisdə “Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir" qərarı qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçı barəsində xx.xx.2017-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə əvvəlki qərarı ləğv etmiş, həmin tarixli yenilənmiş qərarı ilə iddiaçıya ümumi xəstəlik əsasında müddətsiz birinci dərəcə əlillik təyin etmişdir. Bu qərar, öz mahiyyəti üzrə cavabdehin iddiaçıda ağır dərəcəli xəstəliyin mövcudluğunu tam şəkildə qəbul etdiyini və onun hüquqi nəticəsini müddətsiz birinci qrup əlilliyin müəyyən edilməsi ilə rəsmiləşdirdiyini göstərir. Lakin inzibati orqan xx.xx.2024-cü il tarixli qərarı ilə tam əks mövqeyə gəlib, iddiaçıda “diaqnozun öz təsdiqini tapmaması” nəticəsinə gəlmişdir. Bu dəyişiklik cavabdehin əvvəlki mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən cavabdeh iddiaçının xəstəliyinin mövcudluğunu, həmçinin həmin xəstəliyin birinci dərəcəli əlilliyin təyini üçün əsas yaratdığını qəbul edir, digər tərəfdən isə heç bir yeni dəlil və ya ekspert araşdırması təqdim etmədən diaqnozun təsdiqini tapmadığını iddia edir. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, iddiaçı tam reabilitasiya olunsa belə (hansı ki məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır), həmin hal qanuni əsaslarla müddətsiz təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin dayandırılmasına əsas yaratmır. Bundan başqa Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.2. Əqli gerilik – F70-F73 Qiymətləndirmə: 7.2.1 yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri (35-60% müddətsiz); 7.2.2 orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması (65-80% müddətsiz); 7.2.3 ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması (85-90% müddətsiz); 7.2.4 dərin əqli gerilik İQ <20: heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri-mümkünlüyü (95-100% müddətsiz); 7.2.5 8 yaşına qədər şəxslərdə İQ test aparılmadan: prenatal və ya postnatal dövrdə beynin zədələnmələri, fiziki və ya psixi inkişafdan geriqalma, motor ləngimə və ya motor natarazlıq (80% - 5 il) Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina aşağıdaki əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə üçün mötəbərliyi şübhə doğurmayan mülki iş üzrə alınmış məhkəmə-tibbi ekspertizasının rəyindən, eləcə də işdə olan digər tibbi sənədlərdən tam aydınlığı ilə görünür ki, iddiaçıda F70–F73 kodları üzrə təsnif edilən “Əqli gerilik” diaqnozu mövcuddur. Ekspert rəyi və tibbi sənədlər bu patologiyanın sıradan, yüngül səviyyəli bir pozuntu deyil, ağır dərəcədə təzahür edən davamlı psixi pozuntu olduğunu birmənalı şəkildə təsdiq edir. Həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Ekspert rəyindən də görünür ki, iddiaçıda F72.1-də nəzərdə tutulmuş ağır dərəcəli əqli gerilik müəyyən edilmişdir ki, 7.2.3-cü yarımbəndin tələbinə əsasən həmin dərəcə əlilliyin təyinatı üçün əsasdır. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda bu xəstəliyin iddiaçıda zahirən aydın şəkildə narahat və gərgin olması, sosial ünsiyyətə qoşulmaqda ciddi çətinlik çəkməsi, verilən sualları adekvat qavramaması və onları mənasız ifadələrlə cavablandırması, öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətindən faktiki olaraq məhrum olması ilə müşahidə edilmişdir. Bu əlamətlər psixi funksiyaların dərin şəkildə pozulduğunu, əqli gerilik diaqnozunun ağır klinik səviyyədə təzahür etdiyini və iddiaçının real həyati fəaliyyətini müstəqil şəkildə yönləndirmək iqtidarında olmadığını təsdiq edir. Məhz bu səbəbdəndir ki, həmin ekspert rəyinə əsasən mülki məhkəmə icraatı çərçivəsində iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs qismində tanınmış və aidiyyəti qurumun qərarı ilə ona qəyyum təyin edilmişdir. Bu hüquqi fakt özü-özlüyündə təsdiq edir ki, iddiaçıda mövcud olan xəstəlik yalnız diaqnostik səviyyədə deyil, həm də hüquqi qiymət kəsb edən ağır nəticələr doğuracaq dərəcədə dərindir. Nəticə etibarilə, iddiaçının psixi vəziyyətinin ağırlığı məhz “əqli gerilik” diaqnozunun ağır formasına uyğun gəldiyi halda, cavabdeh qurumun imtina qərarının “diaqnoz təsdiqini tapmır” kimi əsası olmayan arqumentlərlə əsaslandırılması qəbuledilməzdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar həm prosessual, həm də mahiyyəti etibarı ilə əsassız olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş hər iki inzibati akt ləğv olunmalı, inzibati aktların hüquqi nəticələri aradan qaldırılaraq ona əlillik dayandırıldığı tarixdən bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid olan hissədə ləğv edilsin İddiaçı əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar